"Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəfliyə korrupsiya ilə mübarizə və düzgün kadr siyasətinin həyata keçirilməsi ilə bağlı tapşırıq verib. Biz də bir Azərbaycan vətəndaşı olaraq təbii ki yeni təsisata və Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsinin işinə uğurlar arzu edirik. Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat İlham Məmmədov deyib.

Onun sözlərinə görə, Naxçıvan bizim qədim və tarixi köklərimizi özündə yaşadan bir diyardır və təbii ki Ulu Öndərimiz məhz Naxçıvanda Azərbaycanın üçrəngli bayrağını dalğalandırmışdır: “Ulu Öndər Heydər Əliyevlə yanaşı, cənab Prezident İlham Əliyev də məhz həmişə Naxçıvanın inkişafı üçün olduqca yüksək səviyyədə dövlət büdcəsindən maliyyə yardımının ayrılması, infrastruktur layihələrinin yaradılması üçün işlər görmüşdür. Prezidentimizin Naxçıvanlılara diqqət və qayğısı birmənalı olaraq göz qarşısında olub və bu həmişə də belə olacaq.

2018-ci ildən başlayan struktur islahatları, yeni siyasi konfiqurasiyanın yaranması və yaxud da islahatların ölkəni bütün idarə etməsini əhatə etməsi Naxçıvanda da qaçılmaz olmalı idi.

Çox təəssüf edirik ki, DTX-nin Naxçıvanda keçirdiyi əməliyyatlar nəticəsində xeyli miqdarda korrupsiya və dövlət büdcəsinin talanması halları aşkar olundu. Bu heç də Azərbaycan dövlətinin, möhtərəm Prezidentimizin apardığı siyasətə uyğun bir hal deyil”.

İlham Məmmədov sözlərinə belə davam edib: “Bununla yanaşı olaraq təbii ki, möhtərəm Prezidentimiz yeni səlahiyyətli nümayəndəni təyin edərkən verdiyi tapşırıqlar da əsasən insanların qayğısına diqqətlə yanaşmaq, onların problemlərinin həlli istiqamətində işlər görmək, infrastruktur layihələrini uğurla həyata keçirilməsi və əsasən də korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni, şəffaflığı təmin etmək və düzgün kadr siyasəti aparmaqdır. Əlbəttə bütün bu hallar onsuz da Azərbaycan dövlət siyasətində aparılan işlərin əsas istiqamətidir. Şəffaflıq, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə, hər bir rəhbər şəxsin, hər bir məmurun əhalinin vətəndaşının harada yaşamasından asılı olmayaraq ona diqqət və qayğının göstərilməsi Cənab Prezidentimizin siyasətinin əsas istiqamətidir. Prezident hər bir yeni məmuru vəzifəyə təyin edərkən bu tapşırıqları xüsusilə verir.

Naxçıvan Muxtar Respublikasına Prezidentin səlahiyyətli nümayəndəsinin təyin olunması zamanı bu tapşırıqların verilməsi gözlənilən bir haldır. Bu təyin olunan məmurun məsuliyyətini bir az da artırır.

Təbii ki, son vaxtlarda Naxçıvanda baş verən hadisələrlə əlaqəli olaraq yaranan müəyyən söz-söhbətlərin də heç bir əsası yoxdur və buna əsas verməmək üçün bir şeyi başa düşmək lazımdır ki, hər bir vətəndaş, hər bir məmur çalışdığı yerdə Cənab Prezidentimizin ortaya qoyduğu və əsas onun siyasətinin istiqaməti olan bu hallara düzgün əməl etməlidir. Kim harada olursa olsun, vəzifəsini düzgün yerinə yetirməyəcəksə, müvafiq qaydada cəzasını alacaqdır.

Naxçıvan xalqı və əhalisi həmişə dövlət və dövlətçilik üçün sədaqətli olublar. Ulu Öndərimizin orada yaşadığı, fəaliyyət göstərdiyi dövr Azərbaycan müstəqillik tarixinin xüsusi bir dövrü kimi qeyd olunmalıdır. Məhz Ulu Öndərimiz Heydər Əliyevin şəxsiyyəti, o blokada şəraitində yaşayan Naxçıvanlılar Heydər Əliyevin işığı ilə xilas oldular. Ona görə də cənab Prezidentimiz yeni Naxçıvanda görülən işlərin daha tez və uğurlu həyata keçməsi üçün yeni bir təsisat yaratdı".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə