"Xankəndinə sülhməramlı adıyla gəlsələr də, Qarabağda möhkəmlənmək istəyirlər" - SORĞU

"Xankəndinə sülhməramlı adıyla gəlsələr də, Qarabağda möhkəmlənmək istəyirlər" - SORĞU

Hazırda QHT-ləri təmsil edən bir qrup Azərbaycan ekoloqu Laçın-Şuşa yolunda etiraz aksiyasını davam etdirir. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirir.

Bildirək ki, ekoloji fəallar çadırlar qurublar və onları təbii ehtiyatların qanunsuz istismarının və talan edilməsinin fəallaşması, o cümlədən ekoloji nəticələrin pisləşməsi müşahidə edilən Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxmayınca oradan getmək fikrində deyillər.

Əllərində plakatlar və bayraqlar tutmuş, şüarlar söyləyən dinc etirazçıların qarşısını rus sülhməramlıları almaq istəyir. SİA mövzu ilə bağlı aksiya iştirakçıları arasında sorğu keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Məhsəti Hüseynova: "Dünən saat 8-dən aksiyaya başlamışıq. Aksiyamızın şüarı da, adı da "Ekoloji terrora yox deyək!", "Ekoloji terrora son qoyaq"dır. Bu şüarlarla davam edirik.

Keçən həftədə 3-7 dekabr tarixində sülhməramlıların komandiri olan polkovnikə bir tələbnamə göndərdik ki, Xankəndində olan mis və qızıl yataqlarının xarici şirkətlər tərəfindən istismar olunur. Əsas istəyimiz odur ki, biz bunun monitorinqini keçirmək və eyni zamanda istismarın qarşısını almaq üçün bu aksiyaya başlamışıq. Artıq ikinci sutkadır ki, buradayıq və dünən səhər saatlarında başlayanda Aleksandr Volkovun köməkçisi bizi qarşıladı. O, tamamilə sərxoş vəziyyətdə idi. Bizim verdiyimiz sualların heç birinə cavab vermədi, ancaq sonda söz verdi ki, bizim tələbimizi ona çatdıracaq və o gələcək. Lakin heç bir xəbər yoxdur və sülhməramlılar artıq bizim qarşımızı kəsmək üçün Laçın koridorundayıq, barrikadalar da qurublar və hər birində ağır zirehli silahlar, pulemyotlar var. Bu şəkildə hər biri bizim qarşımızı kəsib. Amma təbii ki, biz bundan qorxmur, geri çəkilmir və şüarlarımızla davam edirik. Adları sülhməramlı olsa da məramlarının sülh olmadığı ortadadır. Çünki silahla qarşı qoyan onlardır. Amma biz rəqsli mahnılarla, yüksək pozitiv enerji ilə öz aksiyamıza davam edirik və məqsədimizə nail olana qədər aksiyamıza davam etməyə söz vermişik.

Deyərdim ki, bütün gecəni də oyaq qaldıq. Burada hava çox soyuq olmağına baxmayaraq ocaqlar qaladıq. Eyni zamanda bizim yemək, çay və su təminatımız da qaydasındadır. Yəni bəzən internetdən xəbərlər yayılır ki, aclıq aksiyasıdır. Xeyr, heç də elə bir hadisə baş verməyib. Aclıq yoxdur.

Eyni zamanda ambulanslar var. Soyuqlamaq istəyən digər insanlara belə tibbi yardım göstərilir, dərmanlarla, tibbi ləvazimatlarla təchiz olunur. Bu baxımdan heç bir çətinliyimiz yoxdur. Yeganə məqsədimiz, dediyimiz kimi bizim Xankəndində olan qızıl yataqlarımızdır. Təşkil etsinlər ki, biz oraya səfər edək və monitorinqlər aparaq. Çünki bizim təbii sərvətimiz Azərbaycanın gələcəyi və gənclərimizin gələcəyi üçün vacibdir. Bunu qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur".

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli: "Aksiyada mən də iştirak edirəm. Sözsüz ki, bu gün rus sülhməramlılarının özbaşınalığı, orada olan separatçı rejimlərlə əlbir olmağı və orada baş verən talançılıq haqları ilə onların şərik olmasıdır. Belə ki, bildiyiniz kimi, orada böyük miqdarda Qızılbulaq və Dəmirli yataqlarından qiymətli metallar çıxarılır. Bu böyük məbləğdə vəsait edir. Sözsüz ki, onlar orada buna himayəlik etməklə öz gəlirlərini əldə edirlər, onlarla şərik işləyirlər. Bu onların orada iqtisadi maraqlarını təmin edir və bizim monitorinq qrupunun oraya getməsi və ya buna son qoyulması onların marağında deyil.

Digər tərəfdən, burada həm də siyasi maraqlar var. Hesab edirəm ki, burada hamı Rusiya dövlətinin siyasi maraqları, bölgədə idarə olunmayan bir durum yaratmaq, Azərbaycanın təzyiqi üçün bundan istifadə etmək, həmçinin Ermənistanla hansısa formada bağlılığını artırmaq və ya Ermənistanı təzyiq altında saxlamaqdır.

Bu gün rus sülhməramlıları öz üzərinə düşən öhdəliklərini və missiyalarını həyata keçirmirlər. Çünki qeyd etdiyim kimi mahiyyətcə erməni separatist qüvvələri orada himayədarlıq edirlər.

Bu gün Ruben Vardanyanın baş nazir təyin olunması böyük mətləblərin üstünü açır. Belə ki, baş verən son proseslər onu deməyə əsas verir ki, orada həm də Rusiyanın da maraqlarının təmin olunması niyyətindədir və bu baxımdan rus sülhməramlıları özlərini arxayın hiss edirlər".

Yeni Müsavat media qrupunun redaktoru, "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin sədri Elşad Məmmədli: "Rusiya sülhməramlı kontingentinin özbaşınalığı onlar bölgəyə yerləşdirildiyi ilk günlərdən müşahidə olunur. Biz, ilk günlərdə bunu onların bölgəyə yeni yerləşməsi və üzərlərinə düşən öhdəliklərin icrasında hansısa texniki problemlərin olması kimi qiymətləndirib ilkin vaxtlarda müəyyən qədər liberal, loyal münasibətlər göstərmişik. Ancaq bu liberal loyal münasibət sonsuza qədər davam edə bilməzdi.

Sülhməramlı kontingentin bölgəyə yerləşməsindən artıq iki ildən bir ay da çox vaxt keçir. Bu müddətdə sülhməramlı kontingent bölgədə təhlükəsizliyi təmin etmək əvəzinə bölgədəki separatçı rejimin və Ermənistan ordusunun qanunsuz silahlı birləşmələrinin hansı ki, onlar Qarabağda qalmaqda davam edirlər, son vaxtlar biz onu müşahidə edirdik ki, sülhməramlı kontingent Azərbaycanın ərazilərində qanunsuz şəkildə fəaliyyət göstərən xarici şirkətlərin fəaliyyətinə göz yumur. Onların qanunsuz fəaliyyətinin dayandırılması və ərazidə monitorinqin aparılması üçün hansısa bir monitorinqlər aparmağımıza, Azərbaycanın dövlət qurumlarının, Ekologiya Təbii Sərvətlər nazirliyinin və digər qurumların monitorinqlər aparmasına belə imkan vermirdilər. Hətta ötən həftə biz müşahidə etdik ki, Azərbaycanın dövlət qurumları həmin ərazidə monitorinq aparmaq istəyərkən qanunsuz silahlı erməni birləşmələrinin üzvlərini də öz ətraflarına cəmləyərək orada təxribatlar törətməyə cəhd göstərdilər və bundan sonra bildiyiniz proseslər yaşanır. Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Xankəndi-Şuşa, Laçın-Gorus yolunda (bura əvvəllər Laçın dəhlizi adlandırılırdı) sülhməramlıların nəzarət etdiyi yerdə yolu bağlayaraq tələblərini irəli sürürlər.

Ümumiyyətlə, Rusiya sülhməramlılarının niyə belə davrandığını incələdikdə iki istiqamətə daha çox diqqət yetirməliyik. Birinci istiqamət odur ki, bunu məqsədli şəkildə qəsdən bir siyasət olaraq Kremldən aldıqları təlimat üzrə həyata keçirdiklərini deyə bilərik. Bununla onlar bölgədə sanki hegemonluqlarını öz bildikləri kimi həyata keçirdiklərinə dair mesajlar verirlər.

İkinci istiqamət isə odur ki, onlar bölgədə yalnız ermənilərin dəstəkçisi rolunda çıxış etməyi qarşılarına bir məqsəd kimi qoyublar. Təbii iki variantın hər biri Azərbaycan tərəfindən rədd edilir. Buna təbii ki, Azərbaycan ən sərt şəkildə reaksiya bildirir və bildirməkdə də davam edəcək. Çünki Azərbaycan uzun illər ərzində işğal altında yaşayıb və işğalçılığın acı nəticələrini aradan qaldırıb firavan bir həyata keçid almağı hədəfləmişik. Ancaq sülhməramlılar sanki bunu istəmirlər və bölgədə davamlı olaraq konfliktin qalması bunda, Azərbaycan suveren ərazilərinin hansı ki bu gün onların müvəqqəti nəzarətindədir, daim orada öz bildiklərini həyata keçirməklə bir qarşıdurma vəziyyətini saxlamaqda davam etmək kimi görünürlər. Azərbaycan da təbii ki bunun qarşısını almaq üçün həm Azərbaycan Konstitusiyasına, həm də beynəlxalq hüquqi normalara uyğun olaraq bütün səylərini səfərbər edəcək.

Təbii ki, bu prosesdə biz onu da müşahidə edirik ki, Azərbaycan xalqı yenə yumruq kimi birləşib. Necə ki, 44 günlük müharibədə biz bunun şahidi olmuşduq, yenə də srağagündən başlayan prosesdə artıq bütün xalq ayaqdadır. Biz hadisə yerində aksiyalar keçirdikcə insanların gecə-gündüz prosesi izlədiklərini və nə lazımdırsa onu edəcəklərini bildirirlər. Yəni, bütün qüvvələr əmin olsunlar ki, Azərbaycanı haqq mövqeyindən, haqq yolundan döndürə bilməyəcəklər, Bu istər sülhməramlılar olsun, istərsə də qeyriləri".

Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli: "Rusiya sülhməramlılarının özbaşınalığı açıq-aydın ortadadır. Onlar hələ ki, əsas məqsədlərini biruzə vermirlər.

Bildiyimiz kimi, Rusiya sülhməramlıları 2020-ci il 10 noyabrda imzalanmış Üçtərəfli bəyannaməyə əsasən Xankəndinə daxil olublar. Daha sonra onlar hərbi infrastruktur yaratdılar, həmçinin rus zabitlərinin ailələrinin Xankəndinə köçürülməsi məsələsini ortaya atıblar. Eyni zamanda, bu bəyanatın IV bəndinə əsasən rus sülhməramlılarının qarşısına erməni qanunsuz silahsız birliklərinin Qarabağ iqtisadi rayonundan çıxarılması kimi vəzifə qoyulub. Ancaq rus sülhməramlıları iki il ərzində bu vəzifəni yerinə yetirməyiblər. Rus sülhməramlılarının nəzarəti altında olan Qarabağ ərazilərində qızıl mədənləri talan olunur. Onlar ya buna bilərəkdən şərait yaradır, ya da göz yumurlar. Rusiya sülhməramlıları çıxılmaz vəziyyət yaradıblar. Bütün bunların onların məramının xoş olmadığını göstərir.

Rusiya özünü böyük imperiya hesab edir. Böyük imperiyalar genişlənmədiyi təqdirdə daxili parçalanma baş verir. Rusiyanın məqsədi Qafqazda, xüsusilə Ukraynada möhkəmlənməkdir. Ukrayna xalqı müqavimət göstərərək Rusiyanın bu məqsədinə mane oldu. Rusiya artıq parçalanmaqda olan dövlətdir. Onların niyyəti keçmiş SSRİ ərazisini yenidən bərpa etməkdir. Xankəninə sülhməramlı adıyla gəlsələr də, Qarabağda möhkəmlənmək istəyirlər. Əgər Ermənistanda şovinist hakimiyyət olmasa və erməni xalqı reallığı dərk etsə, rusları Qafqazdan çıxartmaq olar. Lakin onlar hər zaman böyük dövlətlərin nökəri olmağı seçiblər. Vaxtilə də rusların qanadları altında Qarabağı işğal etdilər. İndi isə Rusiyanı da sataraq Qərb istiqamətini seçiblər. Ruslar da onları ürəkdən himayə edə bilmir.

Hesab edirəm ki, rus sülhməramlıları gec-tez reallığı qəbul edəcək və Azərbaycandan öz qüvvələrini geri çəkəcəklər".

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdi: "Biz artıq ikinci gündür ki, ərazidəyik. İki sutka olmağına az qalmasına baxmayaraq, sülhməramlıların komandanı general Volkovun üzünü görə bilməmişik. Bu onu deməyə əsas verir ki, o öz yerində deyil və işinin öhtəsindən gələ bilmir. Volkov Azərbaycan QHT-lərinə qarşı hörmətsizlik edir. Biz QHT-lər olaraq ondan tələb edirik ki, bizə cavab versin və tələblərimizi yerinə yetirsin. Azərbaycan ekoloqları bizə məxsus ərazilərdə monitorinq aparmalıdırlar. Bu necə olur-olsun baş tutacaq.

Biz heç bir təxribata uymuruq və yanlız deyilik. Sayımız 500 yüzdən çoxdur. Bizə axın-axın dəstək gəlir. Heç bir çətinlik bizi bu yoldan döndərə bilməz. Volkov gəlib bizə cavab verməlidir. Tələblərimizi yerinə yetirməyənə qədər buradan gedəsi deyilik. Hər şey əla olacaq.

Rus sülhməramlılarına gəldikdə isə həddindən artıq aqressivdirlər. Onlar heç bir suala cavab vermirlər. Onlar əslində sülhməramlı yox, erməniməramlı və şərməramlıdırlar. Sülhməramlı əlində qumbaraatanla gəncliyin qarşısında dayanmaz".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə