“Aksiyalar məqsədimizə nail olana qədər davam etdirilməlidir” - AÇIQLAMA
“Son iki gündə Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların ekoloji tələblərlə keçirdikləri aksiyalar Azərbaycan cəmiyyətinin rus hərbçilərin müvəqqəti nəzarətindəki ərazilərimizdəki mövcud duruma necə həssas yanaşdığını bir daha göstərdi”. Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.
Onun sözlərinə görə, dövlət səviyyəsində rus sülhməramlılarının komandanlığı ilə qanunsuz mənimsəmə həyata keçirilən mədən yataqlarında monitorinqin aparılması üçün əldə edilmiş razılaşmanın pozulması Azərbaycan vətəndaşları arasında hiddətlə qarşılanır: “Bu məsələdə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyən sülhməramlılara məramımızı çatdırmaq üçün ölkəmizin ekofəallarının təşkil etdiyi aksiya indi bütün dünyanın diqqətindədir. Silahsız, yalnız vətəndaş cəmiyyəti fəallarının iştirak etdiyi aksiyanın qarşısına ağır texnikalar çıxarılması, sülhməramlıların rəhbərliyi ilə görüş tələbinin yerinə yetirilməməsi, Laçın yolunun qismən bağlı qalmasına qəsdən şərait yaradılması, əslində, general Volkov və Ruben Vardanyan ikilisinin Ağdərə, Tərtər rayonu ərazisindəki Azərbaycanın yeraltı sərvətlərinin heç bir norma gözlənilmədən qanunsuz mənimsənilməsi, qanunsuz gəlir əldə edilməsi ilə bağlı iddiaları bir daha təsdiqləyir. Etiraz aksiyası həm də Azərbaycan dövləti və cəmiyyətinin eyni məqsəd və məramdan çıxış etdiyini bir daha həm separatçı rejimin qalıqlarına, həm də onlara qol-qanad verən rus hərbçilərinin rəhbərliyinə göstərmiş oldu. Separatçıların, Ermənistandakı siyasətçilərin iddia etdiyi kimi, azərbaycanlılar heç də Laçın yolunu bağlamayıblar. Oradan mülki maşınlar və vətəndaşların hərəkəti həyata keçirilir. Yolu bağlayan elə rus hərbçilərin özləridir. Bu aksiyalar məqsədimizə nail olana qədər davam etdirilməli, qarşı tərəf əldə olunmuş razılaşmaları yerinə yetirənədək səsimizi ucaltmalıyıq. Çünki Qarabağ iqtisadi rayonu Azərbaycanın suveren əraziləridir. Burada nəzarətdən kənar mədən fəaliyyətinin yaratdığı fəsadlar digər azad edilmiş ərazilərdəki su mənbələrimizin, meşə fondumuzun ciddi zərər görməsinə səbəb olur. Bu səbəbdən, qanunsuz fəaliyyətlərin qarşısı dərhal alınmalı, həmin mədənlərə nəzarət bərpa olunmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB