Azərbaycan nəqliyyat bazarında ciddi aktordur TƏHLİL

Azərbaycan nəqliyyat bazarında ciddi aktordur TƏHLİL

Prezident İlham Əliyev: "Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir"

Azərbaycana dünyanın müxtəlif dövətlərinin marağının artması ölkəmizin siyasi gücünə, iqtisadi inkişafına, sülhsevər dövlət olmasına əsaslanır. Müstəqillik tariximizdə ölkəmizin etibarlı tərəfdaş olması, təhlükəsizliyə, sabitliyə verdiyi töhfələrin məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilib və BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq qurumların üzvüdür. Müasir dünyada Azərbaycan artıq ən qlobal mahiyyət kəsb edən və dünyanın marağında olan mövzuların müzakirə olunduğu məkandır. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərdən sonra keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir.

İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar yaratmış və Cənubi Qafqazda deyil, eləcə də dünyada mövqeyini gücləndirən Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənir. "İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik". Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib: "Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik".

"AZƏRBAYCAN DÜNYADA ÇOX ETİBARLI VƏ CİDDİ TƏRƏFDAŞ KİMİ TANINIR"

Sülh və təhlükəsizliyin təmin olduğu Azərbaycan istənilən bir layihənin icra uğurla həllini tapır. Əlbəttə ki, təhlükəsizlik və iqtisadi potensial olmadan irimiqyaslı layihələrin icrası mümkün deyil. Regionda yeni reallıqların müəllifi və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibi olan Azərbaycan regional əməkdaşlıq, sabitlik və inkişaf üçün genişmiqyaslı təşəbbüslər irəli sürür. «Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır», - deyə Prezident bildirib.

Yola saldığımız 2022-ci il Azərbaycan üçün uğurlu il oldu. Dövlət başçısının rəhbərliyi ilə bir çox irimiqyası layihələr icra olundu. "Keçən ilin əvvəlində də mən Azərbaycan media nümayəndələri ilə görüş zamanı fikir bildirmişdim ki, ümid edirəm 2022-ci ildə qarşıda duran vəzifələr yerinə yetiriləcək və biz bütövlükdə buna nail olduq", - deyə Prezident bildirib.

Azərbaycan dövləti iqtisadi gücünü, qüdrətini daha da artırmaqla yeni hədəfləri gerçəkləşdirərək beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır.

"ŞİMAL-CƏNUB NƏQLİYYAT DƏHLİZİ ORTA DƏHLİZLƏ RƏQABƏT APARA BİLƏCƏK LAYİHƏDİR"

2022-ci ildə Azərbaycanın nəqliyyat, tranzit və logistika potensialını daha da yüksəltdi. "Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırmışdır", - deyən Prezident bildirib ki, biz bu sahəyə uzun illərdir böyük vəsait qoyuruq, sərmayə qoyuruq. Beləliklə, Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb: "Sadəcə olaraq, biz indi dəmir yolunun bir hissəsini modernləşdiririk, xüsusilə Bakı-Yalama xəttini və ondan sonra Ələt-Astara xəttini də modernləşdirəcəyik. Çünki indiki vəziyyətdə dəmir yolunun imkanları gözlənilən yüklərin həcmi üçün məhduddur. Çünki biz hesab edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni, bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir".

Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək, Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Orta Dəhliz yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün təhlükəsiz marşrutlardan sayılır. Böyük İpək yolunun yenidən canlandırılmasına yönələn bu dəhlizin əhəmiyyəti getdikcə artır. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan Avropa ilə Asiya arasında beynəlxalq yükdaşımaların daha təhlükəsiz və qısa zamanda həyata keçirilməsi üçün mövcud nəqliyyat-tranzit potensialından geniş şəkildə istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyub. Bu baxımdan, dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında mühüm körpü rolunu oynayan respublikamız üçün də böyük əhəmiyyət daşıyır.

Orta Dəhliz istiqamətində dövlət tərəfindən ardıcıl siyasət aparılır. "Bildiyiniz kimi, beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Onu da bildirməliyəm ki, bu layihənin təşəbbüskarı da biz olmuşuq və bu layihənin icrası çox çəkdi. Çünki burada həm siyasi çətinliklər var idi, bəzi böyük Qərb ölkələri bu layihənin əleyhinə çıxış edirdilər və çox ciddi maneələr törədirdilər. Səbəbi də ondan ibarət idi ki, bu, Ermənistanı faktiki olaraq kənarda saxlayan bir layihədir. Yəni, ermənipərəstlik bu layihənin icrasında da özünü göstərdi. Yəni, biz bir neçə il itirdik. Digər problem maliyyə çatışmazlığı idi. Çünki bu layihəyə vəsait qoymaq istəyənlər yox idi. Beynəlxalq maliyyə qurumlarına etdiyimiz müraciətlər cavabsız qalmışdır. Sadəcə olaraq, biz neftdən ilkin gəlirləri əldə edəndən sonra artıq özümüz bu layihəyə böyük vəsait ayırdıq. Bildiyiniz kimi, Gürcüstana 775 milyon dollar kredit verilmişdir və bu layihə reallaşdı. Hazırda biz bu layihənin genişləndirilməsi ilə ciddi məşğuluq. Keçən il artıq göstəriş verilmişdir və büdcədən 100 milyon dollardan çox vəsait ayrılacaq, onun bir hissəsi artıq ayrılıb. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq",- deyə Prezident bildirib.

"BU LAYİHƏ TƏKCƏ İQTİSADİ VƏ NƏQLİYYAT LAYİHƏSİ DEYİL, BU, BİZİM ÜÇÜN STRATEJİ BİR LAYİHƏDİR"

Əlbəttə ki, Zəngəzur dəhlizi son nəticədə bütövlükdə regional əməkdaşlığın parlaq nümunəsi olmalıdır. O ciddi, ədalətli, hüquqi cəhətdən normal qaydalara əsaslanmalıdır. Bu səbəbdən, Zəngəzur dəhlizi yalnız geosiyasi deyil, həm də siyasi, hüquqi, iqtisadi, nəqliyyat-logistika və digər faktorlarla əlaqədə analiz edilir."Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Əlbəttə, bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir", - deyən Prezident bu layihənin reallaşmasının bizim təbii hüququmuz olduğunu bildirib: "Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Düzdür, orada "Zəngəzur dəhlizi" sözü yoxdur. Çünki "Zəngəzur dəhlizi" terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün".

Çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib, - deyən dövlət başçısı Zəngəzur dəhlizinin reallaşmasının tarixi zərurət olduğunu bildirib: "Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə