"YENİ ÇAĞIRIŞLAR, YENİ PROBLEMLƏR VƏ YENİ İMKANLAR VAR" TƏHLİL

"YENİ ÇAĞIRIŞLAR, YENİ PROBLEMLƏR VƏ YENİ İMKANLAR VAR" TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyev: "30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir". Azərbaycan və Çin arasında tarixən ticarət və mədəni əlaqələr mövcud olmuşdur. Çindən başlayan Böyük İpək yolu Azərbaycandan keçməklə Qafqaza və oradan Qara dəniz vasitəsilə Avropaya qədər uzanmışdı. Bu tarixi bağlılıq dəyişən dünyanın siyasi proseslərində əhəmiyyətini itirməmiş, ölkəmiz SSRİ-nin tərkibində olduğu vaxtlar belə Çinlə münasibətlər qorunub saxlanmışdır. Tarixdən bəllidir ki, XX əsrin 50-ci illərində neft, geologiya və s. sahələr üçün mütəxəssislərin hazırlanması daxil olmaqla müxtəlif sferalarda özünü göstərmişdir. Dünyanın ən böyük dövlətlərindən biri olan Çin dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycanla bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.Xatırladaq ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılmasını qərarlaşdırıb. İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etmişdir.

1994-cü il 7-10 mart tarixində Azərbaycan Rspublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuş, Prezident Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin, Baş naziri Li Pen ilə rəsmi görüşlər keçirmişdir. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanmışdır. Azərbaycanın istiqlaliyyətinin elan olunması və Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açmışdır. Bu əlaqələr sabit və sağlam əsasda inkişaf edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verərkən bildirdiyi kimi, "Bizim çox yaxşı münasibətlərimiz var. Çin və Azərbaycan yaxşı dostlardır. Mənim Sədr Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub".

Qurulan əlaqələr qarşılıqlı etimada əsaslanır

Dövlətimizin başçısı əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulduğunu bildirərək 30 il ərzində davam edən siyasi münasibətlərin artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirdiyini diqqətə çatdırıb: "Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır".
Əlbəttə ki, Mərkəzi və Şərqi Asiyada böyük bir dövlət olan Çin tarixin bütün mərhələlərində dünyada öz yeri, mövqeyi və təsiri olan ölkə kimi diqqəti cəlb etmişdir. Onunla qədim sivilizasiyalardan biri hesab edilən, Çindən məsafəcə uzaqda yerləşən Azərbaycan arasında qurulan əlaqələr qarşılıqlı etimada əsaslanır.
Qloballaşan dünyada Azərbaycan və Çin arasında ildən-ilə iqtisadi əlaqələrimiz genişlənir. İkitərəfli əlaqələrimizdə iqtisadi münasibətlərin inkişaf səviyyəsinin yüksəlməsi bu gün hər iki dövlətin geniş potensialının tam şəkildə istifadəsinə real şərait yaradır. "Bir kəmər, bir yol" təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi" – deyən Prezident bildirib ki, Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq: "Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri - avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi".

"BƏRPAOLUNAN ENERJİ MƏNBƏLƏRİ BİZİM ÜÇÜN İNDİ ƏSAS PRİORİTETLƏRDƏN BİRİNƏ ÇEVRİLİB"

Azərbaycan iqtisadiyyatının lokomotivi olan neft sektoruna Çin şirkətləri də böyük maraq göstərir. 2018-ci ildə SOCAR-la Çin Milli Neft Şirkətinin (CNPC) törəməsi olan "BGP Inc." şirkəti arasında birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsi imzalanıb. BGP-nin əsas fəaliyyət sahələrinə quruda, keçid zonasında və dənizdə kəşfiyyat işlərinin aparılması, o cümlədən mürəkkəb əməliyyatlar aparmaqla seysmik məlumatların əldə edilməsi, emalı və interpretasiyası, seysmik avadanlıqların istehsalı və əlaqədar informasiya-kommunikasiya texnologiyaları (İKT) xidmətlərinin göstərilməsi daxildir. SOCAR-ın Bakının Qaradağ rayonu ərazisində inşa etdiyi Neft-qaz emalı və Neft-kimya Kompleksi (OGPC) layihəsində CNPC-nin iştirakı və payçı kimi qoşulması da gözlənilir. SOCAR və CNPC arasında 2016-cı ildə bu sahədə Anlaşma Memorandumu imzalanıb.
2019-cu ilin 24-27 aprel tarixlərində Azərbaycan prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 2-ci "Kəmər və Yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək məqsədilə Çinə səfər edib. Bu beynəlxalq forum çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb. Bunlar Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına, "Azerbaijan Digital HUB" proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasına, Azərbaycan istehsalı olan şərab və digər spirtli içkilərin Çinə ixracına, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair sənədlərdir.
Cənab Prezident müsahibəsində Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə edərək bildirib ki, Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Beləliklə, biz bu səyləri birləşdirməliyik: "Bizim prioritetlərə gəldikdə, bərpaolunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Çünki Avropada baş verən yaşıl enerjiyə keçiddən xəbərimiz var. Eyni zamanda, Azərbaycan neft və təbii qazın təchizatçısıdır. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq. Dediyim kimi, biz ilkin sənədləri imzalamışıq. Əlbəttə ki, müqavilələr gələcəkdə imzalanacaq. Lakin bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var".
Mövcud münasibətlər ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə, eləcə də beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığımıza söykənir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə