Bir çox hallarda sual doğuran məqamlar məsələnin mahiyyətini ortaya qoyur. Həmin sual doğuran məqamlar məntiqi olaraq işin nə yerdə olduğu qənaətinə gəlməkdə yardımçı olur və elə ekoaktivistlərin hələ də davam edən dinc aksiyaları ilə bağlı yaranan suallar da bir sıra məqamların aydınlaşdırılmasına kömək edir. Aydınlaşdırılması gərəkən həmin məqamlar isə hal-hazırda çox vacib məqamlar hesab olunur və həqiqətən də diqqəti cəlb edir.
Sual doğuran ən maraqlı məqam ilk növbədə ekoaktivistlərin keçirdiyi aksiyanın Qarabağdakı separatçıları narahat etməsi ilə bağlıdır. Maraqlıdır, nəyə görə ekoaktivistlərin mədənlərə baxış keçirməsinə mane olmaq istəyirlər? Nədir onları narahat edən? Əgər fəaliyyətləri qanunidirsə, niyə narahat olurlar və nəyə görə baxış keçirilməsinə mane olmağa çalışırlar? Hansısa qanun pozuntusuna yol verməyiblərsə və bunu da bütün dünyaya car çəkmək istəyirlərsə, çəkilərdilər kənara və baxış keçirilməsindən heç narahat da olmazdılar. Yox, əgər mane olurlarsa, narahatdırlarsa, deməli, məntiqi olaraq belə nəticə hasil olur ki, qanun pozuntularına yol verirlər və ümumiyyətlə, qanunsuzluq edirlər, hansı ki, bunu elə özləri də yaxşı başa düşürlər. O zaman haylar nə hay salıblar dünyaya və həyazıslıqla qanunsuzluqlarını ört-basdır etməkmi istəyirlər? Axı bu məntiqi bütün dünya ictimaiyyəti çox yaxşı dərk edir və belə olan halda nəyə ümid edə bilərlər?
Ümumiyyətlə, ekoloji terror əleyhinə aksiya, yaxud bu istiqamətdə fəaliyyət kiminsə xoşuna gəlməyə bilməz və bu barədə fikir belə bildirilərsə, təpki ilə qarşılanmalıdır. Bütün dünya üçün ekoloji terror qəbuledilməzdir, həyəcan siqnalıdır və bu, təkcə azərbaycanlı aktivistləri deyil, ümumilikdə dünya ictimaiyyətini narahat etməlidir. Elə isə, bu fəaliyyətin əleyhinə kimdir çıxış edən və çıxış etdiyi zaman buna nə ad qoyulur? Ekoloji terrora qarşı çıxanlar, buna görə də aksiya keçirənlər nə vaxtdan qanunpozucusu hesab olunub ki, ad da qoyula bilsin? Yaxşı, bəs ekoloji terrora qarşı çıxanlar niyə kimlərinsə yuxusunu ərşə çəkib? Niyə ekoloji terrora qarşı çıxanlara da qarşı çıxanlar var? Bəs özünü beynəlxalq qurum, demokratik təşkilat, təsisat kimi göstərməyə çalışanlar necə, onlar nə səbəbə və niyə əl-ayağa düşüblər? Axı yenə də onların görmədiyi, lakin görməli olduğu işi azərbaycanlılar görürlər...
Qarabağdakı iki mədəndə ekoloji monitorinqin aparılmasına ermənilərin niyə şiddətlə etiraz etməsi barədə yaranan suallar tam yerinə düşür. Birincisi, bu torpaqlar, bu ərazilər kimə, hansı xalqa, hansı dövlətə məxsusdursa, həmin ərazilərdə olan mədənlərin də həmin dövlətə məxsus olduğu birmənalıdır və bunu hamı bilir, heç ermənilər belə buna etiraz edə bilməzlər. O halda, əgər ermənilər həmin əraziləri özlərininki sayırlarsa, bunu beynəlxalq huquq da belə qəbul edirsə, o zaman niyə kürklərinə birə düşüb? Özlərini haqlı kimi görürlərsə, qoy çəkilsinlər kənara, mədənlərdə ekoloji monitorinq aparılsın və onlar da bunu sakitcə seyr etsinlər. Amma görünən odur ki, kənara çəkilə bilmirlər. Əvvəla ona görə çəkilə bilmirlər ki, Azərbaycana məxsus olan ərazilərdə və mədənlərdə iş gördüklərini, başqa dövlətə məxsus olan filiz yataqlarını talan etdiklərini, bununla da qanunları pozduqlarını yaxşı bilirlər və buna görə də qorxuya düşüblər, hər vəchlə ekoloji monitorinqə mane olmağa çalışırlar. Digər tərəfdən də axı, onlar yaşadıqları yerləri belə viran edirlərsə, mövcud olduqları yerlərdə təbiətə olmazın işgəncələr verirlərsə, yaşıllıqları məhv edirlərsə, fauna və floraya ciddi zərbə vururlarsa, gör indi filiz yataqlarında hansı hoqqalardan çıxıblar və özlərini, öz vandallıqlarını, vəhşiliklərini hamıdan yaxşı tanıyan bu haylar buna görə monitorinqə mane olurlar.
Guya ekoaktivistlərin keçirdiyi aksiya səbəbindən məhrumiyyətlərlə qarşılaşdıqlarını bütün dünyaya çatdırmağa çalışanlar əvvəla, hansı məhrumiyyətlərlə qarşılaşdıqlarını iddia edə bilərlər? Kimsənin onlarla işi yoxdur və yalnız mədənlərlə bağlı məsələ müzakirə mövzusudur. Digər tərəfdən, əgər onlar məhrumiyyətlərlə üzləşiblərsə, yenə də çəkilsinlər kənara və ekoaktivistlər ekoloji monitorinqlərini keçirsinlər, aksiya da dağılsın, onlar da qondardıqları dırnaqarası “məhrumiyyətlərdən” azad olsunlar. Maraqlıdır, həmin o mədənlərdə nə oyundan çıxıblar, nələr törədiblər, hansı qanunsuzluqlar hökm sürür ki, özlərinin uydurduqları o qondarma, dırnaqarası “məhrumiyyətlərə” dözürlər, amma inadlarından əl çəkib kənara durmurlar? Onlardan bütün dünya ictimaiyyəti soruşa bilər ki, niyə dedikləri “məhrumiyyətlə” razılaşırlar, amma iki yatağa bağış keçirilməsi ilə razılaşmırlar? Kənara çəkilib ekoloji monitorinqə mane olmamaq kimi məsələnin sadə və asan yolunu seçməyib, məsələni BMT-nin Təhlükəsizlik Şurasına qədər şişirdirlər? Zənn edirlər ki, bu sual barədə də düşünən olmayıb? Əgər belə zənn edirlərsə, yenə də yanılırlar.
İki mədəndə ekoloji monitorinqin aparılmasında qorxulu nə var ki, ermənilər bunu dəhşətə çeviriblər? Asan həll yolu olan məsələni daha da ağırlaşdırmaq onlara nəyə görə lazımdır? Daha doğrusu məsələni qəlizləşdirməyə niyə ehtiyac duyurlar? Əvvəla ona görə buna ehtiyac duyurlar ki, özləri də bilirlər orada ciddi pozuntuların aşkarlanacağını. Bunu etraf da edirlər. Etiraf edirlər ki, monitorinq zamanı həmin o iki mədəndə, Dəmirli və Qızılbulaq yataqlarında yüzlərlə pozuntu üzə çıxacaq. Bunu təkzib etmək də mümkün deyil, çünki həqiqətən də həmin yataqlarda ciddi ekoloji problemlər var. Deməli, “zibillərinin” üstünün açılacağını, bu barədə də bütün dünyanın məlumatlandırılacağını bilirlər deyə, özlərinə əl qatıblar.
Ermənistana məxsus mətbuat səhifələrində açıq şəkildə qeyd edilir ki, Qarabağ ərazisindəki yataqlar Azərbaycana deyil, yerli ermənilərin separatçı qurumuna məxsus yataqlardır. Bu qədər absurd yanaşma olmazdı ki, biz erməni mediasında buna rast gəldik. Axı Qarabağ Azərbaycan torpağı olduğu halda, niyə oradakı yataqlar erməni separatçı qurumuna məxsus olmalıdır? Bu hansı məntiqə sığışır? Əgər başqa bir dövlətin ərazisində yerləşən filiz yataqlarının məhz onların separatçı qurumuna məxsus olduğunu deyirlərsə, belə davam etsə, utanmadan neft yataqlarımız barəsində də oxşar sərsəm fikirlər səsləndirə bilərlər, eləmi? Bir sözlə, bu hayasız hayların cavabı verilməzsə, daha nə axmaq düşüncəyə sahib olacağını ağıla belə gətirmək olmaz. Elə ona görə də Azərbaycana məxsus olan mədənlərdən çəkilmələri, həmin yataqları istismar etmələrinə son qoymaları tələb olunur və buna nail olana qədər də tələb olunmalıdır.
Göründüyü kimi, azərbaycanlı ekoaktivistlərin aksiya keçirməsində, mədənlərin qanunsuzcasına istismar edilməsinə qarşı çıxılmasında ağıla sığmayan, yaxud qeyri-adi heç nə yoxdur. Mədənlərin qanunsuz istismarına son qoyulmalıdır və məntiq də, ədalət də, qanun da bunu tələb edir. Hələ belə bir hadisəyə bəşər tarixində rast gəlinməyib ki, torpaq bir dövlətin ərazisi olsun, orada yerləşən mədənləri, filiz yataqlarını başqa bir dövlət, yaxud qondarma qurum istismar etsin. Sivilizasiya baxımından ən qabaqcıl ölkələrdən tutmuş, Afrikada yaşayan tayfalara qədər, heç yerdə belə hay həyasızlığı müşahidə edilməyib. Ən başlıcası isə, rüsvayçı məğlubiyyət fonunda həmin o separatçı qurum gör nə qədər həyasızdır ki, qalib ölkənin ərazsisndə məskunlaşması, həmin ölkənin humanizmi sayəsində toxunulmaz, təhlükəsizlik şəraitində yaşaması, erməni əsillilərin təhlükəsizliyinin də həmin ölkə tərəfindən təmin edilməsinin müqabilində həmin ərazidə yerləşən filizi də istismar edir və buna görə özünə haqq da qazandırır, hələ üstəlik ekoaktivistlərin aksiyasına qarşı da dünyaya səs-küy salır.
Bilirik ki, ekoaktivistlərin aksiyası heç bir erməni üçün hansısa təhlükə, yaxud məhdudiyyət yaratmayıb və yaratmır da. Çünki bu aksiya dinc aksiyadır və məqsəd Qarabağ ərazidindəki erməni əsillilərin incidilməsi, yaxud onlara təzyiq edilməsi deyil. Məqsəd ekoloji terrorun qarşısının alınması, eləcə də ölkəmizə, xalqımıza məxsus olan sərvətlərin talanmasına, oğurlanmasına son qoymaqdır. Bu da hansısa bir qeyri-adi məqsəd, yaxud fəaliyyət olaraq qiymətləndirilə bilməz. Hər bir xalqın, hər bir dövlətin özünə məxsus olan sərvətləri üçün, öz haqları naminə mübarizə aparması normal haldır, hətta yüksək qiymətləndirilir də. O halda ekoaktivistlərin dinc aksiyasının kimlər üçünsə, daha dəqiq desək, ermənilər və onların havadarları, ermənipərəstlər, eləcə də Ermənistanın özü üçün bu qədər qəbuledilməz hesab olunması əlbəttə normal təzahür deyil. Aksiyaya qarşı ermənilərin belə qara-qışqırıq salmasından dərhal bəlli olur ki, öz əməllərindən, törətdikləri ekoloji terrora görə cavab verməli olacaqlarından bərk narahatdırlar.
Məsələnin başqa bir tərəfi də Azərbaycana məxsus Qarabağ ərazisindəki mədənlərdən, yataqlardan qeyri-qanuni yolla hasil edilən, daha dəqiq desək qanunsuz istismar yolu ilə oğurlanan filizin realizə olunmasından gələn gəlirin separatçı quruma çatması, onların bu vəsaitlərdən Azərbaycan əleyhinə istifadə etməsi məsələsidir. Təsəvvür edək ki, dövlətə, xalqa məxsus torpaqlardan qanunsuz şəkildə hasil edilərək oğurlanan filizdən külli miqdarda əldə edilən vəsait həm silah-sursat alışına sərf olunaraq məhz Azərbaycana qarşı, Azərbaycan vətəndaşına tuşlanır, həm də həmin ərazidəki anti-Azərbaycançı qüvvələri ölkəmizə qarşı ruhlandırır, bir az da harınladır. Harınlamışların isə verdiyi qərarlar, cızdıqları yol elə öz əyri yollarından yaxşı ola bilməz və bu da nəticə etibarı ilə vəziyyətin qəlizləşməsinə xidmət edə bilər. Heç kim üçün sirr deyil ki, Ruben Vardanyan kimi maliyyə fırıldaqçısının Rusiya vətəndaşlığından imtina etməsi, oradan birbaşa Qarabağa gəlməsi, orada məskunlaşması heç də sıradan bir təsadüfi hadisə hesab oluna bilməz. Bu fırıldaqçı maliyyə əldə etmək əvəzinə dırnaqarası “vətənpərvərliyi” seçəcək bir adam deyil. Onun yenə də məqsədi çoxlu maliyyə əldə etmək, talamaq, fırıldaqçılıq etməkdir. Burada da birinci məqsədi həmin ərazilərdəki faydalı qazıntıların mümkün qədər çox talanması, onların daha çox istismarıdır. İndi biz görürük ki, həmin maliyyə fırıldaqçısı böyük vəsaitlər əldə etmək, həmin vəsaitlərin bir hissəsini də Rusiyaya ötürmək üçün Qarabağa gəlibmiş və arzuladığına məhz ekoaktivistlərin mane, əngəl olması aranı qarışdırmaq istəyinin, niyyətinin artıq baş qaldırması ilə nəticələnib. Hətta Qarabağ ərazisində yaşayan erməni əsillilərin, hansıki Azərbaycanın qanunlarını, yaşayış şəraitini qəbul edərək dinc yaşamaq istəyirlər, gününü qara etdikləri də bir reallıqdır. Ruben Vardanyan indi artıq özünün rusların oyununun bir zərrəsi, bir parçası olduğunu dərk edir deyə, aranı qarışdırmaq istəyir, bacardıqca ziyan vurmaq üçün əldən-ayaqdan gedir. Məhz bu baxımdan cəsarətlə deyə bilərik ki, filiz yataqlarının talanmasının qarşısının alınması prinsipial məsələdir və oradakı dinc aksiyaçıların tələbləri vətəndaşlıq hissinin təzahürüdür. Vətəndaşlıq borcunun nə olduğunu çox yaxşı dərk edən, vətəni uğrunda canından, qanından keçməyə yenə də hazır belə vətəndaşları olan ölkənin paxıllığını düşmənləri niyə də çəkməsinlər? Özləri üçün boş və mənasız miflər yaradan, 44 günlük müharibə dönəmində isə hərbçiləri, hərbi texnikası, silah-sursatı, eləcə də qondarma mifləri darmadağın edilən separatçılar niyə də bizə, ölkəmizə, xalqımıza baxıb paxıllıq hissi keçirməsin? Axı onlar yalnız oğurluqla, kimlərə isə məxsus olanın ələ keçirilməsi ilə məşğul olduqlarını bildikləri üçün bu günlərdə ekoaktivistlərin fəaliyyətinə həm qarşı çıxırlar, həm də paxıllıq edirlər. Ümumiyyətlə, aksiyanın niyə rezonans doğurduğu artıq sualların fonunda bəlli olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB