Qarabağda qanunsuz fəaliyyətlərə son qoyulmalıdır – DEPUTAT ŞƏRH ETDİ

Qarabağda qanunsuz fəaliyyətlərə son qoyulmalıdır – DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası indiyədək baş verən hadisələrə adekvatdır. Faktiki olaraq sülhməramlıların çətiri altında geniş imkanlar əldə etmiş separatçılar Azərbaycanın mülkiyyətində olan yeraltı və yerüstü sərvətlərin talanmasında xarici şirkətlərlə birgə hərəkət edirlər. İndi artıq o zaman deyil ki, qanunsuz hərbi birləşmələr, separatçı ünsürlər heç kimdən çəkinmədən Qarabağda istədiklərini etsinlər. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 44 günlük müharibədən qalib çıxandan və 30 il işğal altında qalan torpaqlarını azad edəndən sonra Qarabağda yaşayan ermənilərə də imkanlar yaradıldı ki, birgə yaşamaq qaydalarına alışsınlar, dövlətimizin qanunlarına tabe olaraq vətəndaşlıq etməyi öyrənsinlər. Hadisələrin gedişatı da göstərir ki, məhz separatçıların bölgədə təxribatçı fəaliyyəti nəticəsində Xankəndidəki ermənilər tabeçilikdən çox, tabesizlik yolunu tutublar. Qarabağda ermənilərin qanunsuz fəaliyyətlərinə son qoyulmalıdır. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan əsgərinə güllə atmayan, qanunsuz əməllərdə, hərbi cinayətlərdə iştirak etməyən sadə ermənilərin Qarabağda yaşamasına heç bir maneçiliyin törədilməyəcəyi barədə rəsmi mesajlar bu günə qədər dəfələrlə səsləndirilib: “Amma Qarabağdakı separatçıların cinayətkar davranışları sadə insanları öz hüquq və istəklərini lazımi şəkildə ifadə etməyə mane olur. Bəziləri qorxudan Azərbaycan bayrağı altında yaşamaq istəyini gizlətməli olur. Halbuki, ermənilər də separatçıların yaratdıqları mühitdən beziblər, tezliklə onlardan can qurtarmağa çalışırlar. İnteqrasiyanın olmamasında Qarabağdakı sülhməramlılar da az iş görmürlər. Onlar bütün hallarda erməni və azərbaycanlı sakinlərin təmas qurmasına əngəllər törədirlər. Əgər başqa ölkələrdə, o cümlədən Azərbaycanın digər bölgələrində ermənilərlə azərbaycanlılar birgə yaşaya bilirlərsə və bu təmaslardan kimsə narazı deyilsə, onların həyatları üçün heç bir təhlükə yoxdursa, bu təmaslar niyə də Qarabağda olmasın? Ona görə də öncə sülhməramlıların fəaliyyətinə ciddi nəzarət olunmalıdır. Onların iki xalq arasında təmasların qurulmasına yaratdığı əngəllər aradan götürülməli, separatçılar bölgədən çıxarılmalı, Azərbaycanın rəsmi qurumlarının monitorinqinə və digər fəaliyyət növlərinə şərait yaratmalıdır. Əks halda qarşıdan gələn növbəti illərdə də bu vəziyyət dəyişməz olaraq qalacaq. Fəaliyyətləri ilə qeyri-məqbul alan sülhməramlılar 3 ildən sonra bölgədən çıxarılacaq, problemlər isə həll edilməmiş qalacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə