Prezidentin yüksək intellekti Türk dünyasının inteqrasiyasında xüsusi rol oynayır -DEPUTAT DANIŞDI

Prezidentin yüksək intellekti Türk dünyasının inteqrasiyasında xüsusi rol oynayır -DEPUTAT DANIŞDI

“Uzun müddət Türkmənistanla Azərbaycan arasında müəyyən soyuqluq özünü göstərib. Bu bir tərəfdən Türkmənistandakı hakmiyyətin özünəməxsus səciyyəsi ilə bağlıydısa, başqa bir tərəfdən də Xəzər dənizinin bölünməsi, Xəzərdəki neft yataqlarının işlənməsi ilə bağlı anlaşılmazlıq idi. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün Türk dünyası ilə əlaqələrdə olduğu kimi , eləcə də Türkmənistanla aradakı soyuqluğun aradan qaldırılması ilə bağlı çox fəal siyasət aparır. Buna görə də təsadüfi deyil ki, bu gün cənab Prezident İlham Əliyev Türk dünyasının liderlərindən biridir. Onun yüksək intellekti Türk dünyasının inteqrasiyasında xüsusi bir rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, türklər də təbii ki, Azərbaycanla Türkmənistan arasındakı əlaqələrin yaxşılaşdırılmasına öz töhvələrini verirlər: “Xüsusilə dövlət başçılarının görüşlərində bu səmimiyyətin yaranması Türkmənistanla Azərbaycan arasında olan əlaqələrin daha da genişləndirilməsinə gətirib çıxarır.

Artıq biz bir neçə dəfə belə görüşlərin şahidi olmuşuq. Türkmənistan prezidenti Azərbaycan, Azərbaycan xalqı haqqında çox dəyərli sözlər deyib. Mən əminəm ki, Türkmənistanla Azərbaycan arasındakı münasibətlər Türkmənistanı sadəcə ikitərəfli görüşlərə meylləndirməyəcək, onun həm də bu dünyaya açıq olmasına müsbət mənada öz təsirini göstərəcək. Çünki Türkmənistan cəmiyyəti dünya ilə əlaqələrdə daha çox özünü təcrid yolunu seçib. Amma bu daha əvvəl başlayan və heç bir nəticəsi olmayan siyasətin nəticəsidir. Mən güman edirəm ki, Türkmənistan bu görüşdən daha böyük enerji alacaq və dünya ilə münasibətlərədə də öz intensivliyini təmin edəcək.

Türkmənistan bir türk, oğuz yurdudur və Azərbaycan da oğuz xalqlarından biridir. Vaxtilə də bu iki ölkə arasında çox sıx əlaqələr olub. Hətta Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsində biz türkmən mənbələrinə çox müraciət edirik.

Ümumilikdə baş tutan görüşlər Azərbaycan və Türkmənistan arasında geniş məzmun daşıyan münasibətlərin təmin olunması baxımından olduqca vacibdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə