Tehran, Evin həbsxanası: Allahın “duymayacağı” adlandırılan yer üzünün cəhənnəmi! ANALİTİK+ÖZƏL

Tehran, Evin həbsxanası: Allahın “duymayacağı” adlandırılan yer üzünün cəhənnəmi! ANALİTİK+ÖZƏL

Dəhşətli işgəncələrə məruz qalan məhbuslar özlərinə tez bir zamanda ölüm arzulayırlar, çünki azadlığa çıxmaq şansı demək olar ki, sıfıra bərabərdir...

Ötən il oktyabr ayının 15-də xarici KİV-lər iranlı jurnalistlərə istinadən xəbər yaydılar ki, İranın paytaxtı Tehran şəhərində, Əlburz dağlarının ətəyində yerləşən və iranlılar arasında “gedişi olan dönüşü olmayan həbsxana” kimi adlandırılan Evin həbsxanasında yanğın baş verdi. İlkin məlumatlardan bəlli oldu ki, həbsxana orada cəza çəkən məhbusların qiyamları nəticəsində yandırılıb. Bu hadisədə 10-a yaxın məhbus həyatını itirib. Dünya mətbuatının diqqətini çəkən hadisənin təfərrüatı barədə isə İranın müvafiq qurumları tərəfindən rəsmi hər hansı açıqlama verilmədi.

Qeyd edək ki, İranın Tehran şəhərinin Evin məhəlləsində yerləşən həbsxana 1972-ci ildə Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə tikilib. Həbsxana 1979-cu ildə baş verən İslam İnqilabından əvvəl və sonra siyasi məhbusların saxlanıldığı əsas yer olub. Həbsxananın ərazisində edam meydançası, məhkəmə zalı və ümumi cinayətkarlar və qadın məhbuslar üçün ayrıca kameralar mövcuddur. Adıçəkilən həbsxana əvvələr şahın təhlükəsizlik və kəşfiyyat xidməti olan SAVAK tərəfindən idarə edilib. Cəzaçəkmə müəssisəsi ilkin olaraq 320 məhbusun yerləşdirilməsi üçün nəzərdə tutulub. İranda siyasi hakimiyyət dəyişdiriləndən və İslam Respublikasına çevriləndən sonra isə Evinin ərazisi daha genişləndirilərək 15 min məhbusun saxlanılması üçün təmin edilib.

Daha bir diqqətçəkən məlumat ondan ibarətdir ki, kifayət qədər böyük əraziyə malik kompleks tipli həbsxanada qondarma ittihamlarla üzləşən çoxlu sayda siyasi, o cümlədən ikili vətəndaşlığı olan məhbuslar cəza çəkir. Bura həmçinin yer üzünün cəhənnəmi kimi də adlandırılır və uzun müddətdir ki, dünyanın bir sıra beynəlxalq hüquq müdafiəçiləri qrupları, habelə təşkilatları tərəfindən tənqid edilir. O cümlədən, 2018-ci ildə ABŞ hökuməti adıçəkilən cəzaçəkmə müəssisəsini "ciddi insan haqları pozuntularına" görə qara siyahıya salaraq Evini insan hüquqlarının pozulduğu ən dəhşətli həbsxana olaraq qiymətləndirib.

İkili vətəndaş faktoru İranın ədliyyə sistemi üçün heç nə kəsb etmir – hətta ikili vətəndaşlar da edam olunurlar!

Bəllidir ki, bir sıra ölkələrdə ikili vətəndaşlıqları olan şəxslərin hökmlərinə xüsusi həssaslıqla yanaşılır və müvafiq qərarların verilməsi üçün onun digər ölkənin vətəndaşı olması nəzərə alınır və s. Lakin İran rejimi bu humanizm prinsipinə də qətiyyən əməl etmir. Bu kimi faktlar isə kifayət qədərdir.

Məsələn, ABŞ və İran vətəndaşlığı olan iş adamı Siamak Namazi 2015-ci ildə Tehranda ailəsini ziyarət edərkən İnqilab Keşikçiləri (SEPAH) tərəfindən saxlanılıb. O, 2016-cı ildə casusluq və ABŞ hökuməti ilə əməkdaşlıq ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib.

Digər siyasi məhbus - Emad Şərqi 2017-ci ildə həyat yoldaşı ilə birlikdə ABŞ-dan İrana köçüb. İran əsilli amerikalı iş adamı ilk dəfə 2018-ci ildə texnoloji investisiya şirkətində işlədiyi zaman həbs edilib. O, səkkiz aydan sonra zaminə buraxılıb, ancaq ölkəni tərk etməsinə icazə verilməyib. 2020-ci ilin noyabrında məhkəmə onu casusluqda ittiham edib və 10 il müddətinə həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, ötən ilin sentyabrından başlayan və bu günə qədər davam edən iğtişaşlar nəticəsində İran vətəndaşları kütləvi edamlara məruz qalmaqla yanaşı, ikili vətəndaşlığı olan əslən iranlı olan Böyük Britaniya vətəndaşı Əlirza Əkbəri də edam olunub. Əkbəri "korrupsiya və Britaniya hökumətinin kəşfiyyat xidməti üçün casusluq yolu ilə ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı geniş fəaliyyət göstərməkdə" ittiham edilərək edam cəzasına məhkum edilib. Edamın nə vaxt icra olunduğu açıqlanmır, bəzi xəbər agentlikləri bunun bir neçə gün əvvəl ola biləcəyini yazırlar. Artıq Britaniya hökuməti rəsmən öz etirazını bildirib və İrana qarşı addımlar atacağını bəyan edib. Əlirza Əkbəri 2008-ci ildə İranda qısa müddətə saxlanıldıqdan sonra Britaniyaya köçüb. Onun 2019-cu il yenidən İrana qayıtdıqdan sonra həbs olunduğu güman edilir.

Böyük Britaniyanın baş naziri Rishi Sunak Tvitter hesabında Əkbərinin edam edilməsi ilə bağlı xəbərlərə yanvarın 14-də reaksiya verib. O, bu edamı "öz xalqının insan haqlarına hörmət etməyən barbar rejim tərəfindən həyata keçirilən vəhşi və qorxaq hərəkət" adlandırıb.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli yanvarın 14-də tvitində yazıb ki, "Bu barbar hərəkət ən sərt şəkildə qınanmağa layiqdir. Bu, etirazsız qalmayacaq".

Həmin bəyanatlardan sonra Böyük Britaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. "Britaniya hökuməti İranın milli təhlükəsizliyinə hücuma səbəb olan qeyri-ənənəvi rabitənin qurulmasına görə cavabdeh olmalıdır", nazirliyin yaydığı bəyanatda vurğulanır.

Vatikandan etiraz!

Qeyd edək ki, Roma papası Fransisk İranda etirazçıların edamlarını qətiyyətlə pisləyib və “qadınlara daha ləyaqətli münasibət tələb edən” antihökumət nümayişlərinə haqq qazandırıb. Belə ki, Associated Press xəbər agentliyinin yazdığına görə, Papa bu bəyanatları Vatikanda akkreditə olunmuş səfirlərin qarşısında etdiyi ənənəvi illik çıxışında verib. O, vurğulayıb ki, kilsə abortlara qarşı olduğu kimi, həm də edamlara qarşıdır. Onun sözlərinə görə, bunların ikisi də həyat hüquqi kimi təməl hüquqdan məhrum edir. “Ölüm cəzasından dövlət ədliyyəsi məqsədilə istifadə oluna bilməz, çünki bu, nə çəkindirici rol oynayır, nə də qurbanlar üçün ədalət gətirir, əksinə qisas hissini alovlandırır”, deyə o bildirib.

Xatırladaq ki, İranın ali rəhbəri ayətullah Əli Xameneyi yanvarın 9-da demişdi ki, ictimai yerlərə od vuranlar “şübhəsiz dövlətə xəyanət edənlərdir” və belə hərəkətlər İslam Respublikasında ölümlə cəzalandırılır. O İranda davam edən kütləvi etirazların “xarici düşmənlər” tərəfindən qızışdırıldığına dair iddialarını bir daha təkrar edib. Beləliklə, Xameneyinin bu bəyanatları hakimiyyəti həbs edilmiş etirazçılara daha ağır cəzaların verilməsinə sövq edə bilər.

Qadınlara qarşı amansız vəhşiliklər – Evin həbsxanasında nə baş verir?

“İran qadınlarının iniltisi: Məhbuslar həbsxanalardakı dəhşətli şəraitdən danışırlar…”. SİA xəbər verir ki, bu barədə BBC yazır. Həsən Kassem adlı jurnalistin yazdığı geniş tərkibli məqalədə bir sıra dəhşətli məqamlara toxunulur. Bildirilir ki, 2022-ci ilin sentyabrında İranda etirazlar başlayandan sonra Qolianın kitab götürdüyü həbsxana qanadı sorğu-sual və işgəncə korpusuna çevrilib. Həmin məqalədəki bir sıra diqqəti cəlb edən faktları sadalayaq.

Müəllif yazır ki, İran etirazları zamanı hakimiyyətin məhbusları göndərdiyi Tehran yaxınlığındakı Evin həbsxanası xəbərlərdə getdikcə daha çox xatırlanır. Bu yaxınlarda həbsdə olan hüquq müdafiəçisi Sepide Qolian azadlığa məktub göndərib. SİTAT: “Qolianın məktubunun həbsxanadan necə çıxarıldığı məlum deyil, lakin bu məktub sayəsində İran İslam Respublikasının penitensiar müəssisələrində saxlanma şəraitinin təfərrüatları məlum olub. Qeyd edək ki, İran hakimiyyəti həbsxanalarda sui-istifadə hallarının mövcudluğunu inkar edir, Qərbin təsiri altına düşən xainləri böhtanda ittiham edir”.

Kitabxanada aparılan sorğu-sual – nə baş verib?

Məqalədə bildirilir ki, Sepide Qolian Evin həbsxanasına indiki etirazlardan xeyli əvvəl gəlib. O, artIq dördüncü ildir ki, həbsxanadadır. Belə ki, Qızın problemləri 2018-ci ildə ölkənin qərbindəki şəkər zavodunda işçilərin tətilini dəstəklədiyi vaxt başlayıb. SİTAT: “Əvvəlcə onu yalnız sorğu-sual üçün Evinə gətiriblər. Müstəntiqlə söhbət qısa olub və o, dərhal deyib ki, ondan heç bir qadın həmrəyliyi gözləmək lazım deyil. “Kiminlə yatdığını etiraf et, kommunist korrupsioner qız!”, deyə müstəntiq qışqırıb. Qısa məhkəmə prosesindən sonra Qolian milli təhlükəsizliyə cəhddə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Məktubda məhbus qadın deyir ki, əvvəldən ətrafda baş verənlərə fikir verməməyə çalışıb. Boş vaxtı olanda Qolianın fikrini fiqh üzrə kitablar oxumaqla yayındırıb”.

“Əvvəllər cəzaçəkmə müəssisəsində kitabxana olub. Lakin 2022-ci il sentyabrın ortalarında İranda kütləvi etirazlar başlayanda Tehranın əsas həbsxanasında kitab oxumağa vaxt olmayıb. O vaxtdan bəri hər gün daha çox məhbus onsuz da dolu olan həbsxana kameralarına sıxışdırılır. Qolianın kitab götürdüyü həbsxananın “mədəni” qanadı isə qurumun səlahiyyətliləri tərəfindən sorğu-sual və işgəncə üçün profilini dəyişib. Oğlan və qızları indi ora aparırlar ki, onları işgəncə ilə etirafa məcbur etsinlər”, deyə Qolian yazır.

Qolianın sözlərinə görə, məhbuslara saatlarla işgəncə verilə bilər. Mühafizəçilər bədbəxtlərin hər şeyə hazır olduğunu görəndə üzərində etiraf mətni olan kağızı sürüşdürərək oxumağı tələb edirlər. Yeri gəlmişkən, üç gün tualetdə kilidli saxlayaraq Qolianın özündən də bir etiraf da alıblar.

Hüquq müdafiəçisi yeni il qabağı, dekabrın 29-da gözü bağlı bir oğlanın işgəncə otağına necə sürükləndiyini təsvir edir. SİTAT: “O, qıvrıldı, qışqırdı və heç kimi öldürmədiyinə and içdi... Gəncin işgəncədən sağ çıxıb-çıxmaması tezliklə məlum olacaq. Əgər o, ağır cinayət törətdiyini etiraf edərsə, o zaman onun etirafı ölkə televiziyasında göstəriləcək, sonra isə gənc həbsxananın özündə asılacaq. Edamlar üçün ayrıca korpus var”.

Qarmaqlar üzərində qadınlara verilən işgəncə

İranda digər tanınmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Evin həbsxanasında yaşam təcrübəsini bölüşüb. Hakimiyyət orqanları 50 yaşlı fəalı hələ sentyabr ayında “təbliğat yaydığına” və düzgün bağlanmayan hicabla küçəyə çıxdığına görə həbs edib. Nəticədə azadlığa dəhşətli ifşalarla dolu olan məktub göndərməyi bacaran Nərgiz bəzi qızların kabinələrin tavanına qarmaqlar bərkidilən xüsusi maşınlarda həbsxanaya necə gətirildiyini danışıb. Təfərrüatlar isə heç də ürəkaçan deyil. Belə ki, etiraz edən qızları bu qarmaqlara ayaqlarından və qollarından bağlayıb Evinə aparırlar və səfər zamanı qızlara cinsi təcavüz edilir!

Evin həbsxanasında “siğə nikahı” adı altında cinsi təcavüzlər!

Hüquq müdafiəçisi deyir ki, həbsxananın özündə qadınlar üzərində hakimiyyət tez-tez kollektiv cəza tətbiq edən mühafizəçilərə keçir. Belə ki, sentyabrın sonunda məhbuslardan biri məcburi formanın bir hissəsi olan dövlət büstqalterini geyməyib, çünki bu, onu çox qaşınma verirdi. Buna görə yerli həbsxana işçiləri həbsxananın bütün qadınlarını cəzalandırmaq qərarına gəliblər. Onları bir yerə toplayıb, “şəhər fahişələri” adlandıraraq təhqirlərə məruz qoyublar, sonra isə lüt soyunmağı əmr ediblər.

“Hamını soyunmağa, alt paltarını çıxarıb tərsinə çevirməyə məcbur ediblər. Ancaq bir həftədən sonra həmin qadınlara alt paltarlarını geyinməyə icazə veriblər”, deyə Nərgiz yazıb.

Diqqətçəkən daha bir fakt. Qeyd olunur ki, həbsxana rəhbərliyinin xüsusilə gözəl qızlara “yazığı” gəlir. Mühafizəçilər yaraşıqlı bir qadının həbsxana həyatına dözməsinin çətin olduğunu görəndə, onu sorğu otağına aparırlar və daha yaxşı şərait müqabilində cinsi xidmətlər göstərməyi təklif edirlər. Eyni zamanda, heç kim İslam qanunlarını rəsmi şəkildə pozmur, kişilər öz iradələrini bildirmiş qadınlarla “siğə nikahı” adlanrırılan və əslində İslama zidd olan izdivaca girirlər və onlar həbsdən çıxmazdan əvvəl vaxtaşırı “siğə nikahı” vasitəsi ilə görüşürlər.

Psixoloji işgəncələrə məruz qalan məhbuslar özlərinə tez bir ölüm arzulayırlar!

Evin həbsxanasında digər ən ağır cəzalara gəlincə, onlardan daha çox anonim hüquq müdafiəçiləri danışır. Belə ki, İrandan olan fəal Şəhla məhbusların tətbiq etdiyi psixoloji işgəncələr barədə məlumat verib. Onlar dindirmə otağının girişindən başlayırlar, burada məhbuslar məşum ifadə ilə qarşılanır: “Xoş gəlmisiniz, Allah burada sizi eşitməyəcək”.

“Üstəlik, məhbuslar özlərini açıq və mehriban apara bilər, sonra qəfildən “pis polis” maskası taxıb məhbusa rəqs etməyi əmr edə bilər və onların fikrincə, rəqs kifayət qədər bədii deyilsə, cəzalandıra bilər. Bəzi mühafizəçilər dərhal daha sərt təzyiqə keçirlər: gülümsəyə bilirlər və sonra qəfildən döşəmədən soyulan keramik plitəni qoparıb məhbusun başına atırlar. Digər daha mürəkkəb işgəncə məhbusun özünü ruhi xəstə olduğunu düşünməyə məcbur etməkdir. Onunla heç nə başa düşməyən uşaq kimi danışmağa başlayırlar. Sonra adi həbsxana blokundan psixiatriya palatasına köçürülür. Orada məhbuslarla ruhi xəstə kimi rəftar olunur, anlaşılmaz dərmanlar içməyə məcbur edilir, çarpayıya bağlanır, iynə vurulur. Çox güman ki, hicabsız küçəyə çıxan qızları bu palataya tez-tez göndərirlər”, deyə qeyd edilən məqalədə vurğulanır ki, psixoloji işgəncələrə məruz qalan məhbuslar özlərinə tez bir zamanda ölüm arzulayırlar, çünki azadlığa çıxmaq şansı demək olar ki, sıfıra bərabərdir...", deyə bildirilir.

İranın əyalətlərində fəaliyyət göstərən həbsxanalar da Evindən geri qalmırlar

Bu arada, İranda dəfələrlə həbsxanalara düşən və möcuzəvi şəkildə qurtulmağı bacaran bir sıra siyasi məhbuslar əyalətlərdəki həbsxanaların da Evin həbsxanasından heç də geri qalmadığını bildirirlər. Məsələ ondadır ki, dünya ictimaiyyətinin, hüquq müdafiə təşkilatlarının, fəalların diqqəti bu həbsxanaya yönəlib, çünki ora hakimiyyətə yaxın adamlar, eləcə də “Oskar” mükafatlı iranlı aktrisa Təranə Əlidusti kimi məşhurlar göndərilib. Minlərlə insan onların taleyini seyr edir, ona görə də mühafizəçilər heç olmasa özlərini cilovlamağa çalışırlar.

Belə ki, İran doğumlu ərəb jurnalist Yusif Azizi Bani-Torofun bildirdiyinə görə, əsl dəhşətlər paytaxtdan uzaqda həbsxanada olanda başlayır. Bir vaxtlar o, “Ayətullahın gizli həbsxanaları”ndan birində vaxt keçirib və indi də yaşadıqlarını dünyaya danışır. Misal üçün, ölkənin cənub-qərbindəki Huzistan həbsxanalarında dustaqlrın 55 dərəcə istidə insanların günlərlə iki metrlik kameralarda tarakanlı, işıqsız, yeməksiz və susuz saxlanılırlar.

Qanlı İran hakimiyyətinin öz vətəndaşlarına qarşı riyakarlığı o qədər kök salıb ki, həqiqətin harada, saxtanın harada olduğunu müəyyən etmək çətindir

Bani-Torofun sözlərinə görə, məhbusların arvadları və uşaqları xüsusi olaraq gizli həbsxanalara gətirilir. Məsələn, Ərdəşir adlı məhbusun ilk sorğu-sualında həbsxana işçiləri birdən onun arvadı Leylanı kameraya gətiriblər. Əri öz əməlini etiraf edənə qədər onun gözü qarşısında qadını vəhşicəsinə döyüblər. O cümlədən, qanlı İran hakimiyyətinin öz vətəndaşlarına qarşı riyakarlığı o qədər kök salıb ki, həqiqətin harada, saxtanın harada olduğunu müəyyən etmək çətindir.

Sosial, iqtisadi və siyasi azadlıq tələb edən müxalifət ayətullah rejiminin məğlubiyyətinin çox da uzaqda olmadığını iddia edirlər

“Bu gün İranın hər yerində küçələrdə eşitdiyimiz etiraz səsləri dindirmə otaqlarında işgəncəyə məruz qalanların qışqırıqlarından daha güclüdür”, deyə adı məqalənin əvvəlində qeyd edilən hüquq müdafiəçisi Qoliana sözügedən məktubunda qeyd edir və bildirir. SİTAT: “Bu, inqilabın səsidir, qadınların, həyatın, azadlığın əsl səsidir... Qadınlar, həyat, azadlıq” şüarı hətta Evin həbsxanasının qalın divarlarını aşaraq bizə çatır”.

Avropa İttifaqı ölkələri ayaqdadır!

Sonda isə bir məqamı da diqqətə çatdıraq. Belə ki, Reuters xəbər agentliyinin yazdığına görə, artıq bir sıra Avropa ölkələri İranda vətəndaşlara qarşı vəhşiliklərin törədilməsində xüsusi xidmətləri olan SEPAH-ı terrorçu qurum kimi elan edirlər. Məsələn, Avropa Komissiyasının rəhbəri Ursula fon Lyayen SEPAH-ın Avropa İttifaqı ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınmasını əks etdirən qərara dəstəyini nümayiş etdirib və bildirib ki, belə bir qərarın qəbul edilməsi İranda insan azadlığı və hüquqlarının pozulmasına qarşı göstəriləcək ən ciddi reaksiya kimi dəyərləndirilə bilər.

İranda etiraz nümayişlərində iştirak etdiklərinə görə həbs edilən və müxtəlif ittihamlarla günahlandırılan 109 etirazçı edam təhlükəsi ilə üz-üzədir. Bu barədə mərkəzi ofisi Norveçin paytaxtı Osloda yerləşən İran İnsan Haqları Təşkilatı məlumat verib. İran İnsan Haqları Təşkilatı İran vətəndaş cəmiyyətini və beynəlxalq ictimaiyyəti əsassız həbslər, həbs və dindirmə zamanı fiziki və cinsi zorakılıqlar və kütləvi cəzaların verilməsi yolu ilə repressiyaların gücləndirilməsinə diqqəti artırmağa çağırıb.

Təkcə son 4 ayda İranda ölən etirazçıların sayı 520-yə çatıb və bu rəqəm hər gün artır. Sözügedən məlumat isə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatının teleqram səhifəsində verilib. Bildirilib ki, ölənlərin 70-nin yaşı 18-dən az olan şəxslərdir. Qeyd olunub ki, 17 sentyabr tarixindən aparılan hesablamaya görə, 19 396 nəfər həbs olunub. Onlardan 4 888 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 708 nəfər tələbədir. Nümayişlərə 144 universitetin öyrənciləri qoşulub.

Danimarka və Belçika hökumətləri də etirazçıların edamına görə, İranın bu ölkələrdəki səfirliklərini XİN-ə çağıracaqlarını bildiriblər. Avropa Birliyinin hər iki ölkəsinin xarici işlər naziri İrana qarşı yeni sanksiyaların tətbiqi məsələsini gündəmə gətirəcəklərini deyiblər. Belə ki, Danimarkanın xarici işlər naziri Lars Loke Rasmussen Reuters xəbər agentliyinə bildirib ki, İranın Kopenhagendəki səfirinə Tehran hökumətinin İran xalqına qarşı repressiyalarına etirazını bildirmək üçün Danimarka XİN-ə çağrılacaq.

Habelə Belçikanın xarici işlər naziri Haca Ləhib də özünün Twitter hesabında İrandakı edamlardan dəhşətə gəldiyini və Avropa Birliyinin digər həmfikir dövlətləri ilə birlikdə İrana qarşı yeni addımlar atacaqlarını yazıb.

Almaniya XİN-dən sərt reaksiya!

Bundan əvvəl isə İranın Almaniyadakı səfiri də XİN-ə çağırılmışdı. Belə ki, İranda baş verən ardıcıl edamlar buna səbəb olub. Sözügedən məlumatı Almaniyanın xarici işlər naziri Annalena Berbok verib. Nazir qeyd edib ki, onun tərəfindən İran səfirinə bu ölkədə etirazçılara qarşı amansız davranışların yolverilməzliyi çatdırılıb.

Belə ki, rəsmi Tehranın ölkə əhalisinə qarşı terrorçu siyasət yürütməsi və eləcə də edamlar cavabsız qalmayacaq. Almaniyanın ardınca Fransa, Böyük Britaniya, Belçika, Hollandiya və digər aparıcı Avropa ölkələrinin XİN-ləri də eyni addımlarını ataraq İranın bu ölkədəki səfirlərinə öz qəti etirazlarını bildiriblər.

Beləliklə, bu vəhşət olayları bir daha Tehran rejiminin öz vətəndaşlarına qarşı nə qədər zalım olduğunu bir daha sübuta yetirir. O cümlədən, əgər bu gün Tehran rejiminin baş dini-ideologiyaçısı, ayətullah Seyyid Əli Xameneyi də güc strukturlarını etiraz edənlərə qarşı amansız davranmağa çağırırsa, hətta edam hökmlərinin artırılmasını əmr edirsə, demək ki, belə bir quruluş nəinki öz vətəndaşlarına, eləcə də özünün kirli siyasəti ilə qonşu region insanlarına da ciddi təhlükələr yarada bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə