Ərazilərimizin erməni separatçılarından təmizlənməsi labüddür - TƏHLİL

Ərazilərimizin erməni separatçılarından təmizlənməsi labüddür - TƏHLİL

Ölkəmizin xarici siyasət strategiyasının əsas prioritetlərindən biri də qonşu Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır və bu istiqamətdə Azərbaycanın atdığı addımlar da bəllidir. Məsələnin uzanmasında maraqlı görünən tərəfin Ermənistan tərəfi olduğu da heç kim üçün sirr deyil. Rəsmi Bakı bütün məsələlərə hüquqi müstəvidə, ədalət müstəvisində yanaşsa da, İrəvan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd hərəkət edir və ümumiyyətlə, razılaşmalardan boyun qaçırmağa çalışır.

Azərbaycan bütün qonşu dövlətlərlə münasibətlərini daha da yaxşılaşdırmaqda davam edir. Digər qonşu ölkələrlə yanaşı, qardaş Türkiyə ilə ikitərəfli münasibətlərə hər zaman daha çox önəm verilir və bu da məntiqidir. Hər zaman olduğu kimi, Türkiyə Azərbaycanın ən yaxın dostu, müttəfiqi sayılır və iki qardaş ölkənin liderlərinin ötən il imzaladığı Şuşa Bəyannaməsi ölkələrimizin Cənubi Qafqazda təhlükəsizliyinin və əməkdaşlığının qarantı hesab olunur. Məhz bu rakursda da Şuşa bəyannaməsindən irəli gələn bütün sahələrdə Azərbaycan Türkiyə ilə birgə iş aparmaqda, yeni sənədlər hazırlamaqdadır. Təkcə qardaş Türkiyə ilə deyil, Azərbaycan digər dövlətlərlə də münasibləri daha da yaxşılaşdırır, əlaqələrini möhkəmlənidirir. Mütəmadi olaraq xarici ölkələrin nümayəndələri, hətta dövlət başçıları ilə keçirilən görüşlər əlaqələrin daha da möhkəmləndirilməsinə, münasibətlərin daha da yaxşılaşdırılmasına əsaslı zəmin yaradır. Bütün bu faktlar isə ölkəmizin dünya miqyasında siyasi fəallığınını təsdiqləyir. Təsadüfi deyil ki, 2022-ci ildə 69 ölkə Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edib. Məsələ burasındadır ki, Azərbaycanın bütün qonşu dövlətlərlə münasibətlərini daha da yaxşılaşdırmaq istəyinin, niyyətinin, bu istiqamətdə əldə etdiyi uğurların fonunda işğalçı ölkə olan Ermənistan ölkəmizlə sülh danışıqları prosesinə, münasibətlərin ən azından normallaşdırılmasına əngəl törətməkdə davam edir.

“Prioritet mühüm tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirməkdir. Azərbaycan da çoxtərəfli platformalar çərçivəsində fəallığını davam etdirəcək. Davamlılıq və sülh bizim üçün əsas prioritetdir. Ümid edirik ki, qarşı tərəf də sülhü hədəfləyəcək”, deyə Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi geniş mətbuat konfransında bildirib və bəyan edib ki, Azərbaycanın fundamental prioritetləri 2023-cü ildə də dəyişməz olaraq qalacaq. Xarici işlər nazirinin qeyd etdiyi kimi, həqiqətən də Ermənistan tərəfi hətta Laçın yolundakı vəziyyətlə bağlı dinc etiraz aksiyaları ətrafında vəziyyəti qəsdən gərginləşdirmək istəyir və Qarabağda hansısa “humanitar böhran” haqqında saxta mif yaratmağa çalışır. Əslində, “humanitar böhran” barədə heç bir söhbət belə ola bilməz və azərbaycanlı ekoaktivistlər yalnız öz torpaqlarında olan iki mədənə baxış keçirmək, ekoloji monitorinq aparmaq niyyətindədirlər, hansı ki, buna hərhansı adı qoymaq qəbuledilməzdir. Azərbaycanın dövlət strukturlarının nümayəndələrinin Qarabağ iqtisadi rayonunda yerləşən faydalı qazıntı yataqlarının monitorinqinin qarşısı alınırsa, bu, əslində bir təxribatdır. Ekoloji fəalların buna qarşı dinc aksiya keçirməsi isə onların tam hüququdur və burada heç bir böhrandan söhbət gedə bilməz.

Azərbaycan tərəfi hər zaman olduğu kimi, qanuni, hüquqi tələblərlə çıxış edir. İstər mədənlərlə bağlı, istər Qarabağda qalan erməni silahlı dəstələrinin çıxarılması ilə bağlı, istərsə də ermənilərin uydurduğu statusla bağlı Azərbaycanın möveyi konkretdir, qətidir və dəyişməzdir. Beləki, Azərbaycana məxsus mədənlərin qanunsuz istismarı, ekoloji terror dayandırılmalı, ermənilərin uydurduqları status məsələsi tamamilə yığışdırılmalı, müzakirə predmeti belə olmamalı, Qarabağda qalan erməni silahlı dəstələri çıxarılmalı, ya da zərərsizləşdirilməlidir. Burada ermənilərin hansısa variant axtarmaları yersizdir, çünki nəticəsiz qalacaq. Bunu Rusiya tərəfi də çox yaxşı başa düşür. Qarabağda qalan erməni silahlı dəstələrinin çıxarılması ilə bağlı rəsmi Bakının tələbi qarşısında Moskvanın da mövqeyi bəllidir. “Erməni silahlı dəstələrinin çıxarılması Ermənistanın öhdəliyidir”, fikrində olan Kreml faktiki olaraq məsuliyyəti Ermənistanın üzərinə atır. Doğrudur, 10 noyabr razılaşmasına görə Rusiya da bu məsələdə məsuliyyət daşıyır. “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”, deyə razılaşmasının 4-cü bəndində qeyd olunur. Halbuki, sülhməramlı kontingent yerləşdirilib, amma erməni silahlı dəstələri tamamilə oranı tərk etməyiblər. Bəli, həqiqətən də erməni silahlılarının çıxarılması İrəvanın öhdəliyidir, amma burada bölgəyə sülhməramlı yerləşdirən Rusiyanın da vəziyyətə nəzarət etmək, razılaşmanın bütün bəndlərinin icrasını dəstəkləmək kimi bir öhdəliyi də var axı. İndi bu öhdəliyini yerinə yetirməməklə Rusiya tərəfi silahlı dəstələrin çıxarılması prosesini ləngidir. Daha dəqiq desək, məsuliyyəti Ermənistanın üzərinə atan Rusiya artıq Ermənistanı Azərbaycanla üz-üzə qoyur və bununla burada qarşıdurmanın olması üçün də şərait yaradılır.

Bilirik ki, 44 günlük müharibə başa çatdıqdan, Ermənistan tərəfi rüsvayçı məğlubiyyətlə üzləşdikdən və təslimiyyət, kapitulyasiya sənədinə imza atdıqdan sonra keçən iki il müddətində Qarabağda qalan qanunsuz erməni silahlı dəstələri mütəmadi olaraq silahlandırılıb. Onların silahla təmin olunması da təsadüfi olmayıb. Bunun üçün əməlli-başlı şərait yaradılıb ki, separatçılar da bundan istifadə ediblər. Ən azından silahların Qarabağa gətirilməsinə mane olunmayıb. Bu isə Rusiyanın sülhməramlı kontingentinin öhdəliyinə zidd hesab olunur. Məgər Qarabağda separatçılar “döyüş postları” qurduqları zaman sülhməramlılar bundan da xəbərsiz olublar? Axı onlar ekoloji fəalların “post” qurmaq yox, baxış keçirmək niyyətlərindən belə dərhal xəbər tutdular və xəbərsiz olmaları heç cür ağıla sığan deyil.

Məntiqi olaraq belə çıxır ki, əgər Rusiya erməni silahlı dəstələrinin çıxarılması məsələsi ilə bağlı məsuliyyəti Ermənistanın üzərinə atırsa, deməli, bir gün Azərbaycan tərəfi Qarabağda antiterror əməliyyatı keçirəcəyi zaman da məsələyə qarışmamalıdır. Yox, əgər qarışmaq fikri varsa, vaxtında qarışsın və buna yol verilməsin. Amma reallıq ondan ibarətdir ki, Azərbaycan sonsuza qədər səbr edə və erməni silahlılarının Qarabağ ərazisində qalmasına, mütəmadi olaraq silahlandırılmasına göz yuma bilməz. Qanunsuz silahlı dəstələrin çıxarılması, Qarabağ ərazilərinin onlardan təmizlənməsi labüddür. Azərbaycan tərəfi heç bir zaman hansısa maliyyə fırıldaqçısı ilə, Ruben Vardanyan kimi biri ilə danışıqlar aparmaq niyyətində deyil, bunu ölkənin XİN rəhbəri də rəsmi şəkildə bəyan edib. Rəsmi Bakı İrəvanın yerinə yetirməli olduğu, amma yerinə yetirmədiyi öhdəliyin icrasını güc yolu ilə də olsa təmin edəcək. Əks halda, 10 noyabr tarixli razılaşmanın 4-cü bəndinin təmin edilməsi prosesi də uzanacaq. Bununla da hətta danışıqlar prosesi uzana bilər, hansı ki, Ermənistanın da istəyi elə budur.

Bakının öz strategiyası var, hansısa müdaxilələr yersizdir və orada heç bir separatçı müdaxilələrə və psevdo-liderlərə yer yoxdur. Gələcəkdə yerli əhali ilə təmaslar yenə davam etdiriləcək, bu istiqamətdə işlər intensivləşdiriləcək. Bununla belə Azərbaycan hərhansı təxribatın qarşısını almağa hazırdır. Erməni separatçılarının və revanşistlərinin bütün illüziyaları yalnız elə illüziya olaraq qala bilər. Eyni zamanda dövlətimiz dəfələrlə bəyan edib ki, Qarabağın etnik ermənilərinin ölkəmizdə yaşamaq hüququ var və Azərbaycan dövləti onların hüquqlarını təmin etməyə hazırdır. Başqa xülyalara düşmələri, məsələn, status barədə arzuları və buna oxşar mənasız ideyaları isə yersizdir və baş tutan deyil.

Münasibətlərin normallaşması üçün Azərbaycanın təklif etdiyi beş əsas prinsipdə Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. Buna baxmayaraq, rəsmi İrəvan bu zamana qədər əldə olunmuş razılaşmalardan imtina edir. Əlbəttə, Azərbaycan XİN rəhbərinin də dediyi kimi, bu, pis tendensiyadır, hansı ki, danışıqlar prosesinə mənfi təsir göstərir. Amma bütün bunlar Azərbaycana, rəsmi Bakının strategiyasına təsir göstərə bilməz. Əvvəla ona görə ki, Azərbaycan müstəqil, suveren dövlətdir, Ermənistan kimi asılı ölkə deyil və qərarlarını da özü verir. Digər tərəfdən də ölkəmiz istənilən halda milli maraqlarımızdan çıxış edib, bundan sonra da milli maraqlar irəli sürüləcək. Həmin maraqlara da toxunulduğu halda və anda da dərhal reaksiya verilib və veriləcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə