"BƏƏ Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir" - MÜNASİBƏT BİLDİRİLDİ
“Azərbaycan həm beynəlxalq münasibətlər sistemində, həm də iqtisadi əməkdaşlıq sistemində olduqca təsirli yerə və rola malik olan ölkələrdəndir. Azərbaycan həmin az saylı ölkələrdəndir ki, onunla əməkdaşlıq etmək istəyi hazırda demək olar ki, bütün dünya ölkələrində mövcuddur. Azərbaycanın etibarlı tərəfdaş statusu getdikcə daha da möhkəmlənməkdədir. Hər şeydən öncə dövlətimizin malik olduğu hərtərəfli iqtisadi potensial onunla əməkdaşlığın səmərəli olacağı haqqında təsəvvürü günbəgün gücləndirir. Bu mənada Azərbaycanın demək olar ki, bütün coğrafiyalarda geniş əməkdaşlıq qurmaq imkanlarının reallaşdırıldığını görürük. Təkcə Asiya, Avropa ölkələri ilə deyil, ayrıca olaraq Ərəb ölkələri ilə də Azərbaycan arasında münasibətlər kifayət qədər inkişaf edir”. Bu sözləri SİA-ya açıqlmasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, qeyd etmək lazımdır ki, Azərbaycan ilə Ərəb ölkələri arasında münasibətlərin kifayət qədər dərin, mədəni tarixi kökləri mövcuddur: “2005-ci ildən başlayaraq Azərbaycan Ərəb Dövlətləri Liqasında müşahidəçi qismində iştirak etməkdədir. Ümumiyyətlə Ərəb Dövlətləri Liqası çərçivəsində Azərbaycana yüksək səviyyədə hörmət və ehtiram hər zaman müşahidə olunub. Ərəb Dövlətləri Liqasında Azərbaycanın ərazi bütövlüyü daim dəstəklənib. Təbii ki, bu da səmimi dostluq münasibətlərindən irəli gəlir.
Nəzərə almaq lazımdır ki, Azərbaycanla Ərəb ölkələri arasında iqtisadi əlaqələr də kifayət qədər perspektivli görünməkdədir. Davamlı olaraq inkişaf edən siyasi münasibətlər kontekstində sözsüz ki, geniş iqtisadi əlaqələrin qurulması imkanları da böyük olur. İqtisadiyyatın bir çox sahələrində Azərbaycanla Ərəb ölkələri, xüsusilə BƏƏ arasında geniş əlaqələr mövcuddur. Azərbaycanla BƏƏ arasında hökümətlərarası Komissiya fəaliyyət göstərir ki, bu Komissiya da iqtisadiyyatın bir sıra istiqamətləri üzrə əməkdaşlığı təmin edir.
Qeyd etmək lazımdır ki, BƏƏ Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. 1992-ci ilin dekabrından artıq ölkələr arasında diplomatik əlaqələr qurulmuşdu. Həmçinin xüsusi olaraq vurğulamaq lazımdır ki, Fransa və Ermənistanın Azərbaycan qarşı birgə qondarma sənədinin BMT TŞ-da müzakirəsi zamanı BƏƏ üzvləri tam obyektiv mövqe nümayiş etdirib. Bu da təbii ki, Azərbaycan tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan Prezidentinin yanvar ayının 15-də BƏƏ-ə səfəri çərçivəsində iki ölkə arasında münasibətlərin xarakterinə, həmçinin əməkdaşlıq imkanlarına toxunulub. Hər iki ölkə rəhbəri biri-birlərini qazanılmış uğurlar münasibətilə təbrik ediblər. Bu gələcəkdə münasibətlərin daha da dinamik olması baxımından çox əhəmiyyətli bir səfər idi.
BƏƏ Azərbaycanda bərpa olunan enerji sahəsinə xüsusi maraq göstərir. 2021-ci ildə BƏƏ ilə Azərbaycan arasında 230 MVt-lıq elektrik stansiyasının tikintisi ilə bağlı razılaşma imzalanıb. Bu da energetika sahəsinin Azərbaycanla BƏƏ arasında əməkdaşlığın mərkəzi xəttini təşkil etdiyini göstərir. Təbii ki, gələcəkdə digər istiqamətlər üzrə də Azərbaycan ilə BƏƏ arasında geniş əməkdaşlığın qurulmasının və inkişaf etdirilməsinin şahidi olacağıq. Həmçinin Azərbaycan Prezidenti BƏƏ-nin Prezidentini ölkəmizə səfər etməyə dəvət edib və bu qarşı tərəfdən məmnuniyyətlə qəbul edilib. Bütün bunlar göstərir ki, Ərəb dünyası ilə Azərbaycan arasındakı münasibətlərdə konstruktiv elementlər kifayət qədər çoxluq təşkil etməkdədir. Bu da məhz sözügedən coğrafiyada da Azərbaycanın həm siyasi, həm də iqtisadi əlaqələr sistemində nüfuzuna və roluna dəlalət edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB