"Ermənistan açıq şəkildə KTMT-ni təhdid edir" - POLİTOLOQ ŞƏRH ETDİ

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın Azərbaycana qarşı ittihamları, ölkəmizi tənqid etməsi və ölkəmizi işğalçı, təcəvüzkar adlandırması KTMT üzvləri tərəfindən hər zaman ironiya ilə qarşılanıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, bu tənqidlərə də elə KTMT daxilində cavab verilib: “Lakin Ermənistanın KTMT-dən çıxmaq iddiaları, İrəvanda keçirilən sammit sonunda Nikol Paşinyanın yekun bəyanatı imzalamaqdan imtina etməsi və digər hallar KTMT-ni də ciddi düşündürür. Çünki Ermənistan bu təşkilatdan öz istədiyini almasa burda qalmaq fikrində deyil. Açıq şəkildə KTMT-ni təhdid edirlər. KTMT-dən çıxmaqla geosiyasi vektoru Qərbə doğru çevirmək istəkləri var.

Lakin KTMT-nin sərhədlərimizdə hərbi əməliyyata başlamaq proqnozunu istisna edirəm, belə bir hal mümkün deyil. Çünki Azərbaycanın KTMT üzvləri ilə çox yaxşı münasibətləri var. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı əlaqə haqqında bəyannamə hazırlandı. Belarusiya Azərbaycanın ənənəvi dostudur. Qazaxıstan və Qırğızıstan bizim türk qardaşlarımızdır və türk dövlətləri təşkilatı bizi birləşdirir. Bu baxımdan qəbul olunan qərarlarda Ermənistanın niyyətinə qarşı çıxan və bizi müdafidə edən dövlətlərin sayı çox olacaq. Bu fikirləri Tacikistan haqqında da qeyd edə bilərik. Çünki Tacikistanla da Azərbaycan arasında yüksək dostluq münasibətləri var. Ermənistan bu cür kaprizləri, istəkləri son nəticədə hər zaman Ermənistanın və Ermənistanın baş naziri Nikol Paşinyanın özünə qarşı yönəlir. Bu baxımdan KTMT-nin ölkəmizə qarşı hər hansısa radikal addım atacağı gözlənilmir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə