YAP Yasamal rayon təşkilatının gənc üzvləri üçün məlumat turu təşkil olunub FOTOLAR

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən YAP Yasamal rayon təşkilatının fəal gənc üzvləri üçün məlumat turu təşkil olunub. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin məsul əməkdaşları tədbir iştirakçılarını Nazirliyin tarixi və fəaliyyəti barədə məlumatlandırıblar. Onlar Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə bütün sahələrə olduğu kimi, müdafiə sənayesinə də böyük diqqət göstərdiyini, bu sahənin daha da inkişafının dövlətimizin prioritet istiqamətlərindən olduğunu bildirib, Vətən müharibəsində Azərbaycan silahının düşmənə sarsıdıcı zərbələr vurması barədə faktları diqqətə çatdırıblar.Daha sonra gənclər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeli birlik və müəssisələrində istehsal olunan müxtəlif növ silah-sursatlarla tanış olublar. Mütəxəssislər onlara silahların texniki göstəriciləri haqda məlumatlar verib, gəncləri maraqlandıran sualları cavablandırıblar. Gənclər müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevə təşkil olunan maraqlı və geniş informasiya tutumlu tədbirə, 44 günlük Vətən müharibəsində yüksək nailiyyətlərə imza atan Azərbaycanın yerli istehsalı olan silahları canlı görmək üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, belə tədbirlərin davamlı olmasını arzuladıqlarını vurğulayıblar. Gənclərə Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin şanlı Zəfərə verdiyi töhfələr, bu qurumun ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda misilsiz qəhrəmanlıq nümunələri göstərərək, şəhidlik zirvəsinə ucalan və müharibə iştirakçısı olan işçilərindən bəhs edən "Tarix yazan qəhrəmanlar" kitabı hədiyyə olunub.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə