Avropanın enerji təhlükəsizliyinin təminində etibarlı və dayanıqlı tərəfdaş TƏHLİL
Prezident İlham Əliyev: "Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir"
44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan gələcək inkişaf strategiyasını dövrün tələblərinə uyğun olaraq müəyyənləşdirib. Uzaqgörən qərarları ilə Azərbaycan Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir irimiqyaslı layihələri ilə müasir dünyamızda dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. İqtisadi cəhətdən qüdrətli dövlətə çevrilən ölkəmizin coğrafi mövqeyi, böyük tranzit potensialı, nəhəng regional layihələri, eləcə də əlverişli biznes mühiti dünya ölkələri ilə qarşılıqlı etimad əsasında əməkdaşlığın qurulmasında mühüm amillər sırasındadır. Azərbaycanda iqtisadiyyatın intensiv inkişaf edən nəqliyyat sektoruna xüsusi önəm yetirilir. "Şimal-Cənub", "Şərq-Qərb" və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi layihələrin həyata keçirilməsi mühüm töhfələr verir. Böyük İpək yolunun yenidən canlandırılmasına yönələn Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu olan Orta Dəhliz təkcə Azərbaycana deyil, bütün dünyaya böyük perspektivlər açır. Yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilən "Orta Dəhliz" Qərb və Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında moderatorunun suallarını cavablandırarkən Orta Dəhlizin üstünlüklərindən biri kimi bu nəhəng layihədə iştirak edən ölkələrin öz aralarında yaxşı münasibətlərə malik olduqlarını bildirib: "Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır". Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımızın 25 milyon tona qədər genişlənəcəyini bildirən dövlət başçısı bunun üçün artıq vəsait ayrıldığını qeyd edib: "Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur".
"BAKIDA DƏNİZ LİMANININ YAXINLIĞINDA YERLƏŞƏN AZAD ZONANIN AÇILIŞI OLACAQ"
Prezident İlham Əliyevin yorulmaz siyasi fəaliyyəti və qətiyyətli mövqeyinin məntiqi nəticəsidir ki, siyasi müstəvidə dövlətlərarası münasibətlər yüksək formalaşıb ki, bu da iqtisadi və digər sahələrdə əlaqələrin daha da gücləndirilməsinə müsbət təsirini göstərməkdədir. Əlbəttə ki, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizində artan rolu tərəfdaşlığımızı möhkəmləndirir. "Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir", - deyən Cənab Prezident bizim üçün bunun əhəmiyyətinin yeni iş yerləri və yerli istehsalatla bağlı olduğunu bildirib: "Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Hesab edirik ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Ümidvarıq ki, bu azad zona istehsal yeri və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq. Biznes mühitinin təkmilləşdirilməsi, sözsüz ki, uğurun əsas amillərindən biridir, çünki dünyanın bütün ölkələrinin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var… Düşünürəm ki, bu, həqiqətən də unikal vəziyyətdir, zənnimcə qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir". Məlumdur ki, ölkələrarası bir neçə üçtərəfli əməkdaşlıq formatı mövcuddur. "Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub" – deyən Cənab Prezident bunun artıq bəhrəsini gördüyümüzü bildirib: "Biz enerji layihələrindən başladıq - istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmalıdır. Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı qorunub saxlanıldı. Əslində, nisbətən bu yaxınlarda qurduğumuz, indi Azərbaycandan, Gürcüstandan, Türkiyədən Avropaya qədər uzadacağımız dəmir yolu əlaqələri bizim neft-qaz kəmərləri layihələrinin uğurlu icrasından qaynaqlanıb. Beləliklə, düşünürəm ki, dəhlizin bu tərəfində bütün məsələlər həll olunub".
"2027-Cİ İLƏ QƏDƏR TƏCHİZATI İKİ DƏFƏ ARTIRACAĞIMIZ NƏZƏRDƏ TUTULUR"
"Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan suallar sırasında enerji ilə bağlı fikirlər də maraq doğurur. Bildiyimiz kimi Azərbaycan Avropaya enerjinin təchizatını artırıb. Bu möcüzə kimi dəyərləndirilib. "Lakin bu il üçün və strateji olaraq növbəti onillik üçün həm qazla, həm də Azərbaycanın yaşıl enerji ilə bağlı planları haqqında düşüncələriniz barədə bizə məlumat verə bilərsinizmi?" sualını Cənab Prezident ətraflı şəkildə və reallıqlar çərçivəsində diqqətə çatdırıb. Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi biz dərhal müxtəlif istiqamətlər üzrə işləməyə başladıq, deyən dövlətimizin başçısı bildirib ki, birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsini nəzərdə tuturam. Azərbaycanın 2021-ci ildə Avropa bazarına ixracı təqribən 8 milyard kubmetrdən çox olub. Bu il isə ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Ümumi həcm isə 24 milyard kubmetrdir. "Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur" – deyən Cənab Prezident Avropa İttifaqına təchizatın minimum 20 milyard kubmetr səviyyəsində olacağını qeyd edib: "Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi. Eyni zamanda, biz Limakın da töhfə verdiyi yeni layihəni - TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. Təsəvvürünüzə gətirin, TAP yalnız iki il bundan əvvəl açılmışdır. Biz düşündük ki, bu, Avropa üçün uzun müddətə tələb edilən həcm olacaq".
ENERJİ SİYASƏTİMİZİN YENİ FƏSLİ
Ölkəmizdə yaşıl enerji ilə bağlı potensialın çox böyük olması diqqəti çəkən məqamlardan biridir. Xəzər dənizinin külək potensialı 157 qiqavat və qurudakı potensial 27 qiqavatdır. İşğaldan azad olunan ərazilərimizdə isə 10 qiqavat potensial vardır. Ötən ilin dekabrında Azərbaycan Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalayıb ki, bunun da gücü 4 qiqavatdır. "Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. Hazır olduqdan sonra biz maliyyələşmənin strukturu barədə düşünəcəyik və əlbəttə ki, Avropa maliyyə institutlarının dəstəyinə ehtiyac olacaq. "Masdar"la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. "Fortescue Future Industries"lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu, həqiqətən də enerji siyasətimizin yeni fəslidir. Neftlə, qazla bağlı işlər yekunlaşıb. Elektrik enerjisi, yaşıl hidrogen və bütün bunlar bizim planlarımızda var" – deyə Prezident bildirib.
Zəngin potensiala malik olan Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələri dünya ölkələrinin diqqətindədir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB