Dünya düzəni o zaman pozulmağa başladı ki, əsasən, Avropada yeni güc mərkəzləri formalaşdı. Əsasən Almaniyanın, Fransanın və Rusiyanın müxtəlif vasitələrlə hərbi-siyasi nöqteyi-nəzərdən hegemon dövlətə çevrilmələri bəşəriyyət üçün uzun onilliklər aradan qaldırılması çətin olan problemlər gətirdi. Rusiya- Osmanlı müharibələrində birincilərin hərbi uğur əldə etməsi yeni geosiyasi mənzərə yaratmış oldu. Rusiya çarizmi Cənubi Qafqazda möhkəmlənmək və özünün gələcək işğalçılıq planlarını reallaşdırmaqdan ötrü satqın və xəyanətkar erməniləri az bir vaxt ərzində hazırkı molla rejiminin nəzarət etdiyi torpaqlardan, eləcə də Osmalı imperiyası ərazisindən Azərbaycan ərazilərinə köçürməyə başladı. Ermənilərin Osmanlı torpaqlarından Cənubi Qafqaza köçürülməsi ilə bölgədə terrorun əsası qoyuldu. Ermənilərin Azərbaycan ərazisində məskunlaşması prosesi 1441-ci ildən daha geniş vüsət aldı. Gəlmə ermənilər ərazilərdə məskunlaşdıqca azərbaycanlıların mal-mülklərinə göz dikməyə başladılar. Matendaranda qorunan 1687-ci ilə aid tarixi sənəddə göstərilir ki, ermənilər azərbaycanlılara məxsus olan torpaqları ya satın alır, ya rüşvət verib alır, ya da zorla ələ keçirirdilər.
Ermənilərin gəlmə olduğunu özləri də təsdiq edirlər
Tarixi qaynaqlara istinadən qeyd etmək olar ki, ermənilər bu ərazilərə köçürülüblər. Bu faktları xristian qaynaqları ilə yanaşı elə erməni mənbələridə təsdiqləyir. 1828-ci il martın 20-də imzalanan Türkmənçay müqaviləsinin ertəsi günü Rus çarı I Nikolay “erməni vilayəti yaradılması” barədə fərman verdi. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə, hazırkı molla rejimi müharibə vaxtı öz dövlətinə xəyanət edərək ruslara qulluq etmiş ermənilərin Rusiya işğalı və tabeliyində olan torpaqlara köçürülməsinə əngəl törətməməli idi. 1827-ci ilin mayında rus generalı Paskeviçin xüsusi tələbnaməsi əsasında ermənilər arasında nüfuz sahibi olan polkovnik Lazarev (Qazaros Lazaryan) köçürülmə işlərinə rəhbərlik etmək üçün Təbrizə komendant təyin edildi. Rus ordularının Təbrizə basqını zamanı (13 oktyabr) Lazerevin çağırışından riqqətə gələn ermənilər yenə də xəyanət edərək Təbrizin darvazalarını rus ordusunun üzünə açdılar. Köçürülən kasıb erməni ailələrinə kömək etmək üçün rus dövlətinin xəzinəsindən 25 min rubl gümüş pul ayrılmışdı.1828-ci il dekabrın 24-də Lazarevin Paskeviçe yazdığı yekun hesabatında göstərilirdi ki, köçürmə işi 1828-ci il fevralın 26-da başlamış və iyunun 11-də başa çatmışdı. Lazarev 1828-ci il martın 9-da Paskeviçə yazdığı raportunda qeyd edirdi ki, artıq 4500 erməni ailəsi köçürülərək Araz çayının İran tərəfindəki sahilinə gətirilmişdi. 1828-ci il mayın 26-da Gürcüstandakı baş qərargah rəisinə təqdim edilən raportda isə bildirilirdi: “Rusiyaya məxsus olan vilayətlərə xristianların köçürülməsi müvəffəqiyyətlə aparılır. Artıq Qarabağda 279, İrəvan vilayətində isə 948 ailə məskunlaşdırılmışdır. Polkovnik Lazarevin vədinə əsasən köçürülən ailələrin sayı 5 minə çatdırılmışdır. İ.Şopenin yazdığına görə, İrandan köçürülən ermənilərdən yalnız 1715 nəfər İrəvan şəhərinin özündə, 1110 nəfər Naxçıvan şəhərində və 482 nəfər isə Ordubad ərazisində məskunlaşdırıldı. Xaricdən köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində yerləşdirildi. Beləliklə, İrəvan əyalətində 4559 ailə (23588 nəfər), Naxşıvan ətrafında 2137 ailə (10652 nəfər), Ordubad dairəsində 250 ailə (1340 nəfər) yerləşdirildi. Nəticədə, əzəli Azərbaycan torpaqları hesabına yaradılan qondarma erməni vilayətinə 35560 nəfərdən ibarət erməni ailəsi köçürüldü. Lazarevin hesabatında məlum olur ki, üç ay yarım ərzində İran ərazisindən 8249 xristian-erməni ailəsi İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdür ki, bu da ən azı 40 min nəfər demək idi. Həmin illərdə Rusiya dövlətinin xəzinəsindən 14 min manat qızıl və 400 min manat gümüş pul xərclənmişdir. Bununla yanaşı, rus təqiqatçısı N.Smirnov İrandan 90 min erməninin köçürülərək Azərbaycan ərazilərində məskunlaşdırıldığını yazır. Tarixi hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, İran erməniləri Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə yeni vətən yaratmaq məqsədi ilə köçürülmüşdü. Bu işləri həyata keçirməkdə xüsusi canfəşanlıq göstərən hərbçilər və din xadimləri rus çarizmi tərəfindən mükafatlandırılırdılar.
Qısa müddətdə 100 mindən çox erməni Azərbaycan torpaqlarına köçürülmüşdür
Rus çarizmi bölgənin işğalının genişləndirilməsi üçün 1828-ci il iyunun 23-də Qars qalası işğal edildi. Rus qoşunları iyunun 24-də Axalkalakini avqustun 15-də Axıskanı, 22-də Ərdahanı, 28-də isə Bəyazidi işğal etdilər. 1829-cu ilin yazında müharibənin yenidən alovlanması nəticəsində rus qoşunları Ərzurumu, daha sonra Muşu, Oltunu və Bayburtu işğal etdilər. İrəvan xanlığından öz ata-baba yurdlarından didərgin salınan azərbaycanlılar Şərqi Anadoluda sığınacaq tapmışdılar. Rus qoşunlarının Şərqi Anadoluya hücumları zamanı qırğınlara və yenidən bu ərazidən köçkün halına düşməyə düçar olan yenə də azərbaycanlılar idi. Onlar bu dəfə də, əsasən, Türkiyənin içərilərinə köçməyə məcbur oldular. 1829-cu ilin avqustunda rus qoşunları Balkan ətrafında İstanbula irəliləyərkən II Sultan Mahmudun Rusiya dövlətinə barışıq təklif etdi. Bu addım 1829-cu il sentyabrın 2-də Ədirnə müqaviləsinin bağlanması ilə nəticələndi. Axalkələk qalası və Axıska şəhəri Rusiyaya birləşdirildi. Ruslar tərəfindən işğal edilmiş Qars, Trabzon, Bəyazid və Ərzurum paşalıqları isə Türkiyəyə qaytarıldı. Ədirnə sülhünün 13-cü maddəsinə əsasən, Türkiyənin işğal olunmuş torpaqlarındakı ermənilərə 18 ay ərzində daşınan əmlakları ilə bərabər Rusiya tabeliyinə keçmək hüququ verilmişdir. Türkiyədə yaşayan erməniləri yenicə işğal olunmuş Azərbaycan ərazilərinə köçürmək, həmçinin Türkiyə ilə sərhədboyu ərazilərdə də ermənilərin say üstünlüyünü təmin etmək məqsədilə 1829-cu il oktiyabrın 10-da Paskeviç rus imperatoru I Nikolaya raport yazıb Ərzurumda və Qarsda yaşayan ermənilərdən 10 min nəfərinin Gürcüstanda və “erməni vilayətində” yerləşdirilməsinə icazə istədi. 1829-cu il noyabrın 18-də hərbi nazir Çernişev Paskeviçə çar I Nikolayın onun təklifini bəyəndiyini bildirdi. Türkiyənin Qars və onun ətrafında köçürülən ermənilər yaşadıqları ərazilərin iqliminə uyğun olaraq Alagöz dağı ətrafındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi. Rus general-mayoru Bereman Qarsdan Gümrüyə yola salınan 400 erməni ailəsinə sənəd təqdim etdiyini bildirirdi. İrəvan yaxınlığında Sərdərabad qalasında olan 270 ev həmin vaxt ermənilər tərəfindən zəbt edilmişdi. Bir qədər keçdikdən sonra M.Vladkin ermənilərin bu əraziyə köçürülməsi haqqında yazırdı: İrəvan quberniyasından yaşayan ermənilərin əksəriyyəti buranın yerli sakinləri olmayıb, 1828-1829-cu illər müharibəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər. 1830-cu il yanvarın 22-də Paskeviçin Çernişevə verdiyi məlumata görə, Qars və ətraf ərazilərdən köçən 2500 erməni ailəsi onun sərəncamına əsasən, yaşadıqları yerin iqliminə uyğun olan Alagöz dağı ətrafında, Pəmbək distansiyadakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi. Türkiyədən köçürülən ermənilər Axıska, Pəmbək-Şorəyel və erməni vilayətində yerləşdirildi. Talış mahalı, Göyçə gölü ətrafı və Baş Abaranna 14044 erməni ailəsi köçürülmüşdü. Ərzurumdan köçürülən 7228 erməni ailəsindən 500-ü, eləcə də Ərdahandan 67 erməni ailəsi Axıska paşalığı ərazisində, 1050 ailə Borçalı distansiyasında və Çalqa ətrafında, qalan 1305 ailə isə Pəmbək və Şorəyel distensiyalarında yerləşdirilmişdi. Hesablama komissiyasının sayına görə Osmanlı dövləti torpaqlarından 84 min nəfərdən artıq erməni və yunan köçürüldüyü məlum olur. Lakin 1831-ci il aprelin 24-də qraf Paskeviçin adına verilmiş əlahəzrətin buyruğunda rus dövləti tərəfindən Türkiyə vilayətindən köçürülmüş xristianlar, yəni erməni və yunanlardan ibarət 14 mindən çox ailə (90 min nəfərə qədər) üçün 380 min gümüş pulun ayrıldığı bildirildi. İ.Şopenin apardığı siyahıya almanın nəticələrinə görə 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra “erməni vilayətinə” Türkiyədən 21666 nəfər (3862 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürdü köçürülmüşdü. Rusiya imperatorunun fərmanı ilə “erməni vilayəti” yarandığı vaxt İrəvan əyalətində İrəvan, Sərdərabad, Şərur və sürməli dairələri yaradıldı. Mənbələr, arxiv materiallarının saxlandığı Matendaranda sənədlərə istinad edən N.A.Tavakalyan İrandan köçürülən ermənilərin sayının 8510 nəfər olduğunu qeyd edirlər. 1834-cü ilin kameral təsvirinə görə bütövlükdə İrəvan əyalətində 22336 ailə var idi ki, bunun da 65300 nəfərini kişi cinsi təşkil edirdi. Bunların 29690 nəfəri tatar, yəni Azərbaycan türkləri, 10350 nəfəri əvvəllər köşürülmüş ermənilər və 24255 nəfəri İran və Türkiyədən yenicə köçürülən yezidi kürdləri, az qismi isə boşa adlanan qaraçılardan ibarət idi. 20 cilddən ibarət həmin siyahıya alınmanın nəticələri İ.Şopenin 1852-ci ildə nəşr edilən “Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi” adlı əsərində verilmişdi. Bu siyahıya alınmaya görə, müharibədən sonra erməni vilayətində mövcud olmuş 752 kənddən 521-i İrəvan əyalətinə, 179-u Naxçıvan əyalətinə, 52-si isə Ordubad dairəsinə aid idi. Siyahıya alınmanın nəticələrinə görə köçürülməyən vilayətlərdə 81749 nəfər müsəlman, 25151 nəfər erməni qeydə alınmışdı. 1849-cu ildə İrəvan Gümrü, Naxçıvan, Ordubad və Göyçə mahalının Şərq hissəsindən ibarət İrəvan quberniyası təşkil edildi. Yalnız quberniyanın mövcudluğuna 1917-ci ildə son qoyuldu.
Ermənistanda 1548 Azərbaycan mənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir
XIX əsrin 90-cı illərində Türkiyə dövlətində baş verən erməni qiyamlarının yatırılmasından sonra daha 400 minə yaxın erməni yenə də Cənubi Qafqaza –Azərbaycan torpaqlarına köçdü. N.Şavrov qeyd edirdi ki, XIX əsrin əvvəlində Cənubi Qafqazda yaşayan 1,3 milyon ermənilərin bir milyondan çoxu yerli əhali deyil, onları bura biz köçürüb gətirmişik. Bu azmış kimi Azərbaycan toponimləri erməniləşdirildi. Yəni ermənilər özlərinə saxta tarix yaradırdılar. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək 190-dan artıq azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Rəsmi addəyişmə əməliyyatları 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-cı illərdə Ermənistan SSR Ali Sovetinin fərmanları əsasında həyata keçirilmişdir. 1548 Azərbaycan mənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir. 1918-1987-ci illərdə bu torpaqlarda 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqrıma məruz qalmaqla, deportasiya edilməklə və s.) xəritədən tamamilə silinmişdir. Azərbaycanlıların 1948-1953-cü illər deportasiyasından sonra 60-dan çox yaşayış məntəqələrin adları dəyişdirilmişdir. Ermənistan Ali Sovetinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə azərbaycanlılara məxsus daha 90 məntəqənin adı erməni toponimləri ilə əvəz olunmuşdur. Demək olar ki, ermənilər və onların Moskvadakı havadarları Azərbaycana qarşı gələcəkdə yeni ərazi iddiası irəli sürmək üçün müxtəlif məkrli planlar hazırlamışlar. 1988-ci ildən Ermənistan-Azərbaycan münaqişəsinin bünövrəsi qoyularkən Moskvada hazırlanmış məkrli plan işə düşdü. Nəticədə torpaqlarımız işğal edildi, 1 milyondan çox insan öz doğma yurd-yuvasından didərgin salındı. 30 ildən sonra Qarabağımızın işğalına son qoyuldu. Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı yağı düşməndən azad edib, bölgəyə yeni həyat gətirdi.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB