Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib, gül dəstələri düzülüb. SİA xəbər verir ki, tədbir başlamadan öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyatından bəhs edən sənədli film nümayiş olunub.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək bildirib ki, Ulu Öndərin ideyalarını hər zaman yaşatmaq, gənc nəslə bu ideyaları, xatirələri çatdırmaq ən vacib məqsədlərdəndir. Mütləq həqiqətdir ki, Azərbaycan xalqı yaşadıqca Ümummilli Lider Heydər Əliyev də yaşayacaq. Bildirib ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini heç bir zaman unutmayacaq. Ümummilli Lider bütün həyatını xalqımızın rifahının yüksəlməsinə, Azərbaycan xalqının dünyada nüfuzunun daha da artmasına, dövlətimizin güclənməsinə, qüdrətlənməsinə sərf edib.
Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı,Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında qeyd edib ki, bu gün müasir, inkişaf edən, dünya miqyasında tanınan Azərbaycan məhz Ulu öndər Heydər Əliyev siyasi kursunun təcəssümüdür: “Ulu öndərin həyata keçirdiyi siyasi kursu uğurla davam və inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin güclənməsi, vətəndaşlarımızın sosial rifahının yaxşılaşması istiqamətində qətiyyətli fəaliyyət nümayiş etdirir.
Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova bildirib ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başladı və bugün artıq Azərbaycan dünyada öz sözünü deməkdədir.
“91-lərin nümayəndəsi” Novruz Quliyev çıxışı zamanı bugünkü Azərbaycanın məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf etdiyinu, uğurla addımladığını, ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi olduğunu qeyd edib.
Rayon təşkilatının veteran üzvü Rizvan Vahabov ulu öndər Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı gördüyü işlərdən geniş bəhs edərək vuğulayıb ki, onun idarəçilik təcrübəsi, siyasi iradəsi, bacarığı, liderlik keyfiyyətləri hər bir çətinliyin öhdəsindən uğurla gəlməsi barədə fikirlərini bölüşüb.
YAP Səbail rayon təşkilatının fəal üzvü Rüstəm Mehdizadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin gördüyü işlər arasında gənclər siyasətinin də mühüm yeri olub. Ümummilli Lider gənclərlə görüşlər keçirir, onlara təhsillərində dəstək olurdu. Hazırda Ulu Öndərin gənclər siyasətini Prezident İlham Əliyev yüksək uzaqgörənliklə davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə