Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayan Laçın rayonu

Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayan Laçın rayonu

Laçının 28 ildən sonra işğaldan azad edilməsinin iki ili tamam olur. Azərbaycan dövlətinin keçdiyi inkişaf yoluna nəzər salsaq görərik ki, xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas olan Azərbaycan ulu öndərin gələcəyə hesablanmış siyasəti nəticəsində bütün çətinlikləri dəf etdi və dünya birliyinin layiqli üzvünə çevrildi. Qeyd edək ki, Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Ölkə rəhbərinin formalaşdırdığı inkişaf strategiyası dayanır. Prezident İlham Əliyevin siyasi iradəsinin, ölkənin iqtisadi sahədə qazandığı uğurların məntiqi nəticəsi olaraq bu gün paytaxt Bakı ilə yanaşı işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması, 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-ocaqlarına qayıdışlarının təmin edilməsi əsas vəzifəsilərdən biridir. 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı modeli – “ağıllı” kənd və region strategiyası daha böyük əhəmiyyət kəsb etdi. İşğalçı və terrorçu Ermənistan bir an belə olsa bu çirkin niyyətlərindən əl çəkməyib, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı misli görünməmiş vandalizm aktları törətmişdir. Tarixi, mədəni və dini abidələri talan edərək həmin ərazilərin tarixini saxtalaşdırmağa, süni şəkildə erməniləşdirməyə çalışıblar.

Məscidlərimizdə heyvan saxlayaraq, ümumilikdə İslam aləmini təhqir edib, insanların inanclarına qarşı vəhşi münasibət sərgiləyiblər.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakət ağlasığmaz dərəcədə böyükdür. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan erməni vandallarının kütləvi yanğınlar törədib, meşəlikləri, xüsusi ağac və bitki növlərini məhv edib, vəhşi heyvanları belə öldürməkdən çəkinməyiblər. Ermənilər orada törətdiyi ekoloji terror su mənbələrimizin korlanmasına, flora və fauna sisteminin ciddi məhvinə, meşələrimizin qırılmasına, regionun ekoloji tarazlığının pozulmasına gətirib çıxarıb. Qarabağ bölgəsi düşmən tapdağında olduğu müddətdə tanınmaz hala salınıb, viran edilib, xarabalığa çevrilib.

Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Bundan əlavə, Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı, ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü mövcud olub. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb. Təbii sərvətlərlə zəngin Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcud olub.

İşğaldan azad edilmiş Laçın rayonunda yol infrastrukturunun da tikintisi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Laçın rayonunda həyata keçirilən digər böyük layihə beynəlxalq hava limanının tikintisidir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. İşğaldan azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə gediş-gəlişi asanlaşdıracaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə