“Heydər Əliyev və multikultural dəyərlər” - FOTOLAR

“Heydər Əliyev və multikultural dəyərlər” - FOTOLAR

YAP Yasamal rayon təşkilatı “M.Naxçıvani küç.29” (Azərbaycan İlahiyyat İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən biri Şahlar Əsgərov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, “M.Naxçıvani küç.29” (Azərbaycan İlahiyyat İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Aqil Şirinov, ərazi üzrə partiya təşkilatının üzvləri, İnstitutun professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbirdə ilk öncə müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçıları salamlayaraq tədbiri açıq elan edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru, “M.Naxçıvani küç.29” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Aqil Şirinov bildirib ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq müəssisədə Yeni Azərbaycan Partiyası Yasamal rayonu üzrə ərazi partiya təşkilatı olaraq, Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub. Ölkəmizdə mövcud multikultural mühit haqqında geniş məlumat verən A.Şirinov bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulması məhs ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

O qeyd edib ki, ulu öndər bir çox sahədə olduğu kimi, milli-mənəvi və multikultural dəyərlərin qorunması və gənc nəslə ötürülməsi istiqamətində də uzaqgörən addımlar atıb. A.Şirinov 1998-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə “İslam sivilizasiyası Qafqazda” mövzusunda təşkil olunan beynəlxalq simpoziumda Ulu Öndərin nitqinə diqqət çəkib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ilk tədbirin məhz Azərbaycan İlahiyyat İnstitutunda keçirilməsindən məmnun olduğunu diqqətə çatdırıb. Bildirib ki, tarixi İpək Yolu üzərində yerləşən, Şərqlə-Qərb arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin ardıcıllarının sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub.

B.Nəbiyev qeyd edib ki, bu nümunəvi xüsusiyyət Azərbaycanın müstəqillik illərində daha da möhkəmlənib və fərqli mədəniyyətlərin, dinlərin nümayəndələrinə hörmətlə yanaşmaq ənənəsi məhz ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində prioritet istiqamətlərdən birinə çevrilib. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi bu siyasətin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran B.Nəbiyev bildirib ki, hazırda Azərbaycan mənəvi sərvətimiz olan multikultural və tolerant dəyərlərin dünyada ən böyük ixracatçısına çevrilib.

Sonda çıxış edən YAP Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən biri olan Şahlar Əsgərov ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yolu keçdiyini deyib.

Qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqlarımızın ifadəçisi olmasıdır. Ş.Əsgərov həmçinin, ulu öndər Heydər Əliyevdən sitatlar gətirərək gənclərə ictimai mənafeyi fərdi mənafedən üstün tutmağı tövsiyə edib.

Nəzakət

Bütün xəbərlər Facebook səhifəmizdə