"Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır" - DEPUTAT DANIŞDI

"Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır" - DEPUTAT DANIŞDI

“20 Yanvar hadisəsi xalqımızın tarixində ən faciəvi, qanlı hadisələrdən biridir. Sovet rəhbərliyi Azərbaycan xalqının haqlı tələblərinə məhəl qoymadı, onları yerinə yetirmədi, Ermənistanda-tarixi torpaqlarında yaşayan azərbaycanlıların vəhşicəsinə qovulmasının qarşısını almadı, Ermənistanın Azərbaycana qarşı əsassız iddialarına, daxili işlərinə kobud müdaxiləsinin qarşısını almaq üçün heç bir şey etmədi, əksinə Ermənistanı daha da şirnikləşdirdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, xalqın etirazını yatırmaq üçün Mixail Qorbaçov başda olmaqla Sovet rəhbərliyi yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordu hissələrinin Azərbaycan xalqına qarşı silah işlətməsi əmrini verdi: “Bundan əvvəl Azərbayan Televiziyasının enerji bloku partladıldı. Bu təxribatın törədilməsində başlıca məqsəd baş verən hadisələrdən insanların xəbər tutması idi. Digər tərəfdən Sovet rəhbərliyi hesab edirdi ki, əgər televiziya işləyərsə, bu zaman Azərbaycan xalqına müraciət olunardı və törədilən qanlı hadisədən bütün dünya xəbər tutardı, Azərbaycan xalqı mərkəzi hakimiyyətin əleyhinə qalxa bilərdi. Ordu ölkəni xarici hərbi müdaxilədən qorumalı idi, ancaq dinc əhaliyə qarşı kütləvi qırğınlar törətdi. Bu hadisə Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qatı cinayət idi.

Bu hadisəyə ilk etiraz səsini ucaldan o zaman Moskvada sərt nəzarət altında yaşayan Ulu Öndər Heydər Əliyev oldu. Ümummili Lider Heydər Əliyev, oğlu İlham Əliyev və digər ailə üzvləri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, törədilən hadisəni ittiham etdi və bunu insanlığa və bəşəriyyətə qarşı qanlı hadisə kimi qiymətləndirdi, cinayət hesab etdi. Azərbaycan xalqı 40 gün şəhidlərin xatirəsinə ehtiram olaraq işləmədi. Bununla SSRİ-nin əsasını sarsıtdı.

İnsanlar Kommunist Partiyası üzvlüyündən çıxmağa başladılar. İnsanların 40 gün işləməməsi nəticəsində vahid iqtisadi təsərrüfat olan Sovet iqtisadiyyatı dağılmağa başladı. İnsanların mərkəzi hakimiyyətə inamı tamamilə sarsıldı. Azərbaycan xalqı bir daha qəti şəkildə müəyyənləşdirdi ki, onun yolu mərkəzlə bir ola bilməz. 20 Yanvar hadisəsi ərəfəsində mərkəzi hakimiyyət meydanlara İran İslam Respublikasının bayrağını göndərirdi. Məqsəd Azərbaycan xalqının etirazına “İslam fundamentalizmi”, “İslam radikalizmi”, “İslam terrorizmi” damğasını vurmaq idi.

1989-cu il dekabrın 31-də SSRİ İran sərhəddinin Naxçıvandan keçən hissəsində məftillərin sökülməsi bir tərəfdən Azərbaycan xalqının bütöv Azərbaycan istəyini ifadə edirdisə, digər tərəfdən mərkəz bu hadisəyə “İslam fundamentalizmi”, “İslam radikalizmi”, “İslam terrorizmi” damğasını vururdu. Mərkəzin Azərbaycan xalqının üzərinə atdığı bu ləkəni Ulu Öndər Heydər Əliyev sildi. O, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin iclaslarına rəhbərlik edərkən 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qəbul etməyə nail oldu. Bu Azərbaycan xalqının üstünə atılmış ləkənin silinməsi idi. Eyni zamanda 20 Yanvar ümumxalq hüzn günü kimi qeyd olundu.

Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır. Torpaqlarımız cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən azad edilib. Onların istəkləri həyata keçirilib, bu gün güclü Azərbaycan dövləti var. Bu gün Azərbaycan dövləti bütün şəhid ailələrinə, o cümlədən 20 Yanvar şəhidlərinin ailələrinə xüsusi qayğı göstərir.

20 Yanvar şəhidlərinin ruhu həmişə ehtiramla yad edilir. Dövlət Protokoluna daxil edilib və ölkəyə gələn xarici nümayəndələr Şəhidlər Xiyabanını ziyarət edir. Həmin Şəhidlər Xiyabanında 1918-ci il 31 mart hadisəsi qurbanları da dəfn edilib. Buna görə də hesab edirəm ki, 20 Yanvar bir tərəfdən faciəvi hadisədirsə, digər tərəfdən külün içərisindən odun götürülüb alovun yandırılıb irəli getməsi oldu”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə