Azərbaycan tarixinin şanlı səhifəsi olan 1990-cı ilin 20 Yanvar faciəsindən 33 il ötür. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılıb. Bu faciəni nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə, böyük qürur hissi keçiririk. Həmin gün 200 ilə yaxın imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi.1990-cı ilin 20 Yanvar faciəsi öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı birləşdirən səhifəsi, Azərbaycanın sonrakı taleyinə çox böyük təsiri olan dönüş anıdır.
Keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun Dağlıq Qarabağ Muxtar Vilayətini müxtəlif vasitələrlə Azərbaycan SSR-nin nəzarətindən çıxarmaq və Ermənistan SSR tərkibinə qatmaq, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə qarşı böhtan kampaniyasına başlamaqla onu xalqın gözündən salmaq siyasəti, SSRİ-nin Azərbaycan xalqına qarşı ayrıseçkilik siyasəti, Sumqayıt hadisələri, Dağlıq Qarabağdakı hadisələr 1988-ci ildə milli-azadlıq hərəkatının başlanmasına güclü təkan verdi. Xalqımız öz azadlığını və istiqlaliyyətini SSRİ-dən ayrılaraq müstəqil Azərbaycan dövlətini qurmaqda görürdü.
1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili işlər nazirliklərinin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə soxuldu. Yanvarın 19-dan 20-nə keçən gecədən etibarən, "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərmanı imzalamaqla keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov İttifaq Konstitusiyasını kobud şəkildə pozmuşdu. Yanvarın 19-da SSRİ DTK-nın "Alfa" qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladıldı. Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat verilmədi.
20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. Həmin gecə Bakıda 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Fövqəladə vəziyyətin yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən, birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Bakı əməliyyatı"na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçiriblər. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçib, ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtmışdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5,6 milyon rubl miqdarında maddi ziyan vurulmuşdu.
Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır bir vaxtda ulu öndər Heydər Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov başda olmaqla sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat vermişdi. Ümummilli lider Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etmişdi. 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi. 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Azərbaycan parlamenti "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi, məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. 20 Yanvar faciəsi ilə əlaqədar olaraq Ümummilli lider Heydər Əliyevin 1998-ci il avqustun 5-də Bakı şəhərindəki Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidə kompleksinin ucaldılması barədə Sərəncamı 20 Yanvar faciəsinə öz siyasi-hüquqi qiymətini verdi. Kompleksin üzərində faciə zamanı həlak olmuş 147 nəfərin adı və soyadı həkk olunub. Şəhidlər Xiyabanı ərazisində yer almış bu abidə 8 guşəli ulduz üzərində dayanan sərdabədən ibarətdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunmuşdu. Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilməsi ilə bağlı ardıcıl dövlət siyasəti həyata keçirilmişdir. Bu gün də ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinin sosial müdafiəsi istiqamətində ardıcıl tədbirlər reallaşdırılır. Bu günlərdə Möhtərəm Prezident tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə ödənilən prezident təqaüdünün miqdarının artırılması, məhz bu siyasətin növbəti təzahürüdür.1990-cı ilin 19-20 yanvar tarixlərində Azərbaycan xalqı bütün dünyaya qətiyyətlə nümayiş etdirdi ki, heç bir qüvvə bizim milli azadlıq uğrunda mübarizə əzmimizi qıra bilməz.Bütün Şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən uca tutulur, həmişə qəlbimizdə yaşayacaq. Qəhrəman Vətən övladlarının mübarizə yolu gələcək nəsillər üçün əsl örnəkdir.
SALEH MƏHƏRRƏMOV,
YAP Oğuz rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB