"20 Yanvar faciəsi ilə bağlı mümkün metod və üsullar tapmalıyıq" - TARİXÇİ ANALİZ ETDİ

"1990-cı il xalqımıza qarşı baş vermiş bu cinayət hadisəsi birbaşa imperiyanın və onun idarəçiliyində olan Mixail Qorbaçov və əlaltıları vasitəsilə həyata keçirilib. Əslində, bu cinayəti törətməkdə məqsəd Azərbaycan xalqının haqq səsinin boğulması, ermənilərin isə əsassız ərazi iddialarının gerçəkləşməsi idi". Bu sözləri SİA-ya açıqlamasında AMEA Tarix institutunun Ümumi tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev deyib.

Onun sözlərinə görə, 20 Yanvar faciəsinin səhəri günü bütün təhlükələrə baxmayaraq Moskvada Ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycan nümayəndəliyinə gələrək baş vermiş hadisə barədə dünya ictimaiyyətini məlumatlandırmış, bu qırğını törədənləri kəskin şəkildə pisləmiş, imperiyanın amansız fəaliyyətini dünyaya çatdırmışdır: "Məhz həmin dövrdə dünyanın sülhsevər, demokratiyaya sadiq olan qüvvələri Azərbaycanın haqq səsinə qarşılıq verərək bu qırğını pislədilər. Sovet hökuməti bu faciəni törətməklə, xüsusilə də ermənilərin fitvası ilə hərəkətə keçərək xalqımızın vətənpərvərlik hislərini boğmağa yönələn siyasəti reallaşdıra bilmədi. Bu addım Azərbaycan xalqını sarsıda bilmədi. Xalq öz müstəqilliyi uğrunda daha mütəşəkkil surətdə mübarizə apararaq azadlığa qovuşdu. Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasının əsası Heydər Əliyev tərəfindən qoyulmuş və uğurla davam etdirilmişdir".

Tarixçi sözlərinə davam edərək bildirib ki, Azərbaycan xarici dövlətlərdə olan səfirlikləri, diaspor komitələri vasitəsilə hər il tədbirlər keçirir: "Əgər nəzərə alsaq ki, bir sıra dövlətlərin siyasətində şər qüvvələrə, yəni ermənilərə inam və etimad daha çoxdur, onda haqq səsimizi dünyaya çatdırmaq üçün ikiqat çalışmalıyıq. Xarici dövlətlərdən ölkəmizə gələn rəsmi nümayəndələrin Şəhidlər Xiyabanına aparılması 20 Yanvar haqq səsinin dünyaya çatdırılmasında görülən zəruri tədbirlərdən biridir. Bu məsələdə fərdi şəkildə hər bir vətəndaş fəal olmalı, xarici qonağını ilk öncə Şəhidlər Xiyabanına dəvət etməlidir. Xalqımızın qanı bahasına əldə olunmuş müstəqilliyimizi qorumaq, qazandığımız nailiyyətlərin qədrini bilməliyik. Bu faciəni dünyanın daha yaxşı anlaması üçün mümkün metod və üsullar tapmalıyıq. 20 Yanvar haqq səsini dünyaya çatdırmaqda həm də ona görə israrlı olmalıyıq ki, həmin hadisənin törədilməsində birbaşa rolu olan imperiyanın XX əsrdə törətdiyi haqsızlığı, Qərbi Zəngəzurun əlimizdən alınaraq Ermənistana verilməsini, 1948-1953-cü illərdə tarixi və əzəli torpaqlarından qovulan soydaşlarımızın haqlarının bərpa olunmasına nail olaq.

20 yanvar haqq səsinin dünyaya çatdırılmasında bu barədə olan əsərlərin xarici dillərdən tərcümə edərək geniş auditoriyaya çatdırmaq, Azərbaycanın haqq səsinə aid filmlərin yayımlanmasını bütün dünyada reallaşdırmağa çalışmaq lazımdır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə