Keşməkeşli tarixi olan Şuşa 1918-20-ci illərdə ermənilər tərəfindən dəfələrlə hücuma məruz qalıb, şuşalıların qəhrəmanlıqla müdafiəsi nəticəsində və böyük itkilər hesabına şəhər ermənilərin əlinə keçməyib. 1920-1937-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs etdirilib, güllələnib və təqiblərə məruz qalıb. Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnib. Sovet hakimiyyəti dövründə Şuşa 170 ildən artıq yerinə yetirdiyi missiyadan – bütün Qarabağın mərkəzi statusundan məhrum edilib. Bu Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri idi. 1963-cü il yanvarın 4-də isə Şuşa rayonu ləğv edilərək, Stepanakert rayonunun tərkibinə qatılıb. Tarixi mənbələrə istinadən, Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edilib. Tarixin salnamələrinə nəzər saldıqca onun nə qədər hücum və təqiblərə məruz qalmasının şahidi oluruq. Ötən əsrin 70-ci illərindən Şuşanın həyatında yeni bir inkişaf dövrü başlayır. Ulu Öndər Heydər Əliyev tərəfindən şəhərin inkişafına xüsusi diqqət yetirilib. 1977-ci ildə Azərbaycan hökuməti iki tarixi qərar qəbul edib. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb edib. Şəhərdə yeni sənət ocaqları yaradılıb, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılıb. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq, 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilib. 1992-ci ildə Şuşa şəhərinin ermənilər tərəfindən işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə, mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.
"ŞUŞANIN – ALINMAZ QALANIN ALINMASI AYRICA BİR QƏHRƏMANLIQ DASTANIDIR"
İşğaldan azad olunan məkanlarda məscidlərin bərpası ilə bağlı müvafiq göstərişlər verilib və ilkin araşdırmalar aparılır. Ermənilər Şuşada 30 il ərizində bütün tarixi abidələrimizə qarşı dağıdıcı mövqedə olublar. Şuşa şəhərinin tarixi mərkəzində yerləşən Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olan tarixi sarayı da dağıdıblar. Cənab Prezidentin qeyd etdiyi kimi, "Şuşanı quran, Şuşanı salan Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu sarayı. Tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər".
8 noyabr 2020-ci ildə Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. "Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır", - deyən Cənab Prezident vurğulayıb ki, Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi:"Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi". İndi Şuşa yeni dövrünü yaşayır. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısının bildirdiyi kimi, "Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir. Artıq Yuxarı Gövhərağa məscidi təmir edilib". Şuşamızda yenidən "Xarı Bülbül" Beynəlxalq musiqi festivalı keçirilir, Üzeyirin, Nətəvanın, Bülbülün güllələnmiş heykəlləri öz məkanlarında qərarlaşıblar. Şuşa, "Cıdır düzü", "İsa bulağı" Azərbaycan musiqisinə qovuşub. Şuşa şəhərində, eləcə də işğaldan azad olunan bütün ərazilərdə olan tarixi-dini abidələrimiz bərpa olunur. Azərbaycanın mədəniyyət paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur layihələr icra olunur.
"ŞUŞA 28 İL YARIM ƏSARƏTDƏ İDİ, ANCAQ ƏYİLMƏDİ, SINMADI, ÖZ LƏYAQƏTİNİ QORUDU, MİLLİ RUHUNU QORUDU, AZƏRBAYCAN RUHUNU QORUDU"
Şuşanın yeni inkişaf dövründə Heydər Əliyev Fondunun verdiyi töhfələri də qeyd etməliyik. Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Qarabağ torpağında yenidən şeir, qəzəl sədaları yayıldı, muğam səsləndi. "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı keçirildi. Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalı dünyaya bir mesaj oldu. Daha sonra Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı keçirildi və Azərbaycan xalqının qonaqpərvərliyi, bu şəhərin qədimliyi və gözəlliyi bir daha nümayiş etdirildi. Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan olan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış etdilər. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələr qida sahəsi üzrə beynəlxalq ekspertlər və blogerlər ilə təmsil olundu. Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi-mənəvi dəyərləri təqdim edildi. Şuşada Mehmandarovların malikanə kompleksində bərpa işləri aparılır. Malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus olmuş kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir. Heydər Əliyev Fondu Mehmandarovların malikanə kompleksində, həmçinin ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işlərinə 2021-ci ilin oktyabrından başlayıb. Evin və məscidin dam örtükləri orijinala uyğun quraşdırılıb, tavanlar bərpa olunub və rənglənib, qapı və pəncərələr qoyulub. Dağılmış divar bərpa edilib, zədəli divarda bərkitmə işləri aparılıb. Eyvanların və erkerlərin taxta konstruksiyalarının çürümüş hissələri bərpa olunub. Təmir-bərpa işlərindən sonra burada muzey ekspozisiyasının qurulması nəzərdə tutulur. Muzeyin ekspozisiyası özündə bir şuşalının evini təcəssüm etdirəcək. Təmir-bərpa işlərinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır. Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidində də Heydər Əliyev Fondu tərəfindən yenidənqurma və bərpa işləri aparılır. Tarixi Yuxarı Gövhər Ağa məscidində bərpa işləri 2021-ci ilin noyabr ayından başlanılıb. Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.Şuşanın tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması bu məkana xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Cənab Prezident "Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu", - deməklə bu tarixi şəhərin məğrurluğunu, müqəddəsliyini ifadə etdi.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB