"Aksiya haqlı tələblərə söykənir" - PARTİYA SƏDRİ DANIŞDI

"Artıq bir aydır ki, Laçın-Xankəndi yolu üzərində azərbaycanlı ekofəalların etiraz aksiyası davam edir. Bu aksiya Azərbaycan xalqının maraqlarının ifadəsidir. Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekofəalların həyata keçirdiyi etiraz aksiyası haqlı tələblərə söykənir. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinqin keçirilməsi Azərbaycanın haqqıdır. Amma Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin monitorinq məqsədiylə əraziyə girişinə maneçilik törədildi. Bunun da səbəbləri bəllidir. Həmin ərazidə təbii sərvətlərimiz talan edilir. Keçirilən aksiyada da əsas tələb ondan ibarətdir ki, qeyri-qanuni istismar dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, bəzi erməni havadarları, o cümlədən "beynəlxalq" statuslu təşkilatlar bu aksiyaları fərqli müstəvidə təqdim etməyə çalışsalar da, bu mümkün olmur. İrəli sürülən tələblər Azərbaycanın haqlı tələbləridir. "Bəzən erməni mediasına istinadən bu aksiyanı "blokada" kimi təqdim etməyə çalışırlar. Bu etirazlar blokada deyil və sayıla da bilməz. Ötən bir ay ərzində Xankəndinə gətirilən bütün humanitar yüklər ünvanına çatıb. Eyni zamanda, Azərbaycan özünün köməyini də təklif edib. Bu ərazilər Azərbaycanın suveren əraziləridir və oradakı bütün proseslər də ölkəmizin qanunları əsasında tənzimlənməldir. Yeri gəlmişkən, Prezident İlham Əliyev də yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq bildirib ki, bizim məqsədimiz blokada deyil. Dövlət başçısı vurğulayıb ki, bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır", - deyə Ə.Kazımova əlavə edib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə