“Biz özgə torpağına daxil olmamışıq“ - SORĞU

“Biz özgə torpağına daxil olmamışıq“ - SORĞU

Hazırda QHT-ləri təmsil edən bir qrup Azərbaycan ekoloqu Laçın-Şuşa yolunda etiraz aksiyasını davam etdirir. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirir.

Bildirək ki, ekoloji fəallar çadırlar qurublar və onları təbii ehtiyatların qanunsuz istismarının və talan edilməsinin fəallaşması, o cümlədən ekoloji nəticələrin pisləşməsi müşahidə edilən Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxmayınca oradan getmək fikrində deyillər.

Əllərində plakatlar və bayraqlar tutmuş, şüarlar söyləyən dinc etirazçıların qarşısını rus sülhməramlıları almaq istəyir. SİA mövzu ilə bağlı aksiya iştirakçıları arasında sorğu keçirib.

Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri Büllur Məmmədova: “Biz buradayıq. Tələblərimiz isə hələ də yerinə yetirilməyib. Artıq iki gündür ki, aksiya davam edir. Arzumuza nail olmayana qədər də buradan gedən deyilik.

Bizim toplaşmağımızın əsas səbəbi ekoloji terrora son demək üçündür. Burada QHT-lərin rəhbərləri, nümayəndələri və könüllü gənclər səsimizə səs verir. İlk gün 100 nəfər olsaq da, artıq sayımız artıb. Hətta 500-600 nəfərə yaxın insan bizə qoşulub. Volkov bura gəlib bizi dinləməyincə, istəklərimizi təmin etməyənə qədər buradan gedəcək deyilik.

Bizim istəyimiz yanlız ondan ibarətdir ki, Ekologiya Nazirliyinin nümayəndələri öz torpaqlarımızda ekoloji monitorinq aparsın. Bu təmin olunmayana qədər heç birimiz getməyəcəyik”.

"Üçüncü Sektor"İB layihə rəhbəri Nahid Canbaxışlı: “Xankəndi yolunda baş tutan aksiya çox yüksək səviyyədə həyata keçirilib. Aksiyanın həyata keçirilməsinin əsas məqsədlərindən biri də Xankəndidə, ümumiyyətlə bütövlükdə Azərbaycanın rus sülhməramlılarının nəzarəti altında olan hissəsində yerüstü və yeraltı sərvətlərinin talan edilməsi ilə bağlıdır. Biz buna etiraz əlaməti olaraq artıq 3-cü gündür ki, aksiyanı davam etdiririk. Əsas tələb Azərbaycan ekoloqlarının və müxtəlif ekspertlərin əraziyə buraxılaraq tədqiqatlar aparılması ilə bağlıdır.

Hələlik sülhməramlı qüvvələrin komandanlığı bu prosesə razılıq vermir. Aksiyanı görməzdən gəlirlər və bizləri dinləmək fikirləri hələ ki, yoxdur. Bütün şərtlərimiz yerinə yetirilənə qədər biz aksiyanı davam etdirəcəyik”.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılov: “Məlum olduğu kimi, dekabrın 12-də Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisi Ermənistandan Qarabağa gələn yolu bağlayıb. Bu, Laçın yolu kimi tanınır. Səbəb də bəllidir. Fəallar müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətinin altında olan Azərbaycan torpaqlarında təbii sərvətlərin talanmasına, eyni zamanda ekoloji terrorun törədilməsinə etiraz edirlər.

Aksiyanın ilk iki günü mən də orada idim. Aksiyanı biz başlatdıq. Biz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə daxil olduq. Bura onların müvəqqəti olaraq nəzarəti altındadır. Çünki o torpaqlar bizimdir. Biz özgə torpağına daxil olmamışıq. Orada çadırlar qurduq, Azərbaycan bayrağını dalğalandırdıq və Rusiya sülhməramlılarının rəhbəri Andrey Volkovun gəlib bizim tələblərimizi dinləməsini və ortaya çıxan bəzi suallara cavab verməsini tələb etdik. Lakin təəssüflər olsun ki, missiyasının adı sülhməramlı olsa da, daha çox erməniməramlı formasında fəaliyyət göstərən Volkov Azərbaycan vətəndaşlarının tələblərinə məhəl qoymadı, gəlib orada bizi dinləmədi. Volkov bu günə kimi də gəlməyib.

Artıq aksiyanın üçüncü günüdür. Mən artıq Bakıda olsam da, mütəmadi əlaqə saxlayıram və o hələ də gəlməyib. Artıq hər keçən saat Rusiya sülhməramlılarının sayı artırılır. Bundan başqa, ermənilər gecə-gündüz iki gündür ki, bağırıb hay salırlar ki, guya biz onların yolunu kəsmişik, humanitar dəhlizlərini bağlamışıq. Bu, tamamilə yalandır.

Xahiş edirəm, siz də bunu bütün oxuculara, bütün dünyaya çatdırasınız ki, biz orada o humanitar dəhlizi bağlamamışıq, əksinə hətta orada biz təklif etdik ki, əgər ermənilərin xəstələri varsa və yaxud da hansısa bir humanitar məqsədli nəy isə bir keçid lazımdırsa, biz onları buraxmağa hazırıq. Orada hazırda yolu bağlayan Rusiya sülhməramlılarının özləridir. Onlar iki maşın konteyner gətirdilər, yolu bağladılar, ondan sonra çadır qurdular və bu günə kimi də o yol bağlıdır. Onu Rusiya sülhməramlıları bağlayıb. Azərbaycan vətəndaşının haqlı mövqeyini dinləməkdənsə, bizə o dirəniş göstərməklərinin mahiyyəti nədir?! Bu Volkov və onun dəstəsi anlamırlarmı ki, bunlar burada müvəqqətidirlər və bunlar əgər bu cür davam edərsə, heç beş il də qalmayacaqlar?! Görəvlərinin bəlli bir vaxtında yəqin ki, Azərbaycan vətəndaşına bu cür etinasız yanaşan erməni terrorçularını, ekoloji fəlakət törədənləri dəstəkləyən, onlara şərait yaradan bir missiyanı sülhməramlı kimi qəbul edə bilmərik.

Onu da deyim ki, aksiyanın ilk saatlarında onlar bizə qarşı aqressiv davrandılar. Təsəvvür edin silahsız, əlində ancaq şüar və telefon olan fəallara qarşı rus sülhməramlıları ağır çaplı silahlarla, maşınla o ərazini kəsdilər və əllərində avtomat, pulemyot var idi. Biz müşahidə etdik ki, snayper postları da qurmuşdular. Düzdür sonradan o snayper postları yoxa çıxdı. Amma o avtomat və pulemyotlarla silahlanmış rus əsgərləri ərazidə durdular. Bununla belə Azərbaycan xalqı bu torpağın gerçək sahibi olduğunu nümayiş etdirdi. Bu aksiya bu gün də davam edir. Biz məqsədlərimizə çatanadək də aksiya davam edəcək. Bura bizim torpağımızdır. Biz öz torpağımıza sərbəst gedib gəlməliyik. Bizim Azərbaycan qanunlarını qəbul edən və heç bir terror əməlində, silahlı qarşıdurmada iştirak etməyən erməni əsilli Azərbaycan vətəndaşları ilə heç bir problemimiz yoxdur. Əksinə problem odur ki, rus sülhməramlıları adı altında orada olanlar bizim onlarla təmaslarımızın qarşısını alırlar. Eyni zamanda terrorçuları dəstəkləyirlər, onlara hansısa şərait yaradırlar. Azərbaycan xalqı bununla bir daha göstərdi ki, əzmlidir və biz bu aksiyada da qalib gələcəyik”.

Ortaq Dəyərlər İctimai Birliyinin sədri, "Türküstan" Media Qrupunun rəhbəri Aqil Camal: “Bildiyimiz kimi, Qarabağda yaşayan ermənilərin istifadə etdiyi Xankəndi-Gorus yolu dekabr ayının 12-dən Azərbaycanın ictimai sektorunun təmsilçiləri tərəfindən bağlanıb. Həmin vaxt yola nəzarət edən rus hərbçiləri aksiyanın baş tutmasının qarşısını almaq üçün ciddi müqavimət göstərdilər. Bu, görüntülərdə də öz əksini tapıb.

Aksiya iştirakçıların fəallığı, iradəsi ilə inadkarlıq göstərməsi onların müqavimətini qırdı və məcbur oldular ki, həmin yerdə özlərinə müəyyən post yaratsınlar. Bununla da özlərinə mövqe seçdilər.

Aksiya iştirakçılarının tələbi ondan ibarətdir ki, bölgədəki rus hərbi kontingentinin komandanı Andrey Volkov gəlsin və aksiya iştirakçıları ilə görüşərək onların suallarını cavablandırsın. Eyni zamanda, Azərbaycanın müvafiq dövlət qurumlarının təmsilçilərindən ibarət monitorinq qrupu Azərbaycanın təbii sərvətlərinin həmin bölgələrdə talanması ilə bağlı mədənlərdə monitorinq keçirməsinə şərait yaradılmalıdır. Aksiyanın 3-cü günü olsa da, rus sülhməramlıları kontingentinin rəhbərliyi aksiyaya etinasız yanaşır. Hələ də aksiyaçıların tələblərini yerinə yetirib onlarla görüşə gəlmirlər. Paralel olaraq ora canlı qüvvə, səyyar çadır və hərbi texnika yerləşdiriblər. Bu da onu göstərir ki, onlar aksiyanın uzun müddət olacağını bilirlər. Problemi həll etməkdənsə, Azərbaycanın təbii sərvətlərinə qarşı keçirilən vandalizm aktkarının qarşısını almaq əvəzinə aksiyaçıların səbrini sınağa çəkirlər.

Mənim qənaətim odur ki, rus sülhməramlıları tərəfindən lazımi addımlar atılmayana qədər aksiya davam edəcək. Aksiyaçıları əvəz etmək üçün bu gün minlərlə soydaşımız təşkilatçı qurumlara müraciət edirlər”.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli: “Artıq 3-cü gündür ki, Laçın-Xankəndi yolunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları, vətəndaş cəmiyyəti institutları, könüllülər və gənclər təşkilatlarının nümayəndələri öz etiraz aksiyasını davam etdirir. Onlar bu etiraz aksiyasını sülh şəraitindən azad olaraq öz fikirlərini ifadə etmək hüquqlarından istifadə edərək bildirirlər. Qeyri-Hökumət Təşkilatlarının bu məsələdə əsas narahat olduğu məqam ondan ibarətdir ki, Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasında, müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzarət etdiyi zonalarda qeyri-qanuni iqtisadi fəaliyyət, qeyri-qanuni faydalı qazıntı yataqlarının istismarı, konkret olaraq Dəmirli və Qızılbulaq qızıl yatağında qeyri-qanuni fəaliyyətlərə son qoymaq, eləcə və yaxud həmin qeyri-qanuni fəaliyyətlər nəticəsində həmin ərazilərdə Azərbaycanın ətraf mühitinə və ekologiyaya nə dərəcədə zərər vurulması ilə bağlı monitorinqin keçirilməsinə nail olmaqdır.

Orada iştirak edən, etiraz aksiyasında Qeyri-Hökumət Təşkilatlarının sədrləri və digər şəxslər Rusiya sülhməramlı kontingentinin komandanı Volkovun etiraz aksiyası yerinə gələrək onların narahatçılıqlarını dinləməsini, suallara cavab verməyini, monitorinqin keçirilməsinə müvafiq şəraitin yaradılmasını tələb edirlər və hesab edirik ki, bu tələblər yerinə yetirilməyənə qədər Qeyri-Hökumət Təşkilatları, vətəndaş cəmiyyəti institutları həmin etiraz aksiyasında iştiraklarını davam edəcəklər.

Rusiya sülhməramlıları iştirakçıların hərəkət azadlığını məhdudlaşdıraraq Xankəndi və digər Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə monitorinqin aparılmasının qarşısının alınması, əslində, etiraz aksiyasında iştirak edən və monitorinq aparmaq istəyində olan vətəndaş cəmiyyəti institutları, ekoloqların hüquqlarını pozur. Bu məsələnin tezliklə müsbət məcrada həllinə ümid edirik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə