"20 Yanvar bütün dünyada Azərbaycan xalqına və onun tarixinə şərəf gətirir” - DEPUTAT DANIŞDI

"20 Yanvar bütün dünyada Azərbaycan xalqına və onun tarixinə şərəf gətirir” - DEPUTAT DANIŞDI

“20 Yanvar xalqımızın tarixində böyük bir qəhrəmanlıq səhifəsidir. 20 Yanvar hadisəsi zamanı insanlar böyük bir imperiyanın ordusunun qarşısına qorxmadan, çəkinmədən, böyük bir cəsarətlə və heç bir təmənna güdmədən çıxdılar. Burada heç kim qəhrəman olmaq barədə düşünmürdü, sadəcə olaraq illərdir əsarətdə olan Vətən artıq öz müstəqilliyini istəyirdi. Çünki kifayət qədər də aydın şəkildə SSRİ-nin dağılacağı görünmürdü. Əgər bu görünsəydi bəlkə də Sovet rəhbərliyi də heç buna cəsarət etməzdi”. Bu sözləri SİA-ya açıqlmasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, bu müddətdə Azərbaycan xalqı öz iradəsini göstərdi: “Düzdür biz bu yolda çox şəhidlər verdik ki, onların da bir çoxunu gənclər təşkil edirdi.

İmperialist qüvvələr xalqın iradəsini sındırmağa çalışırdılar, ölkənin müstəqil olmaması üçün əllərindən gələni edirdilər. Azərbaycanda o zaman guya respublikaya rəhbərlik edənlər qüvvələr var idi. Həmin qüvvələr qeyri-prinsipiallıqdan başlayaraq ləyaqətsizliyə qədər anlaşılmaz bir mövqe tutdular. Həmin o rəhbərlik Azərbaycana ordu yeridilməsinə icazə verdi. Bundan sonra isə onların əvəzinə Moskva bura yeni qüvvələr gətirdi. Təbii ki, onların da içərisində mövqeyini səhv salmış şəxslər var idi. O zaman Azərbaycan Xalq Cəbhəsi də mövcud idi. Xalq Cəbhəsi ilk növbədə xalqı hərəkata sövq etsə də, daha sonra yoxa çıxdı. Proseslər zamanı Xalq Cəbhəsinin rəhbərliyi də qaçıb, haradasa gizləndi.

Məhz həmin dövrdə Azərbaycan xalqı öz əsl liderini tapdı. Bu dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi. Proseslər davam edəndə müddətdə Ümummili Lider Heydər Əliyev öz ailə üzvləri ilə birgə Moskvada Azərbaycan nümayəndəliyinə gəldi və çəkinmədən bəyanat verdi. 20 Yanvar hadisəsini Azərbaycan xalqına qarşı amansız bir qəsd olaraq qiymətləndirdi. Elə bununla da Sovetlər Birliyinin dağılmasının əsasının qoyulduğunu Ulu Öndər nümayiş etdirdi. Daha sonra isə uzun illər rəhbərliyində olduğu Kommunist Partiyasını tərk etdi, xalqının yanında olduğunu göstərdi. Çox keçmədən xalq da öz iradəsini göstərdi və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz qələbəsinə, müstəqilliyinə nail oldu.

Zaman keçir və biz 20 Yanvar və bundan sonrakı hadisələri təhlil edirik. Bu təhlillərin hər birində bu hadisənin bizim xalqımızın qəhrəmanlıq aktı olduğu göstərilir. Düzdür, itkilərimiz olduqca çoxdur, amma 20 Yanvar hadisəsi bütün dünyada Azərbaycan xalqına və onun tarixinə şərəf gətirir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə