"Şuşa ili" tarixin yaddaşında necə qaldı? TƏHLİL

"Şuşa ili" tarixin yaddaşında necə qaldı? TƏHLİL

Xalqımızın Ümummili Lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yeritdiyi güclü daxili və xarici siyasəti, qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər, qazandığımız qələbəni Zəfərimizi şərtləndirən başlıca amillər oldu. Beynəlxalq tədbirlərdə Azərbaycanın haqq sözünü ifadə edərək, Birləşmiş Millətlər Təşkilatının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan məlum qətnamələrinin tələbləri yerinə yetirilmədiyini dəfələrlə bildirmişdi. Münaqişənin sülh yolu ilə həll edilmədiyi halda, hərb yolu ilə torpaqlarımız işğaldan azad olunmalı idi. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın iqtisadiyyatı inkişaf etdirilir, ordumuz möhkəmləndirilir, ən müasir silahlar və texnikalar alınır, əsgər və zabitlərimiz dünyanın qabaqcıl ölkələrinə ezam edilir, ən müasir silahlardan istifadə etmək vərdişlərinə sahib olurdular. Erməni silahlı qüvvələri 27 sentyabr 2020-ci ildə yeni hərbi təxribatlara başlayanda cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Bu Qələbə xalqımızın üzərindən məğlub, torpaqları işğal altında qalan, qaçqın və köçkün sözünü götürdü.

"BİZ ŞUŞAYA QAYITMIŞIQ!"

"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti zamanı səsləndirdiyi bu fikirlər və xalqımıza bu müjdənin verilməsi Azərbaycanın tarixinə açılan yeni səhifələrdən oldu. "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox", – deyə Cənab Prezident bildirib. Artıq biz Şuşaya qayıtmışıq. Alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tarixi yaddaşı əsrlərin sorağıdır. Daşlaşmış yaddaşda tariximiz var, keçmişimiz, mədəniyyətimiz var. Tarixi-mədəni əhəmiyyət kəsb edən Şuşanın bu gün əvvəlki görkəminin özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli işlər həyata keçirilir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, işğaldan azad olunan Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradılır. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri ölkənin Mədəniyyət paytaxtı elan edildi. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır. Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu. Şübhə yoxdur ki, Şuşa çox yaxın illərdə nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcəkdir. Qısa bir zamanda Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu. Eyni zamanda, dövlət başçımızın göstərişi ilə Şuşada vaxtilə keçirilən "Xarıbülbül" festivalı bərpa olundu. Bu festival şəhidlərimizin əziz xatirəsinə həsr edildi.

ŞUŞANIN BƏRPASINI SÜRƏTLƏNDİRMƏK QƏRARI

2022-ci il dövlət başçısı tərəfindən "Şuşa ili" elan olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirdiyi kimi "Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə Mən yeni ili "Şuşa İli" elan edirəm".Zəfər yolu kimi dəyərləndirilən Füzuli-Şuşa yolunun Qarabağın tacına rahat gediş-gəlişin təmin olunması üçün Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də bu nadir şəhərin hər bir azərbaycanlı üçün önəmini nümayiş etdirir. Şuşa 28 il əsarətdə qalsa da əyilmədi, milli qürurumuzu, kimliyimizi qorudu. Şuşanı erməniləşdirməyə çalışan düşmən illərlə cəhdlər göstərsə də, bunun mümkünsüzlüyünün şahidi oldu. Çünki danışan, erməni vəhşiliyinə şahidlik edən Şuşanın hər daşı, qayası, tarixi oldu. Tarixi və dini abidələri dağıtmaqla, izləri silməyə cəhd etməklə sahibi olmadıqları torpaqların onlara məxsusluğunu sübut etməyə çalışan ermənilər hər zaman fakt qarşısında aciz qaldılar və 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu düşmənə tarix boyu unuda bilməyəcək dərsi verdi.

QARABAĞIN İNCİSİ ŞUŞA ŞƏHƏRİNƏ DÜNYA AZƏRBAYCANLILARI TOPLAŞDI

Şuşada yeni bir həyat, qaynar dövr yaşanır. Dövlət başçımızın Şuşa şəhərinə etdiyi səfərlərin hər birində ya yeni infrastruktur layihələrinin təməli qoyulub, ya da yeniləri açılıb. Bəs yola salacağımız il Şuşa ili Şuşanın tarixində nə ilə yadda qalacaq? İlk olaraq vurğulayaq ki, 22 aprel 2022-ci il tarixində Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Bu Qurultaya Zəfər adı verildi. Həmin adın verilməsi heç də təsadüfi deyil, müharibədə qazandığımız tarixi zəfərə əsasən Zəfər Qurultayı adlandırıldı. "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər Qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır", - deyə Cənab Prezident bildirmişdir.Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaqlar iştirak etdilər. İllər sonra ilk dəfə olaraq məhz Qarabağın Şuşa şəhərinə dünya azərbaycanlıları toplaşmış oldular.Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Şuşada oldular. Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri yol boyunca erməni silahlı birləşmələrinin Qarabağda törətdikləri vandalizm aktlarının, eləcə də hazırda azad edilmiş torpaqlarımızda həyata keçirilən tikinti-quruculuq işlərinin şahidinə çevrildilər. Qeyd edək ki, layihə Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə "Şuşa İli" çərçivəsində həyata keçirildi. Gənclər tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirmək, ölkəmizi uğurla təmsil etmək, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanı əldə etdilər.

MÜHARİBƏ CİNAYƏTLƏRİ MƏDƏNİ İRSƏ QARŞI

"Şuşa İli"ndə həyata keçirilən tədbirlərdə Şuşanın tarixinə, arxeologiyasına, mədəni, ədəbi və ictimai mühitinə diqqət çəkildi.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Müharibə Cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində" adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərində səfərdə olaraq Şuşada Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin Məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Qazançı kilsəsi, Şuşa qalası və Cıdır düzü ilə tanış oldular.
Azərbaycanın Fransadakı səfirliyinin Paris şəhərindəki Mədəniyyət mərkəzində "Şuşa İli" çərçivəsində "Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri" adlı sənədli filminin təqdimatı keçirildi. Bu film erməni separatistlərinin xristian kilsələrini necə dağıtdığını əyani şəkildə əks etdirdi. CBC televiziyasının kollektivi ilə birlikdə hazırlanmış filmdə Azərbaycanın Xocavənd rayonunda 100 il əvvəl tikilmiş pravoslav kilsəsinin tarixi və erməni separatistləri tərəfindən yararsız hala salındığı göstərilir.

QARDAŞLIĞIMIZI VƏ BİRLİYİMİZİ GÖSTƏRƏN LAYİHƏLƏR

28 ildən sonra Ermənistan işğalından azad olunan Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə "Məclisi Fəramuşan" şairlər məclisi keçirildi. Hər iki ölkənin mədəniyyət, ədəbiyyat nümayəndələrinin tarixi Şuşa şəhərində bir araya gəlməsi, dünyaya böyük mədəniyyətimiz, sənətimiz, qardaşlığımız və birliyimizi göstərmək və ədəbiyyat sahəsində gözəl əməkdaşlıq platformasını ortaya qoyması təqdirəlayiq haldır.
Türkiyənin İzmir şəhərində Ege Universitesi Dövlət Türk Musiqi Konservatoriyasında Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi çərçivəsində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçirildi. Konsertdə dahi bəstəkar Fikrət Əmirovun əsərləri səsləndirilib.Əlbəttə ki, Azərbaycanın musiqi beşiyi olan Şuşa Seyid və Xan Şuşinskilər, Bülbül, Üzeyir Hacıbəyli kimi məşhur bəstəkar və xanəndələr yetişdirib. Azərbaycan xalq musiqisinin inkişafında və formalaşmasında Şuşa şəhərində yetişən xanəndə və musiqişünasların müstəsna xidmətləri olub. Qarabağ xanəndələri muğam sənətini daha da inkişaf etdirib, onu daha da zənginləşdiriblər. Şuşanın klassik xanəndələri bütün Qafqazda, Mərkəzi Asiyada, Yaxın və Orta Şərq ölkələrində məşhur olan böyük və möhtəşəm muğam ifaçılığı məktəbi yaradıblar. Şuşa sənətkarlarının yaratdıqları musiqi məktəbləri xanəndəlik və vokal sənətinin inkişafına böyük töhfələr verib.Daha sonra İstanbulda "Anadoludan Azərbaycana bir nəfəs - 2022 Şuşa İli" adlı konsert təşkil edildi. Konsert proqramından əvvəl Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə olunan şanlı Zəfərimizi özündə əks etdirən videoçarx nümayiş olundu.
Bütün bu və ya digər tədbirlərlə yanaşı, ölkəmizdə də "Şuşa ili" çərçivəsində silsilə tədbirlər keçirildi.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə