Prezident İlham Əliyev: "Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir"
Azərbaycan xalqının çoxəsrlik tarixi əlamətdar hadisələrlə zəngindir. Lakin etiraf etməliyik ki, son iki yüz ildə xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər qədər möhtəşəm qələbə yoxdur. Qazandığımız bu Zəfərdən iki il ötsə də hərb tarixində yeni səhifə açmış 44 günlük Vətən müharibəsindən ölkəmizdə, eləcə də dünya ölkələrində hələ də danışılır, müzakirələr aparılır. Bu Qələbə xalqımızın üzərindən məğlub, torpaqları işğal altında qalan, qaçqın və köçkün sözünü götürdü. Xalq-Dövlət-Ordu birliyinin ən yüksək səviyyədə olduğunu bütün dünya gördü. Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri hələ uzun müddət təhlil ediləcəkdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yürütdüyü güclü daxili və xarici siyasət, Preazident kimi fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər, qazandığımız qələbəni şərtləndirən başlıca amillər sırasındadır.
Bu gün 1 dekabr Laçının işğaldan azad olunduğu gündür. Azərbaycan Prezidenti İlham Əliyevin 1 dekabr tarixində xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu bildirib: "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq" – deyən Cənab Prezident qeyd edib ki, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı: "Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".
"GÖRÜN BİZİM HƏM HƏRBİ, HƏM SİYASİ MÜSTƏVİDƏ NƏ QƏDƏR BÖYÜK UĞURLARIMIZ VAR"
Vurğulayaq ki, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə Bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edildi. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Bildiyimiz kimi, Ermənistan tərəfindən Laçının işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir, - deyən Prezident vurğulayıb ki, biz 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq: "Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var".
Laçın işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Onların öz doğulduqlara göndərilməsi əsas məsələrdən biridir. Təbii ki, işğldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb. "…hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq" – deyə Azərbaycan Prezidenti qeyd edib.
Xatırladaq ki, Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur. Bütün bunlar dağıdılıb. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri ilə zəngin olan bir diyardır. Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon respublikamızın təbii sərvətlərilə zəngin guşələrindəndir. Ərazisində dünyada nadir ağac növlərindən hesab olunan qırmızı dəmirağac meşələri, çox sayda mineral su bulaqları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, cürbəcür dərman bitkiləri vardır. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. Buranın təbiəti isə xüsusilə füsünkardır. Dövlət başçısı çıxışında bildirib ki, Laçın rayonunda bizim böyük meşə sahələrimiz var - ərazinin 22 min hektarı meşə sahəsidir: "Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və eyni zamanda, işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır. Meşələr isə planetimizin ağ ciyəridir. Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır".
"TARİXİ GÜNÜN ŞAHİDİ BİZİK, AZƏRBAYCAN XALQIDIR"
Zəfər qazandıqdan sonra 10 dekabr tarixdə keçirilən Qələbə paradı Azərbaycan ordusunun gücünü, qüdrətini bütün dünyaya göstərdi. Prezident İlham Əliyev "...Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır..." Sevindirici haldır ki, bu paradda Azərbaycan xalqının dostu, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edirdi. Müharibə ərzində xalqımız hər gün qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini hiss etdi. Paradda Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən müharibəsində olduğu kimi, parad vaxtı da ölkəmizin bütün ictimai-siyasi qüvvələri bir yumruq kimi həmrəylik nümayiş etdirirdi. Bu həmrəylik xalqımızın əvəzedilməz Liderinə olan inam, etimadın və onun ətrafında sıx birliyinin göstəricisi idi.
"Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü", - deyən Prezident bildirib ki, bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi: "Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!"- deyə dövlət başçısı qeyd edib.
"XALQIMIZI TƏHLÜKƏSİZ VƏ XOŞBƏXT HƏYAT GÖZLƏYİR"
Hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Eləcə də bir əvvəl düşmən işğalından azad olunan Laçınımızda. Artıq işğaldan azad olunan ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir. Prezident İlham Əliyevin "Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında" 22 sentyabr 2022-ci il tarixində Sərəncam imzaladı. Dövlət başçımız Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən belə demişdir: "Bu, tarixi hadisədir. La¬çın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır". Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva eyni zamanda, daha bir strateji əhəmiyyətə malik olan Laçın Beynəlxalq Hava Limanının təməlini qoyublar. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Bir sözlə, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaqdır.
Azərbaycanın əzəli, tarixi torpaqları işğaldan azad olunub. "Bizim ölkəmiz üçün yeni dövr başlayır", deyən dövlət başçısı artıq ölkəmizdə yeni dövrün başlandığını bildirmişdi: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB