“Bu il "Media haqqında" qanunun qəbulu ən mühüm hadisədir” - AÇIQLAMA
“Artıq ikinci ildir ki, mətbuat, cəmiyyət və dövlət olaraq bu ili də qalib ölkə ruhunda başa vururuq. Təbii ki, 2022-ci ildə media sahəsini yaxından maraqlandıran, onun fəaliyyətinə birbaşa təsir göstərən bir sıra mühüm qərarlar qəbul edildi, hadisələr yaşandı”. Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.
Onun sözlərinə görə, media təmsilçilərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərinin təşkili, burada aparılan böyük quruculuq işlərinə şahid olmağımız istər cəmiyyətimiz, istərsə də mediamız üçün xüsusi əhəmiyyətə malik idi: “Bu il "Media haqqında" yeni qanunun qəbulu ən mühüm hadisə sayılır. Beləliklə, uzun illərdən sonra Azərbaycan mətbuatının gələcək inkişafının yol xəritəsi də adlandıra biləcəyimiz peşəkar səviyyədə hazırlanmış çox mühüm qanun layihəsi qəbul edildi. Bu sahədəki nizamsızlıq ortadan qaldırıldı. Peşəkar jurnalistika sahəsində hüquqi norma və qaydalar qüvvəyə mindi. Eyni zamanda, əvvəlki illərdə olduğu kimi 2022-ci ildə də Medianın İnkişafı Agentliyinin xətti ilə istər çap mediası, istərsə də onlayn media subyektlərinə dövlətin maliyyə dəstəyi davam etdirildi. Agentlik tərəfindən çap mediasının inkişafına dəstək məqsədi ilə "e-köşk" layihəsinin istifadəyə verilməsi, "metrix.az" onlayn media sayğacının tətbiqi, həmçinin vahid reystr xidmətinin yaradılması, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə reallaşdırılan layihələr də bu il ərzində yadda qalan hadisələrdən oldu. Bütün bu addımlar Azərbaycan mediasının gələcək illərdə daha da inkişaf edəcəyinə, peşəkarlıq səviyyəsinin, beynəlxalq əlaqələrinin genişlənəcəyinə inamımızı artırır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB