Ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə - Zəfər Paradı - ŞƏRH
İki il öncə 10 dekabr tarixində paytaxt Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilirdi. Şanlı Azərbaycan Ordusunun zəfər keçidini təmsil edən bu parad xalqımızın əyilməz ruhunun, böyük zəfərinin təcəssümü idi. Qalib Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin, zəfərimizə mənəvi-siyasi dəstək göstərən, hər bir azərbaycanlı üçün əziz olan qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ilə birgə iştirak etdiyi parad, Azərbaycan tarixində xüsusi əhəmiyyətli yer tutmaqdadır. Düzdür, tariximizdə daha əvvəl də paradlar mövcud idi. Üstəlik, bu paradlar da öz əzəmətinə görə kifayət qədər yüksək səviyyədə idi. Amma 10 dekabr 2020-ci il tarixli Zəfər Paradı çox böyük bir mənəvi mövhumu, Qələbəni təmsil edirdi. 27 il əsarət altında qalan əzəli torpaqlarımızın azadlığını, haqqın zəfərini, tarixi ədalətin bərpasını, ən vacibi Azərbaycan xalqının “məğlub xalq” sindromunun sonunu təmsil edirdi. Bu paradla Azərbaycan Respublikası 10 noyabr Bəyanatı ilə rəsmiləşdirdiyi Zəfərini, bir daha və bu dəfə daha açıq şəkildə, daha gur səslə dünyaya elan etdi.
Paradda xüsusi diqqət çəkən bir neçə nüans var idi ki, bu nüanslara diqqət yetirmək zəruridir. İlk olaraq, onu xatırlatmaq istərdim ki, işğal zamanı Ermənistanın yüksəkrütbəli rəsmiləri bizi əgər müharibə başlayarsa erməni tanklarının Bakının küçələrində olacağı ilə hədələyirdi. Hətta Ermənistanın keçmiş müdafiə naziri, hansı ki, o hazırda həbs olunub, Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə təhdid edirdi. Azərbaycan Ordusu həmin şəxsə ən tutarlı cavabı elə hərb meydanında, onun başında olduğu Ordunu yerlə-yeksan edərək layiqli şəkildə verdi. Bir çox nöqtələrdə Ermənistan Ordusu hərbi texikanı, silah-sursatı ataraq rəzil şəkildə hərb meydanından qaçdı. Bununla da “yenilməz ordu” mifologiyası bütün dünyanın gözü qarşısında tarixin zibilliyində-layiq olduğu yerdə özünə yer tapdı. Amma hər halda Ermənistan rəsmiləri haqlı çıxdı: Erməni tankları Bakıya gəlib çatdı. Necə, nə cür bu artıq ikinci məsələdir. 10 dekabr 2022-ci il günü erməni tankları “əsir” kimi, Şanlı Ordumuzun zəfərinin göstəricisi kimi Bakıya girdi. Bu gün bu tanklar və bir çox erməni hərbi texnikası Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu Hərbi Qənimətlər Parkında sərgilənir. İstənilən Azərbaycan vətəndaşı və xarici qonaq buraya gələrək Azərbaycanın xilaskarlıq missiyası zamanı keçdiyi döyüş yolu, erməni vandallığının təzahürü olan Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqlarını və daha bir çox qəniməti görə bilər.
Paradda daha bir nüans Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiyanın nümayişi idi. Bu, xüsusi diqqətə layiq addımdır. Çünki, həmin lövhə illərlə Ermənistanın azərbaycanlıların şəxsi maşınlarının nömrələrindən ibarət xüsusi lövhəni işğal edilmiş torpaqlarda nümayiş etdirməsinə verilən cavab idi. Bu, Azərbaycan xalqının heysiyyatına toxunan, azərbaycanlıların öz dədə-baba torpaqlarından didərgin salındığını göstərən hərəkət idi. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə, orduları haqqında mif yaratmağa çalışırdı. Onlar bununla fəxr edirdi. Zəfər Paradında Azərbaycan bunun cavabını verdi. Erməni mifini darmadağın etdi. Bu lövhə erməni ordusunun, erməni əsgərinin atıb qaçdığı hərbi yük maşınlarının nömrələrindən ibarətdir. Beləliklə, lövhə erməni fərariliyinin təzahürünün simvoludur. Bəli, məhz budur, onlara verilən cavab. Mülki vətədaşların yox, birbaşa hərbi maşınların nömrəsinin nümayişi. Bu Azərbaycanın qələbəsinin və Ermənistanın məğlubiyyətinin nümayişi idi. Qeyd edək ki, hazırda lövhə Hərbi Qənimətlər Parkında nümayiş olunur.
Bu gün artıq bu möhtəşəm paraddan iki il ötüb. Ötən zamanda Azərbaycan öz zəfərlərinə daha bir çoxunu əlavə edib. Bu zəfərlər həm diplomatiya müstəvisində, həm də hərb meydanında baş verməkdədir. Təəssüf ki, Ermənistan böyük məğlubiyyətinə rəğmən hələ də öz xislətindən əl çəkməyərək revanşizmə meyl edir. Ancaq Azərbaycan da dəmir yumruğunu yerə qoymayıb. Lazım olduğu anda dəmir yumruq yenə düşmənin başını əzəcək, belini qıracaqdır. Təbii ki, ölkəmiz müharibənin yox, sülhün tərəfdarıdır. Bütün atılan addımlar da məhz sülhə hesablanıb. Amma əgər Ermənistan yenidən ölkəmizə, ərazi bütövlüymüzə qarşı yalnış addım atmağa cəhd edərsə bunun cəzası ən sərt şəkildə veriləcəkdir. Azərbaycan əsla öz sərhədlərində ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəkdir.
Famil Səfiyev
Respublika Çernobıl Əlilləri İctimai Birliyinin Pirallahı rayon filialının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB