Birləşmiş Ərəb Əmirliklərinə səfər ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcək ŞƏRH

Birləşmiş Ərəb Əmirliklərinə səfər ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcək ŞƏRH

Məlum olduğu kimi, yanvarın 15-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib.Səfər çərçivəsində dövlər başçımız Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlıq Həftəsinin rəsmi açılış mərasimində iştirak edib. Bu gün ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya ölkələri ilə fəal əməkdaşlıq münasibətləri qurur. Bu baxımdan ərəb ölkələri ilə əlaqələrin inkişafı da xüsusi vurğulanmalıdır. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir. Şübhəsiz ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcək.

Bu gün Azərbaycanla BƏƏ arasında əməkdaşlıq bütün sahələrdə ən yüksək səviyyədədir. Dövlət qurumları arasında 30-a yaxın müvafiq sənədlər imzalanıb. Beynəlxalq platformalarda hər iki dövlət bir-birinə yüksək səviyyədə dəstək nümayiş etdirir, BƏƏ həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.

Qeyd edək ki, BƏƏ Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabr ayında tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrında qurulsada, yalnız ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə, 1997-ci ildə qəbul olunmuş qanuna əsasən respublikamızın BƏƏ-də səfirliyi təsis edilmişdir. Ölkələrimiz arasında münasibətlərin müqavilə-hüquq bazası əsasında inkişafı isə cənab prezidentin rəhbərliyi dövründə daha dinamik fazasına keçid almışdır. Qeyd edək ki, 2003-cü ildən sonrakı dövr ərzində ölkələrimiz arasında bir çox əhəmiyyətli sahələri əhatə edən onlarla razılaşma, saziş, anlaşma memorandumu və digər vacib sənədlər imzalanmışdır.

Ölkə başçısının Əbu-Dabidə keçirilmiş möhtəbər beynəlxalq tədbirdə etdiyi çıxışında diqqət mərkəzinə gətirdiyi məqamlar Azərbaycan və BƏƏ arasında əlaqələrin bundan sonrakı əsas inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Əbu-Dabi Dayanıqlıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edən cənab prezident ölkələrimiz arasında münasibətlərin mühüm məqamlarına bir daha toxunaraq vurğuladı ki, Azərbaycan və BƏƏ - nin dövlət başçıları arasında bir gün öncə keçirilmiş görüş dövlətlərarası münasibətlərimizin bir çox sahələrdə, daha yüksək mərhələyə keçid aldığını təsdiqləyir. Həmçinin möhtərəm prezidentimiz Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsinə dair həyata keçirilən layihələrdə əsas hədəfin heç də ölkənin daxili enerji təhlükəsizliyinin təmin edilməsi olmadığını diqqətə çatdırdı. Prezident Azərbaycanın bu məsələnin hələ bir neçə il bundan əvvəl həll etdiyini bildirdi. Ölkə rəhbərinin vurğuladığı kimi, bu gün ölkəmiz nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam neftin, neft məhsullarının və elektrik enerjisinin qonşu dövlətlərə və Avropaya ixracatçısı kimi çıxış edir. Həmçinin, dövlətimizin başçısı bərpaolunan enerji ilə bağlı dövlət proqramlarının tamamilə fərqli gündəliyə malik olduğunu vurğulayaraq bildirdi ki, ilk növbədə, bu layihələr Azərbaycanın nəhəng potensialı nəzərə alınmaqla, eyni zamanda enerji ixracının şaxələndirilməsini nəzərdə tutur. Bu baxımdan, Azərbaycan Dövlət Neft Şirkəti ilə BƏƏ-nin “Masdar” şirkəti arasında yanvarın 15-də dörd sənədin imzalanması mühüm addımdır. Bu sənədlər “Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair anlaşma”, “Bərpa olunan enerji və enerji səmərəliliyi”, “Bərk məişət tullantılarından enerji istehsalı”, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahələrində əməkdaşlığa dair” anlaşma Memorandumlarıdır. Dövlət başçımızın qeyd etdiyi kimi, “Masdar” ilə əməkdaşlıq Azərbaycanın yaşıl enerjinin çox mühüm ixracatçısına çevirəcəkdir.

Beləliklə, cənab Prezidentin bu beynəlxalq tədbirə dəvət olunması Azərbaycanın müsəlman və türk dünyasındakı roluna, regional əhəmiyyətinə verilən qiymətlə yanaşı, dövlətimizin başçısının və Azərbaycanın dünyada artan nüfuzunun göstəricisi kimi tarixə qovuşdu.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə