Aksiya vasitəsilə xalq olaraq birliyimizi nümayiş etdiririk - ŞƏRH

Aksiya vasitəsilə xalq olaraq birliyimizi nümayiş etdiririk - ŞƏRH

Artıq günlərdir ki, Azərbaycanın təbii resurslarının qanunsuz istifadəsinin dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və biz gənclərimizin etiraz aksiyası davam edir. Aksiya iştirakçılarının məramı sülhdür. Aksiya iştirakçıları təbii sərvətlərimizi qorumaq üçün gecə-gündüz Laçın-Xankəndi yolundadır. Havanın dəyişkən olmasına baxmayaraq, bizim məqsədimiz dəyişmir. Biz ekoloji terrora yox demək üçün bura toplaşmışıq, xalq olaraq birliyimizi nümayiş etdiririk.

Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bu aksiyada iştirak edən hər bir kəs bir daha göstərir ki, ölkə Prezidentimiz, Ali Baş Komandanımızın "Dəmir yumruq" siyasəti ilə Ermənistan üzərində parlaq Qələbə qazanan Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib. Bu səbəbdən Azərbaycan öz ərazisinə tam nəzarət etməlidir, baş verən qanunsuz halların qarşısını almalıdır. Bu, dövlətimizin beynəlxalq qanunlarla tənzimlənən suveren hüququdur. Və bu gün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarına qarşı, xüsusilə, rusiyalı kriminal iş adamı Ruben Vardanyanın təbii sərvətlərimizi talan etməsiqə qarşı mübarizəmizi davam etdirməliyik.

Beləliklə də, Rusiya sülhməramlılarının komandanı Volkov nəhayət ki, Rusiya Prezidenti Vladimir Putinin də imzaladığı üçtərəfli Bəyanata uyğun fəaliyyət aparmalı, müvəqqəti yerləşdikləri ərazidə qeyri-qanuni fəaliyyətlərin, ətraf mühitə ziyan vuran işlərin dayandırılmasını, qeyri-qanuni silahlı dəstələrin neytrallaşdırılmasını və azərbaycanlı mütəxəssislərin monitorinq aparmasını təmin etməlidir. Əks təqdirdə Ermənistanın 30 illik işğalına 44 gün ərzində son qoyduğumuz kimi, düşmənin ekoloji fəlakətinin də qarşısını almağa qadirik və düşmən öz yerini bilməli, sərhəddini tanımalı, Azərbaycan torpağından rədd olub getməlidir. Bir daha, Şuşa-Laçın yolunda keçirdiyimiz etiraz aksiyası birliyimizin nümayiş və haqq işimizdir.

Dövlət başçımızın söylədiyi kimi: "Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı

Bütün xəbərlər Facebook səhifəmizdə