“Bugünkü Azərbaycan 1990-cı ilərin Azərbaycanı deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bugünkü Azərbaycan 1990-cı ilərin Azərbaycanı deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“1990-cı ilin 20 Yanvar hadisəsi Azərbaycan xalqının tarixində qəhrəmanlıq səhifəsi, eyni zamanda ibrət dərsidir. Yetmiş il ərzində hər bir azərbaycanlı üçün SSRİ deyilən bir vətən, paytaxtı Moskva olan bir ölkə var idi. Sovet ordusunu isə hər bir azərbaycanlı öz ordusu bilirdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov bildirib.

Onun sözlərinə görə, 20 Yanvar hadisəsi göstərdi ki, SSRİ adlanan nəhəng imperiya heç bir zaman bizə vətən olmayıb: “Eyni zamanda 20 Yanvar hadisəsi Azərbaycanın haqqını müdafiə edən demək olar ki, heç bir dövlətin olmadığını göstərdi. Ermənilərin isə kifayət qədər havadarları var idi. Ən dəhşətlisi isə o idi ki, Sovet dövləti iki müttəfiq respublika, iki xalq arasında münasibətləri yaxşılaşdırmaq əvəzinə, erməniləri müdafiə edir və Azərbaycanın tarixi torpaqlarını istənilən yol ilə ermənilərə vermək istəyirdi. Bu qanlı hadisə zamanı başa düşdük ki, hakimiyyət və xalq ayrı-ayrı qüvvələrdir. Xalq öz haqqını tələb edir, hakimiyyət isə Moskvanın nə deyəcəyini düşünür. Bu hadisə bütün dünyaya bir daha Azərbaycan xalqının qəhrəman xalq olduğunu sübut etdi. Bizim xalqımız hər zaman əliyalın şəkildə tankların qarşısına çıxmağa hazır idi.

20 Yanvar SSRİ-nin dağılmadığı, Azərbaycanın onun tərkibində olduğu bir dövrdə baş verdi. Bugünkü Azərbaycan isə 1990-cı ilərin Azərbaycanı deyil. Bugün Azərbaycan güclü, beynəlxalq aləmdə öz sözünü demiş və öz suverenliyini, torpaq bütövlüyünü təmin etmiş bir dövlətdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə