Heydər Əliyev daim xalqının mənafeyinin müdafiəsinə tam sadiq idi

Latviyanın “icelo.tv” portalında bu ölkənin sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın Ümummilli Lider Heydər Əliyev ilə bağlı fikirləri dərc olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ulu Öndərlə bağlı xatirələrini bölüşən Vayra Vike-Freyberqa Ümummilli Lider Heydər Əliyevin ölkəsinə sonsuz məhəbbət bəslədiyini və xalqının mənafeyini müdafiə etməyə tam sadiq olduğunu bildirib: “Latviya Prezidenti olmuş bir şəxs kimi mən də Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə Azərbaycan tarixində özünəməxsus yeri olan bu görkəmli şəxsiyyətlə birbaşa şəxsi təmasda olmaq şərəfinə nail olmuş şəxslərin qrupuna qoşuldum. O, həqiqətən də qeyri-adi, səmimi insan idi. Heydər Əliyev 1991-ci ilin dekabrında Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini elan etmiş və ya bərpa etməkdə olan bütün ölkələrin üzləşdiyi problemlərə dair dərin təhlillərini bizimlə səxavətlə bölüşürdü”.

Azərbaycanın müstəqilliyinin əvvəllərində üzləşdiyi böhran və fəlakətləri Heydər Əliyevin zəngin təcrübəsi sayəsində geridə qoyduğunu vurğulayan sabiq Prezident qeyd edib ki, o, müstəqillik, sabitlik və sosial dəyişikliklər yolu ilə sürətlə irəliləyən ölkəsinin gələcəyini aydın şəkildə görürdü. Vayra Vike-Freyberqa Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı ədalətin, iqtisadi inkişafın, dini tolerantlığın bərqərar olduğu müasir dövlətə çevirdiyini vurğulayıb: “Heydər Əliyev ölkəsini sarsılmaz məhəbbətlə sevirdi və xalqının mənafeyini müdafiə etməyə tam sadiq idi. Bu, Azərbaycan xalqının gələcək nəsillərinin nümunə götürməsi üçün layiqli mirasdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə