“Dünya beşdən böyükdür”. Bunu deyərkən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa kimi digər BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvlərinin tutduqları mövqelərdən sui-istifadə etdiklərini nəzərdə tutmuşdu. Bəli, dünyanı 5 ölkə idarə edir, Fransa, ABŞ, Böyük Britaniya, Çin və Rusiya. Bu ölkələrdən ikisi – Böyük Britaniya siyasəti, Çin isə iqtisadiyyatı ilə bu posta iddialı olduqlarını sübut etməyə çalışırlar. İnsafən hər ikisi öz “sahələrində” işlərinin öhdəsindən “layiqincə” gəlirlər, desək yanılmarıq. Gələk digər ölkələrə. Əslində “ölkə” deməklə sanki bunların statusunu kiçiltmiş oluruq, gəlin hər kəsi öz adı ilə çağıraq, bunlar liderlik iddialarını ortaya qoymuş imperia dövlətləridir. Əllərində kifayət qədər para, hərbi güc, yeni texnologiyalar olan bu dövlətlər bir-birini əzmək üçün məqam gözləyirlər…

ABŞ özünü dünyanın lideri kimi təqdim edir və bütün addımlarının kökündə bu niyyətini hiss etdirmək məqamları dayanır. Dollar dünya pulu kimi ölkələr arasındakı iqtisadi münasibətlərdə hələlik hegemonluq edir. Amma Amerikanın xarici borcunu göz önünə gətirəndə qeyri-ixtiyari olaraq bu ölkənin liderliyi barədə deyilənlər ilğım kimi əriyib gedir. Yəni, ABŞ-ın dünya ölkələrinə, o cümlədən beynəlxalq maliyyə strukturlarına, banklara 33 trilyon dollar borcu var. Bu nominasiyada Şimali Amerika ölkəsi dünya lideridir.
Rusiya da dünya beşlərindən biridir. Bu ölkənin xarici borcu 500 milyard dollardan artıqdır. Ukrayna ilə müharibəyə cəlb edilməmişdən əvvəlki rəqəmlər olsa da, az para deyil. Doğrudur, Rusiya həm də dünyanın ən zəngin ölkəsi sayılır. Hesablamalara görə, Rusiyanın təbii sərvətləri 79 trilyon dollar civarındadır. Buna baxmayaraq zəngin Rusiyanın dövriyyədə olan varidatı digər dünya ölkələrinə nisbətən azdır. Dövlət büdcəsinin əksər payı hərbə xərclənir.
Böyük Britaniyanın xarici borcu isə 3 trilyon ətrafında fırlanır. London problemdən azad olmaq üçün çabalar göstərsə də, addımları hələlik bir nəticə vermir. Buna baxmayaraq bütün borclu ölkələr kimi Britaniya krallığı dab u vəziyyətdən qəti narahat deyil, çünki dünyada borcu olmayan ölkələr demək olar ki, yoxdur.
Dünyanın ikinci borclu ölkəsi statusuna Çin iddialıdır. Asiya nəhənginin xarici borcu 18 trilyon dollar ətrafındadır. Son on ildə Çinin dövlət borcu əhəmiyyətli dərəcədə böyüyüb və ölkənin səlahiyyətliləri üçün ən ciddi problemlərdən birinə çevrilib. Pekin öhdəliklərin artmasını iqtisadi sabitlik üçün potensial təhlükə hesab edir və son illərdə onlardan asılılığı azaltmağa çalışır. Pandemiya ilk növbədə biznes sahəsinə zərbə vurub və hökumət şirkətlərin kredit almasını asanlaşdırmağa məcbur olub, nəticədə 2020-ci ilin üçüncü rübündə Beynəlxalq Hesablaşmalar Bankının məlumatına görə, Çinin borc səviyyəsi ÜDM-in təxminən 290%-ni təşkil edib. Koronavirus böhranı ilində ABŞ Yaponiya və Avropa ölkələrinin iqtisadiyyatları oxşar vəziyyətə düşüb. Buna baxmayaraq, Çin yenə də liderlik edir: ölkədə ÜDM-in 160%-i korporativ sektorun payına düşür.
Beşlikdəki sonuncu ölkə Fransadır. Bu ölkənin xarici borcu 7 trilyon dollardan artıqdır. Bütün bunlara rəğmən Paris bəzi olkələrə yardımlar etmədən çəkinmir, əsasən separatçı qurumları dəstəkləyir. Fransa pullarını əsasən müharibələrə xərcləyir. Bu yaxınlarda Parisin Ermənistan-Azərbaycan münasibətlərinə lüzumsuz müdaxiləsi, İrəvana verdiyi hərtərəfli dəstək, müharibəni təşviq etmək istəyi və bunun üçün bu ölkənin qanunverici orqanında – Senat və Milli Assambleyada qəbul edilən qətnamələrdən də görünür ki, Fransa xarici borclarını bağlamaq əvəzinə, xarici ölkələrdəki qanunsuz hərbi birləşmələri, terror təşkilatlarını, sepatraqçı qurumları dəstəkləyir və milyardlarla dollar para xərcləyir.

Gələk əsas məsələyə. Ukrayna BMT qarşısında məsələ qaldırıb ki, ölkə ərazisində artıq 310-cu gününə qədəm qoyan hərbi əməliyyatların, bu ölkənin infrastrukturunun, dinc sakinlərinin məhv edilməsində əsas günahkar olan Rusiya Təhlükəsizlik Şurasınının üzvlüyündən çıxarılsın. Çünki ədalətsiz müharibə aparan bir ölkə dünya beşliyində qala bilməz. Əlbəttə, iri dövlətlər ədalət prinsiplərinə daha çox əməl etməlidirlər. Amma Azərbaycanın timsalında beşlikdən olan 3 ölkə 30 il ərzində ilahi ədaləti heç yada salmayıblar. Daim bir tərəfin – işğalçı Ermənistanın yanında olublar. İşğala və işğalçıya bütün mənalarda verilən dəstək sayəsində Azərbaycan dünya birliyi – BMT TŞ qarşısında öz haqqını uzun müddət ala bilməyib. Məhz ABŞ, Fransa və Rusiyanın beynəlxalq standartları, BMT qətnamələrini çeynəməkləri sayəsində Ermənistan Azərbaycan torpaqlarının işğalını 30 il davam etdirib. II Qarabağ münaqişəsi zamanı Azərbaycan BMT TŞ-nin 4 qətnamələrinə istinadən addımlar atsa da həmsədr olan hər üç ölkə buna qarşı çıxmaqdan və yenə də torpaqlarımızın 20 faizini qanunsuz olaraq ələ keçirmiş Ermənistanı dəstəkləməkdən bir addım belə geri çəkilməmişlər. Üstəlik də müharibə bitər-bitməz BMT TŞ-nin 5 daimi üzvündən biri olan Fransa Ermənistana 4 milyard avro güzəştli krediti reallaşdırıb. Hətta belə bir xəbər də yayılıb ki, rəsmi Paris bu pulu Ermənistana yardım kimi verib. Guya İrəvan Zəngəzur mahalında hansısa infrastruktur layihələri reallaşdıracaq. O cümlədən bu pullar Ermənistanın dağılmış infrastrukturunun bərpasına da sərf ediləcək. Əgər müharibə Ermənistan ərazisində getməyibsə və məntiqi olaraq bu ölkənin ərazisində də hər hansı bir dağıntının olmasından da söhbət gedə bilməz. Bəs, Fransa 4 milyard avronu hansı layihələri reallaşdırmaq, yaxud hansı dağıntını bərpa etmək üçün verib? Görünür dünya ölkələrinə 7 trilyon dollarlı bir borcu olan Fransa daha 4 milyard borcunun olacağından narahat deyil.
Dünya liderlərinin, beşlik dediyimiz TŞ-nin daimi üzvlərinin borclarını izafi yerə xatırlatmadıq. Borclu, kim olursa-olsun liderlik edə bilməz. Trilyonlarla dollar borcu olan dövlət beşlikdə yer tutmaq əvəzinə yerini layiqli namizədə, sağlam inkişaf yolunu tutan, ədalət prinsiplərini daim uca tutan bir dövlətə verməlidir. Bu gün dünyanın siyasi dairələrində Rusiyanın Ukraynada başlatdığı müharibə səbəbindən BMT TŞ-nin daimi üzvlüyündən çıxarılması məsələsi gündəmdədir. Rəsmi Kiyev israr edir ki, Rusiyanın Ukraydada apardığı müharibə onun Təhlükəsizlik Şurasının daimi üzvü olması ilə bir araya sığmır. ABŞ, Fransa, Böyük Britaniya da Rusiyanın TŞ-ni tərk etməsini ürəkdən istəyirlər. Hətta hüquqi prosedurların başlandığına dair xəbəbrlə də gəlməkdədir. Amma necə? Bəli, avropalı və amerikalı ekspertlər hələ də baş sındırırlar, prosesi haradan başlamalı? Çünki, ölkələrdən hər hansı birinin TŞ-dən çıxarılma mexanizmi çox da dəqiq qeyil. Hətta, daimi üzvlərdən birinin veto hüququ prosesin sıfırıncı nöqtəyə gəlməsi üçün yetərli sayılır. Əgər Çin səsvermədə “yox” desə,Rusiyanın TŞ-dən çıxarılması mümkün olmaz. Burada səs çoxluğu keçərli deyil.
Tutaq ki, Ukraynanın tələbi ilə Rusiya BMT TŞ-nin daimi üzvlüyündən kənara atıldı. Onda belə çıxır ki, anti-Azərbaycan kampaniyasının başında duran, Qarabağ separatçılarına dəstəyini əsirgəməyən, işğalçı Ermənistanın yanında olan və rəsmi İrəvanı üstümüzə qısqırdan Fransa da Rusiyanın dalıca dışarı atılmalıdır. Bu, əslində Cənubi Qafqazda sülhün yaranmasına böyük dəstək olardı…

Rusiyanın BMT TŞ-nin daimi üzvlüyündən çıxarılmasına münasibətlər və ümumiyyətlə, bunun üsuları, mexanizm necə olacağı hər birimiz üçün də maraqlıdır. Nə olar, nə olmaz, ən azından Rusiyanın bu təşkilatdan qovulma üsulunu öyrənməliyik ki, növbədəkinin Fransa olacağına dünya ictimaiyyətini inandıra bilək.
“Moskva Ukraynanın Rusiyanı BMT-dən çıxarmaq çağırışları ilə bağlı heç nə etmək niyyətində deyil”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın bəyanatlarını şərh edərkən bildirib. Daha əvvəl o, Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü qalmaq və “ümumilikdə BMT-də olmaq” hüququna malik olmadığını iddia edib. M.Zaxarova bildirib ki, Ukrayna xarici işlər naziri Dmitri Kulebanın Rusiyanı BMT-dən kənarlaşdırmaq çağırışına cavab verməyə ehtiyac yoxdur: “İt hürəndə, karvan irəliləyəndə belə olur. Etməli bir şey yoxdur. Ukrayna öz tarixində müxtəlif hadisələrə şahidlik edib. Ancaq heç bir tarixi mahiyyəti, məntiqi və ya bunun hətta fantaziyalara gətirib çıxara biləcəyini başa düşməyən bu ağrılı ifadələrə qulaq asmağa dəyməz".
Öz növbəsində, Dövlət Dumasının deputatı Oleq Morozov Rusiyanın BMT-dən çıxarılması ideyasını absurd adlandırıb. Onun fikrincə, müasir beynəlxalq institutların məhv edilməsinin dəyəri qlobal hərbi münaqişə olacaq: “Bu təklif Rusiyanın müasir dünyadan kənarlaşdırılması ideyasına bənzəyir. Onun absurdluğu ondadır ki, bu, Ukraynanın bütün bəşəriyyəti Rusiya ilə münaqişəyə cəlb etmək cəhdidir. Müasir beynəlxalq institutları yalnız Kiyevin dünyanı sürüklədiyi qlobal hərbi münaqişə bahasına məhv etmək olar”.
Xatırladaq ki, dekabrın 26-da Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasına nail olmaq planlarını açıqlamışdı. O, həmçinin bildirib ki, Kiyev 2023-cü ilin fevral ayının sonuna qədər “sülh sammiti”ni, daha məqsədəuyğun vasitəçi qismində təşkilatın baş katibi Antonio Quterreşlə BMT platformasında keçirmək istəyir.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Rusiyanın BMT Təhlükəsizlik Şurasında üzvlüyünün dayandırılması mexanizminin yaradılmasının zəruri olduğunu bildirib. Eyni zamanda qeyd edib ki, indi bunu etmək mümkün deyil. Mişel qeyd edib ki, belə bir addım BMT-nin təhlükəsizlik konsepsiyasının özünün dalana dirənməsinə gətirib çıxaracaq. Bununla belə, onun hesablamalarına görə, bu konsepsiya Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl də keçərli idi.
Qeyd edək ki, Rusiya SSRİ-nin varisi kimi 1991-ci il dekabrın 24-dən BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Təhlükəsizlik Şurası “beynəlxalq çəkişmələrə səbəb ola biləcək və ya mübahisəyə səbəb ola biləcək hər hansı mübahisəni və ya hər hansı vəziyyəti araşdırmaq, bu mübahisənin və ya vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına təhdid yarada bilməyəcəyini müəyyən etmək” səlahiyyətinə malikdir. O, “sülhə qarşı hər hansı təhlükənin mövcudluğunu, sülhün hər hansı pozulmasını və ya təcavüz aktını müəyyən edir və beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və ya bərpa etmək üçün hansı tədbirlərin görülməsi barədə tövsiyələr verir və ya qərar verir”.
Şura beynəlxalq sülhü və təhlükəsizliyi pozan, o cümlədən silahlı gücdən istifadə ilə bağlı olan dövlətlərə qarşı məcburiyyət tədbirləri tətbiq etmək hüququna malikdir. Təhlükəsizlik Şurasının qərarları bütün ölkələr üçün məcburidir, çünki praktiki olaraq bütün ümumi tanınan dövlətlər BMT-nin üzvüdür. Eyni zamanda, BMT-nin bütün digər qurumları yalnız məsləhət xarakterli qərarlar qəbul edə bilər.
Sizcə sonuncu abzasda yazılanlara inanaqmı?
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB