Paşinyanın Davos qorxusu və bənzər reallıqlar SİYASİ RAKURS+AKTUAL
Suren Surinyants: “Danışıqlardan qaçmaqla siz nəyə gətirib-çıxarmaq istəyirsiniz? Yoxsa yenidən cavan oğlanları qurban verərək xalqın sizi xəyanətkar adlandırmamağınızı istəyəcəksiniz?”
Ermənistanın baş naziri Nikol Paşinyanın Davod İqtisadi Forumuna getməməsinin ardınca ölkəsində növbəti bir hadisənin – Azərbaycanla delimitasiya olunmamış sərhəd yaxınlığında, Ağkilsə istiqamətində hərbi kazarmanın güclü yanğına məruz qalması və 15 erməni hərbçisinin yanaraq kül olması ölkədaxili vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Lakin sözügedən məsələlərin ardıcıllıq prinsiplərinə söykənərək sözügedən mövzunu daha geniş təfsilatda araşdıraq.
Beləliklə, Paşinyan Davosa getmədi və bu, onun sayca ikinci dəfə belə bir mötəbər tədbirdən imtina etməsidir. Artıq Ermənistandakı siyasi ictimai rəy də belə bir qənaətə gəlməyə başlayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Davosda ölkəsi üçün bütün müsbət məqamlardan istifadə edir, Azərbaycanın yalnız iqtisadi deyil, həm də siyasi mövqelərini bu və ya digər formalarda möhkəmləndidir, yeni partnyorlarla münbit əlaqələr qurur, regional əməkdaşlıq istiqamətində daha müfəssəl mexanizmləri işə salır, Ermənistanın baş naziri isə nəinki öz yerində addımlayır, əksinə ölkəni daha dərin uçuruma doğru sürətlə yuvarlandırır.
Erməni siayasətçisinə görə, Ararat Mirzoyan gecikmiş bəyanatla çıxış edir və görüntü yaratmağa çalışır ki, guya İrəvan beynəlxalq ictimaiyyətin çağırışlarını izləyir və intensiv danışıqlar aparmağa hazırdır
Məsələ ondadır ki, bu mövzu ilə bağlı Ermənistanın “Demokratik alternativ” partiyasının siyasi şurasının sədri Suren Surinyants özünün Facebook səhifəsində bir sıra diqqət çəkən məqamlara toxunub. Onun fikrincə, artıq Paşinyanın Davosa getməməsinin səbəbləri yavaş-yavaş üzə çıxmağa başlayıb. SİTAT: “O, bu dəfə Qabriaşvilinin (Gürcüstanın baş naziri-R.R.) İlham Əliyevlə üçtərəfli görüşmək təklifini rədd edib”.
Erməni siyasətçisi xatırladıb ki, İlham Əliyev Davosdan Paşinyanı danışıqlardan yayınmaqda ittiham etdiyi bir zamanda, xarici işlər naziri Ararat Mirzoyan gecikmiş bəyanatla çıxış edir və guya görüntü yaratmağa çalşır ki, guya İrəvan beynəlxalq ictimaiyyətin çağırışlarını izləyir və intensiv danışıqlar aparmağa hazırdır. Suren Surinyants qeyd edib. SİTAT: “Belə bir münasibətlə danışıqlardan qaçmaqla siz nəyə gətirib-çıxarmaq istəyirsiniz? Yoxsa yenidən cavan oğlanları qurban verərək xalqın sizi xəyanətkar adlandırmamağınızı istəyəcəksiniz?”.
Bəli, Surinyants doğru nəticə çıxarır ki, əgər Ermənistanın mövcud hakimiyyəti danışıqlardan yayınmağa davam edəcəksə, üzərinə düşən məsuliyyəti dərk etməyəcəksə rəsmi Bakı buna çox səbr və təmkin nümayiş etdirməyəcək.
Yeri gəlmişkən, erməni siyasətçi bu fikirlərini şərh edərkən çox yəqin ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkə jurnalistlərinə verdiyi son müsahibəsindəki “2023-cü il Ermənistanın seçimi üçün son il olacaq” bəyanatını da xatırlayıb.
Boris Murazi: “Məhz hakim gücün günahı ucbatından bizim əsgərlər belə bir şəraitlə üz-üzə qalıblar”
Qaldı ki, Paşinyanın xəyanətinə, əslində, yuxarıda qeyd etdiyimiz kimi, Paşinyan və onun hökuməti onsuz da əsgərlərini bu və ya digər şəkildə qurban verməkdə davam edirlər – hətta qeyri-döyüş şəraitində. Buna misal olaraq tarixi Qərbi Azərbaycan torpaqlarında, Ağkilsədə yanan kazarma faktı da buna sübutdur. Bunu isə yalnız biz demirik, elə digər erməni siyasətçiləri də bildirirlər.
Məsələn, erməni siyasi yazarı, Politik.am saytının redaktoru Boris Murazi 5-ci kanalın “İntevyu” proqramına müsahibəsində deyib. SİTAT: “Məhz hakim gücün günahı ucbatından bizim əsgərlər belə bir şəraitlə üz-üzə qalıblar”.
Murazi bildirib ki, hərbi qulluqçuların valideynləri hərbi hissələrə gedərək övladlarının hansı şəraitlərdə hərbi xidmət keçmələrini yoxlamalıdırlar. Onun sözlərinə görə, 2020-ci ildən sonra cəbhə xəttində formalaşdırılmış orduda xidmət keçən hərbi qulluqçular dəhşətli şəraitdə yaşayırlar.
Erməni hərbi eksperti Karen Vratnesyan isə bildirib ki, əslində dünyanın istənilən ordularında faciəvi hadisələr yaşanır. Lakin mövcud vəziyyətdə söhbət yanlışlıqdan getmir, əksinə, ortada bütövlükdə Ermənistanın müdafiə sisteminin deqradasiyaya uğraması faktı mövcuddur. Ekspert bildirib ki, bütün bunların arxasında Nikol Paşinyanın uğursuz kadr siyasəti, habelə silahlı qüvvələrin bir institut olaraq qəsdən zəiflədilməsi hədəfi dayanır.
Beləliklə, fakt budur ki, erməni ictimai-siyasi rəyində baş nazir bütün cəhətlərdən hədəfə alınıb və bu baxımdan, onun istər Davos İqtisadi Forumuna getməməsi, istərsə də kazarmada baş verən dəhşətli yanğın olayı bir-birindən fərqlənməyən reallıqdır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB