5 min illik dövlətçilik tariximizin 20 Yanvar səhifəsi TƏHLİL

5 min illik dövlətçilik tariximizin 20 Yanvar səhifəsi TƏHLİL

5 min illik dövlətçilik tariximizdə xalqımıza məxsus çoxsaylı qəhrəmanlıq səhifələrimiz var. Məhz bu qəhrəmanlıqlarla imperiyalar qurmuş, uzunmüddətli dövlətçilik ənənələri yaratmışıq. Təəssüf ki, qəhrəmanlıq salnaməsi yazan xalqımız, müxtəlif vaxtlarda faciələrlə də üzləşməli olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya cəlladlarının Bakıda törətdikləri vəhşiliklər üzücü faciələrdəndir. Həmin gün uzun illər SSRİ tərkibində yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd olunur. Faciənin baş verdiyi o müdhiş gecə sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş və 700-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Uzun müddət qanlı faciə öz siyasi və hüquqi qiymətini almamışdır. Yalnız 21 noyabr 1990-cı il tarixli qərarı ilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk siyasi qiymət verildi. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.

20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyev tərəfindən öz siyasi-hüquqi qiymətini aldı

Tarixə nəzər saldıqda bəlli olur ki, o zaman imperiya cəlladları məqsədyönlü şəkildə 20 yanvar faciəsini törətmişlər. Bununla Azərbaycan xalqının müstəqllik uğrunda azadlıq mübarizəsini sındırmağa ümid bəsləmişlər. Azərbaycanın sərhədlərinin pozulması bəhanəsi də bu mənada qanlı qırğına haqq qazandıra bilərdi. Buna görə də imperiya başçıları məhz sərhədçilərə insanlara dəyməmək əmri vermişdilər. Artıq dekabrın 31-də Araz çayı ətrafı 137 kilometrlik Sovet-İran sərhədində izdiham baş qaldırdı. Nəticədə sərhəd qurğuları uçuruldu. Hər iki tərəfin adamları Arazı keçərək bir-biri ilə görüşdülər.1990-cı il yanvarın 7-də SSRİ-Türkiyə sərhədində də həyəcanlar baş qaldırdı.Yanvarın 18-də Biləsuvar və Cəlilabad ərazilərində sərhəd qurğuları dağıdıldı. Xalq Cənub tərəfdəki qan qardaşları ilə qovuşdu. Belə bir şəraitdə Lənkəranda hadisələr sakit şəkildə davam edirdi. 1990-cı il yanvarın 11-də rayon partiya komitəsi, daxili işlər şöbəsi, mətbəə və digər sahələr mühasirəyə alındı. Rayonda müvəqqəti müdafiə komitəsi yaradıldı.Yanvarın 12-də xalqa divan tutmaq məqsədilə ölkənin mexanikləşdirilmiş hərbi hissələri Lənkərana yeridildi. Bunun qarşısını kəsmək üçün qonşu Salyan, Sabirabad, Kürdəmir bölgələrində xalq ordu hissələri hərəkət edən yolların qarşısını kəsdi.

Bu hadisələr hakimiyyət böhranının, eləcə də Moskvadakı cəlladların Azərbaycanda baş verən hadisələrə nəzarəti tam itirməsinin təcəssümü idi. Belə bir şəraitdə ermənilərin təhrikçilik hərəkətləri, onların sərhəd kəndlərimizə, eləcə də Qarabağdakı azərbaycanlılar yaşayan bölgələrə silahlı hücumları güclənirdi. Yanvarın 12-də Ermənistandan 500 nəfərlik silahlı quldur dəstəsi Xanlar rayonunun Quşçu kəndinə basqın edib silahsız əhaliyə divan tutdu, çoxlu insan - qadınlar, uşaqlar vəhşicəsinə öldürüldü. Bütün bunlara müxtəlif yollarla şərait yaradan Moskva rəhbərliyi öz məqsədinə çatmış, xalqı radikallaşdıra bilmişdi.

İmperiya cəlladları Azərbaycanın əldən çıxacağından qorxub Bakının ətrafına ordu bölmələri yığdı

Yanvarın 12-də Azərbaycandakı radikal qüvvələr Milli Müdafiə Şurası yaratdılar. Məqsədləri silahlı özünümüdafiə dəstələrini bir yerə cəmləşdirmək, yeni hərbi dəstələr yaratmaq və erməni hərbi birləşmələrinin basqınlarının qarşısını kəsmək idi. Respublikada AXC-ni dağıtmaq, xalq hərəkatını yatırmaq üçün münasib şərait yetişmişdi. Yanvarın 13-də Bakıda bir erməninin 2 nəfər azərbaycanlını öldürməsi paytaxtda iğtişaşları gücləndirdi. Yerli hüquq-mühafizə orqanları, eləcə də Bakıda yerləşən SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı dəstələri isə bunun qarşısını almağa heç bir cəhd göstərmədi. İmperiya Bakıda Sovet dövlətinin deviriləcəyindən, eləcə də Azərbaycanın əldən çıxacağından qorxub paytaxt ətrafına əlavə ordu bölmələri, ağır texnika yeritməyə başladı. MMŞ-nin fəallığı ilə Bakıətrafı sahələrdə və Bakı qarnizonunun yaxınlığında əhali yük, minik maşınlarını, avtobusları yan-yana düzərək barrikadalar yaratdılar. Yolların ətrafında 26 iri maneə təşkil edildi. Salyan kazarmasının yolu kəsildi. 1990-cı il yanvarın ortalarında Azərbaycan KP MK-nın büro iclaslarında respublikadakı mövcud vəziyyət müzakirə olunurdu. Çıxış edənlər Ə.Vəzirov, A.Mütəllibov, V.Polyaniçko, E.Qafarova və başqaları, eləcə də Bakıda olan Y.Primakov və yüksək rütbəli Moskva hərbçiləri güc tətbiq olunmasının zəruriliyini bildirdilər. Buna etiraz edən və ya başqa təklif verən isə olmadı. 1990-cı il yanvarın 15-də Ə.Vəzirov Moskvaya teleqram göndərərək tələb edirdi ki, “Antisovet, antipatiya şüarları ilə mitinq edən ekstremistlərin liderləri dərhal məsuliyyətə cəlb edilməlidirlər. Bunun üçün hüquqi əsaslar vardır”. Bunun ardınca Azərbaycan SSR Nazirlər Sovetinin sədri A.Mütəllibov Moskvaya göndərdiyi teleqramda bildirirdi ki, respublikanın SSRİ güc nazirlikləri hərbi kontingentini qeyri-qanuni silahlı birləşmələri tərksilah etmək üçün əməliyyat keçirəcəkləri müddətdə yerləşdirmək və ərzaqla təmin etmək üçün hər cür imkanı vardır. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin müraciətinə əsasən, SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 15-də rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında fərman verdi. İmperiya Azərbaycan Ali Sovetinə təklif etdi ki, Bakı və Gəncə şəhərlərində və digər yaşayış məntəqələrində komendant saatı tətbiq edilməsi də daxil olmaqla lazımi tədbirlər görsün.

1990-cı il yanvarın 17-dən AKP MK-ın binası qarşısında əzəmətli mitinq keçirildi və ümumi tətil elan olundu. Mitinqdəki çıxışlarda tələb edildi ki, Moskva Ermənistanın Azərbaycana ərazi iddialarına qəti olaraq son qoysun. İmperiyanın Bakıya və ətraf bölgələrə yığdığı qoşunlar Dağlıq Qarabağa və erməni hücumlarına məruz qalan sərhəd bölgələrinə göndərilsin. Mərkəz Naxçıvanda da xalqı cəzalandırmaq məqsədilə fövqəladə vəziyyət tətbiq edilməsi üçün təzyiqlərini artırırdı. Yanvarın 18-də Şərur rayonu Kərki kəndinin erməni işğalçıları tərəfindən zəbt edilməsi vəziyyəti daha da mürəkkəbləşdirdi. Xalqın tələbi ilə yanvarın 19-da Naxçıvan MSSR Ali Soveti muxtar respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul etdi. Bunda məqsəd isə Azərbaycanda baş verən hadisələrə, Sovet ordusunun qanlı əməllərinə dünya xalqlarının diqqətini cəlb etmək idi və bu addım müəyyən rol oynaya bildi.

Cinayətə Sovet dövlətinin müdafiə naziri Yazov birbaşa başçılıq edirdi

SSRİ Ali Soveti Rəyasət Heyəti 1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqa divan tutmaq, qırğın törətmək üçün ordudan istifadə olunacağı nəzərə alınaraq fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Bakıda fəaliyyətlərini davam etdirən radikallar insanlara “Silah, kömək gələcək” - deyə yalan vədlər verir, xalqın bir hissəsini barrikadaları sonadək qorumağı və buranı tərk etməməyə çağırırdılar. Piketdə iştirak edənlər imperiyanın, eləcə də Azərbaycanın səlahiyyətli nümayəndələrinin qoşunun şəhərə daxil olmayacağı ilə bağlı dəfələrlə təkrar etdikləri yalan vədlərə inanmışdılar. Xalq baş verə biləcək qırğından xəbər tutmasın deyə, yanvarın 19-da respublika televiziyasının enerji bloku partladılaraq sıradan çıxarıldı. Qoşun bölmələri yanvarın 19-da Türkan-Qala istiqamətindən şəhərə hərəkət etməyə başladılar. “Bakı əməliyyatı”na Sovet dövlətinin müdafiə naziri D.Yazov birbaşa başçılıq edirdi. Ağır hərbi texnika asanlıqla barrikadaları dağıtmağa başladı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, əliyalın adamlara avtomat silahlardan atəş açırdılar. Hərbçilər təsadüf nəticəsində yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, nəqliyyatı atəşə tutur, yaralı insanları öldürür, meyitləri yandırdılar. Bakı küçələri öldürülmüş, yaralanmış adamların, qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibbi heyətin yaralılara köməyə getməsinə şərait yaratmır, hər vəchlə buna mane olmağa çalışırdılar. Əldə olunmuş rəsmi məlumatlara görə, Bakıya və başqa yaşayış məntəqələrinə Sovet qoşunlarının basqını vaxtı 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi və 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər isə itkin düşmüşdür.

Fövqəladə vəziyyət haqqında fərman artıq iş-işdən keçəndən sonra, yanvarın 20-də elan olunmuşdu. Azərbaycanda rəhbər vəzifədə olanlar xalqa kömək etmək, ona arxa durmaq əvəzinə kürsülərini qorumaq naminə qaçıb gizləndilər. Ziyalıların bir qismi yanvarın 20-də Elmlər Akademiyasında etiraz mitinqi keçirdi. Ziyalıları qorxutmaq üçün bu mitinqin iştirakçısı olan 3 tanınmış alim, professor Bakı-Sumqayıt yolunda tankın altına salınıb şəhid edildi. Şəhidlər Bakının ən uca yerində - Dağüstü parkda dəfn edildi. Dəfn mərasimində yüz minlərlə insan iştirak etdi.

Yenə də xalqının yanında olan Ulu Öndər

Başsız qalmış xalq qorxu içində idi. Yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 10 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etdi və bu ağır günlərdə heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu nümayiş etdirdi. Dahi Öndər çıxışında bildirdi: “Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya və siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsəydi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı". Ulu Öndər Heydər Əliyev çıxışında pespublika rəhbərlərinin yarıtmaz fəaliyyətini ifşa etdi və bildirdi ki, Vəzirov bu yüksək vəzifədə olduğu müddətdə... Azərbaycanda vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır".

Ulu Öndər Heydər Əliyev 20 yanvar şəhidləri haqqında demişdir: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlanılır. Dərsliklərdə 20 yanvar faciəsinin qurbanları haqqında dərs vəsaitləri tədris olunur. Bütün bunlar faciə qurbanlarının adlarının xalqımız tərəfindən uca tutulduğunu bir daha göstərir. Bu hadisə həm də ləyaqətini, qeyrətini qorumaq üçün mübarizə aparmaqla bu yolda qurbanlar verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. On illər keçsə də, 20 Yanvar faciəsinin şəhidləri unudulmayacaqlar. Onlar dövlətimiz var olduqca, xalqımızın qəlbində yaşayacaqlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə