“Nə qədər gec deyil, mənfur hərəkətlərinizdən əl çəkin” AÇIQLAMA
“QHT-lərin, aktivistlərin təşəbbüsü ilə Qarabağ iqtisadi rayonunda həyata keçirilən aksiyanı dəstəkləyirik. Bu, önəmli hadisədir. Yəni bu, bir daha bütün dünyaya, xüsusilə, bədməramlılara, erməni quldurlarına, başkəsənlərinə mesajdır ki, Azərbaycan xalqı öz ərazisinin işğalı ilə barışmayıb və barışmayacaq. Bir daha rus sülhməramlılarının nəzərinə çatdırılır ki, siz burada müvəqqətisiniz, buradan çıxıb gedəcəksiz və Azərbaycan qanunlarına hörmət etmək sizin borcunuzdur, əgər bunu xoşla etməsəniz, təbii ki, qardaş yumruğunu dadmalı olacaqsınız”. Bunu “Səs” qəzetinə açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.
Teyyub Qənioğlu bildirib ki, Təkamül partiyası olaraq aksiyanı dəstəkləyirik: “Ancaq çox təəssüflər olsun ki, sapı özümüzdən olan bəzi baltalar, xaricdən maliyyələşənlər, Azərbaycanda istənilən müsbət işə qarayaxmağa çalışanlar buna da müxtəlif don geyindirirlər. Yəni, milli mənafelərə zidd və yaramaz fikirlər səsləndirirlər. Bu da qəti şəkildə qəbuledilməzdir. Aksiya vasitəsilə biz sakit şəkildə, heç bir güllə atmadan öz tələblərimizi dünya ictimaiyyətinə çatdırırıq və bir daha göstəririk ki, Azərbaycan dövləti, xalqı olaraq biz faydalı qazıntılarımızın talan edilməsi ilə barışmayacağıq. Eyni zamanda, heç kəsə xüsusilə olaraq da, rus sülhməramlılarına özlərini ağa kimi aparmalarına icazə verməyəcəyik. Çünki hər şeyin bir həddi var. Azərbaycan dövləti hər zaman üzərinə götürdüyü vəzifələri sadiq olub və sadiqdir. Amma Azərbaycanın da səbrinin bir həddi var və hadisələr bunu göstərir ki, artıq Azərbaycanın səbri tükənməkdədir və bunu da sülhməramlılar nəzərə almalıdırlar. Bir daha Laçın yolunda keçirilən etiraz aksiyasını alqışlayırıq və ona müxtəlif don geydirməyə və gözdən salmağa çalışanları qınayırıq və onlara deyirik ki, nə qədər gec deyil, bu mənfur hərəkətlərinizdən əl çəkin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB