YAP Biləsuvar rayon təşkilatının təsis edilməsinin 30 illiyi münasibətilə konfrans keçirildi FOTOLAR

YAP Biləsuvar rayon təşkilatının təsis edilməsinin 30 illiyi münasibətilə konfrans keçirildi FOTOLAR

12 yanvar 2023-cü ildə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində YAP rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd edilmişdir. Konfransa başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunmuşdur. Heydər Əliyev mərkəzinin konfrans zalında davam edən tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, ərazi partiya təşkilat sədrləri, sədr müavinləri və partiya fəalları iştirak edirdilər. Konfransda ilk olaraq Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin və partiyanın ötən müddət ərzində vəfat etmiş üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Dövlət Himni səsləndirildi. Giriş sözü ilə çıxış edən YAP Rayon təşkilatının sədri K.Qurbanlı tədbir iştirakçılarını yubiley münasibətilə təbrik edərək təşkilatın təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə ətraflı məruzə etdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində təsis ediləndən sonra Heydər Əliyev şəxsiyyətinə sadiqlik nümunəsi olaraq 12 yanvar 1993-cü ildə ilk rayon təşkilatı məhz Biləsuvar rayonunda yaradılmışdır. Natiq, ötən 30 illik müddət ərzində partiyanın rayon təşkilatının Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiklərini qeyd etdi. Bu gündə partiyanın rayon təşkilatının üzvləri bu ideologiyanın bayraqdarı olan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici dövlət siyasətini davamlı olaraq dəstəkləyir və hər zaman Onun çağırışlarına sədaqət nümayiş etdirirlər.

Tədbirdə Biləsuvar rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək partiyanın rayon təşkilatının keçdiyi yola nəzər saldı. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoyduğunu bildirdi. Partiyanın rayon təşkilatının üzvlərinə uğurlar arzulayan Faiq Qürbətov Rayon təşkilatının yubileyi münasibəti ilə konfrans iştirakçılarını təbrik etdi. Çıxışına təbrik nitqi ilə başlayan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov partiyanın yarandığı şəraiti təhlil etdi. Partiyanın rayon təşkilatının üzvlərini ötən dövr ərzində dövlətə sədaqət və sadiqlik nümunəsi yaratdıqlarını bildirdi. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin siyasi sisteminin inkişafındakı töhfələrindən, xalqımızın xoşbəxtliyi naminə həyata keçirdikləri layihələrdən söz açdı. Bəhruz Məhərrəmov çıxışının sonunda YAP rayon təşkilatının üzvlərinə uğurlar arzuladı. Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına və fəalına fəxri fərman, eləcə də partiya sıralarına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə