"Fərmanlar Azərbaycan dilinin qorunması və inkişafına xidmət edir" - PROFESSOR DANIŞDI
“Cənab Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının, sənayesinin, dövlətçiliyin əsas atributlarının, mədəniyyətin inkişafında çox mühüm xidmətləri var. Bu xidmətlərdən ən mühümü dövlətçilik atributlarından biri olan Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində apardığı işlərdir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminalogiya Komitəsinin sədr müavini, professor Sayalı Sadıqova bildirib.
Onun sözlərinə görə, Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı 2012-ci ildə qloballaşma şəraitində zamanın tələblərinə uyğun olaraq Azərbaycan dilinin və dilçiliyinin inkişaf olunması haqqında sərəncam imzalamışdır. Bu sərəncamda əsas vəzifə olaraq Azərbaycan dilinin iki istiqamətdə, yəni həm qorunması, həm də inkişafını təmin edən bütün amillərinin müəyyənləşdirilməsi dururdu. Azərbaycan dilinin qorunması istiqamətində işlərin həyata keçirilməsi üçün bu sərəncamda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yaradılması xüsusi maddə ilə qeyd edilmişdir. Burada Azərbaycan elminin müxtəlif sahələrinin inkişafında Azərbaycan dilinin əsas funksiyaları nəzərə alınaraq elmin, texnikanın, iqtisadiyyatın, mədəniyyətin müxtəlif sahələri ilə bağlı olan yeni sözlərin yaranması və koordinasiya edilməsi, lüğətlərin tərtibi əsas məqsəd kimi qarşıya qoyulmuşdu. Bu sərəncamdan irəli gələn məsələlərin həyata keçirilməsi üçün 2013-cü ildə Azərbaycan dilinin və dilçiliyin inkişafı ilə bağlı yeni proqram qəbul edilmişdir və bu proqramda Azərbaycan dilinin müxtəlif istiqamətlərdə inkişafını təmin edən əsas məsələlər təyin edilmişdir. Hazırki dövrdə də bu istiqamətdə işlər aparılır.
Eyni zamanda cənab Prezident tərəfindən Azərbaycan mədəniyyətinin inkişafının müxtəlif istiqamətlər üzrə təmin edilməsi məqsədilə 2004-cü kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncam imzalanmışdır. Bildiyimiz kimi Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan əlifbası latın qrafikasının qəbulu haqqında xüsusi sərəncam verilmişdir və bu sərəncamın həyata keçirilməsi üçün mədəniyyətimizin bütün sahələri ilə bağlı olan kütləvi nəşrlərin həyata keçirilməsi vacib, əsas məsələlərdən biri idi. Bu məqsədlə kütləvi nəşrlərin həyata keçirilməsi latın qrafikası ilə yenidən nəşr olundu.
Eyni zamanda müasir dövrdə Azərbaycan dilinin inkişafının təmin edilməsi üçün əcnəbilərin, xaricilərin Azərbaycan dilinin yüksək səviyyədə qavraması və öyrənməsi üçün bir çox işlər görülür. Bu işlərdən başlıcası müxtəlif saytların, internet resurslarının açılması və Azərbaycan dili ilə bağlı dərsliklərin bu resurslarda yerləşdirilməsidir. Təkcə Azərbaycanda deyil, ölkədən xaricdə yaşayan soydaşlarımızın da Azərbaycan dilinin öyrənilməsi istiqamətində mühüm işlər görməsində bu resurlar əsasında addımların atılması vacib əhəmiyyət kəsb edir.
Cənab Prezidentin verdiyi fərmanların, sərəncamların hər biri Azərbaycan dilinin qorunması və inkişafına xidmət edir. Cənab Prezidentin apardığı bu uğurlu işlərin həyata keçirilməsində hər bir vətəndaşın üzərinə çox mühüm bir missiya düşür.
Cənab Prezidenti ad günü münasibətilə təbrik edirəm. Onun gördüyü bütün işlər, verdiyi qərarlar hər bir vətəndaş tərəfindən uğurla yerinə yetirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB