“Azərbaycana heç kim azadlığını və ərazi bütövlüyünü hədiyyə etməyib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə ölkəmizin , xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi azadlığa, müstəqilliyə can atan xalqımızın həm də mübarizliyinin, əyilməzliyinin, məğrurluğunun nümayişidir. Qan yaddaşımızda əbədi yaşayacaq 20 Yanvar faciəsi və bu qəbildən olan ermənilərin Azərbaycan xalqına törətdiyi qırğınlar bu gün dünya ictimaiyyətində layiqli yerini almayıb. Bunun əsas səbəbi həmin dövürlərin mövcüd şəraitinin uyğunsuzluğu və daxildə olan bəzi xəyanətkar qüvvələrin olmasıdır. Bakıda baş verənləri izləyən SSR rəhbərliyi hər yeri silahlı nəzarətdə saxlayaraq Azərbaycanda baş verənləri dünya ictimaiyyətindən gizlədirdi, az-çox sızan məlumatları isə “zəruri addım, vəziyyətin nizama salınması” kimi qələmə verilirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, həmin dövrdə despot rejimin yaratıdığı qorxu, həmçinin Azərbaycana uzun illər rəhbərlik edənlərin susma mövqeyində dayanması vəziyyəti daha da ağırlaşdırmışdı: “O vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, oldu. Bu faciəylə bağlı ilk informasiya və etiraz məhz Ulu Öndər tərəfindən gəlmişdi. O, Vətəninin harayına yetişərək beynəlxalq mətbuat konfransı keçirdi, Bakı həqiqətlərini bütün dünyaya yayılması üçün geniş bir qapı açdı. Lakin sonra dünyada və ölkə daxilində baş verənlər bu hadisəni unutdurdu. Müstəqillikdən sonra Ulu Öndərin, Cənab Prezident İlham Əliyevin dilindən bu faciəylə bağlı dəfələrlə beynəlxalq tirbunalardan məlumatlar səsləndirilib. Heydər Əliyev Fondunun dəstəyilə bir çox ölkədə Azərbaycan xalqının başına gətirilmiş faciələrin anım günləri keçirilib, bu barədə müxtəlif dillərdə kitablar çap olunub. Amma hələ 20 Yanvar hadisələri ilə bağlı hərbi cinayətlərə beynəlxalq aləmdə hüquqi qiymətin verilməsinə nail olmamışıq”.
Deputat sözlərinə belə davam edib: “20 Yanvar hadisələrinin düzgün dəyərləndirilməsinə, onlar barədə daim geniş məlumatların yayımlanmasına, faciə ilə bağlı həqiqətlərin nəsildən-nəslə ötürülməsinə Azərbaycanda gənc nəslin tarixi yaddaşının formalaşmasına və qorunub saxlanılmasına, onlarda əsl vətənpərvərlik ruhunun və vətəndaşlıq hisslərinin aşılanmasına davamlı olaraq çalışmalıyıq.
Bu addımlar ona görə də zəruridir ki, bütün dünya da bilsin ki, Azərbaycana heç kim azadlığını, ərazi bütövlüyünü hədiyyə etməyib. Bu müstəqillik və suverenlik mübarizə ilə qazanılıb”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB