"Bu təlim heç bir ölkəyə qarşı yönəlməyib" - HƏRBİ ESKPERT AÇIQLADI

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycan Türkiyə birgə hərbi təlimi keçirilib. Bu təlimin keçirilməsi hər il olduğu kimi bu ilin planına uyğun olaraq birgə fəaliyyət çərçivəsində həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, təlim Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələri müxtəlif qoşun növlərinə şəxsi heyəti, döyüş və xüsusi təyinatı, mühəndis texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilir.

Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, raket və artilleriya qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə müxtəlif təlim tapşırıqlarını yerinə yetiriblər. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çayların üzərindən keçib qaçmaq məqsədilə fanton körpülərin salınması ilə müxtəlif tapşırıqlar icra edilib.

Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqə fəaliyyəti zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəlib. Bu təlimlərdə həm də ən müasir hərbi texnika və avadanlığın istifadəsi onun peşəkar heyətinin onlardan tam şəkildə istifadə qaydalarının yoxlanılması kimi tapşırıqlar da icra olunur.

Təlimlərdə həm də Azərbaycan Ordusunun Vətən müharibəsində 44 gün ərzində qazanmış döyüş təcrübəsinin elementləri və yanaşmaları da tətbiq ediləcək. Ümumiyyətlə, mən deyərdim ki, bu, birinci belə təlim deyil. Artıq Türkiyə Ordusu dedikdə, yanında Azərbaycan Ordusu da yada düşməlidir. Bunun üçün bütün hüquqi sənədlər tam şəkildə hazırlanır. İki dövlət arasında lazımi prosedur qaydaları aparılmışdır. Belə olduğu halda, hər hansı bir tapşırığı yerinə yetirmək üçün Azərbaycan və Türkiyə birgə təlimləri keçirilməlidir.

Son zamanlar irimiqyaslı təlimlər Türkiyə Ordusunun nümayəndələri ilə birgə keçirilir. Bu, bizdə ənənəvi hal alıb. Bu təlimlər o birilərdən fərqli olaraq, geniş bir ərazidə keçirilir. Yəni, Bakı, Astara, İmişli və Cəbrayıl rayonlarını əhatə edir. Azərbaycanın harada təlimlər keçirməsi onun daxili işidir. Bu da əvvəlcədən planlaşdırılmış təlimdir. Bu heç bir ölkəyə qarşı yönəlməyib.

Biz nəzərə almalıyıq ki, son zamanlar İran Respublikası Azərbaycan sərhədlərinə yaxın təlimlər keçirmişdi. Biz bu təlimləri izləyirdik. Bu hər yerdə belədir. Əgər hər hansı bir istiqamətdə qonşu tərəf hansısa təlim edirsə, adətən qonşu olan digər dövlət o itiqamətdə müəyyən bir təlim keçirir. Bütün təlimlər ölkəmizin sərhədlərini gücləndirmək üçündür".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə