İki bacının bir yengəsi (?) TƏRS BAXIŞ+SARKAZM

Yaxud, İran Fransa-Ermənistan cütlüyünə necə qahmar çıxır?

Belə bir deyim var ki, düşmənimin-düşməni mənim dostumdur. Əslində, bu, bir reallıqdır və həmin reallıq son zamanlar Cənubi Qafqaz regionunda cərəyan edən hadisələr çərçivəsində özünü daha qabarıq, hətta daha açıq mənzərədə ehtiva edir. Söhbət İranın “İslam Respublikası” adı altındakı teokratik rejiminin get-gedə artan, hətta daşıb-coşan anti-Azərbaycan xarakterli ritorikalarını artıq bir siyasi mexanizm kimi işə salmasıdır.

Ümumiyyətlə, Azərbaycan xalqı torpaqlarının işğala məruz qaldığı üç onillik boyunca təcavüzkar Ermənistana havadarlıq edən mollakratların xain əməllərinə qarşı daim hiddət və qəzəblə yanaşıb. Xüsusilə, qəbirlərin dağıdılması, məscid və pirlərin donuzxanalara, mal-qara tövlələrinə çevrilməsi kimi faktlar hər bir azərbaycanlıda bu sualı yaradırdı: axı 30 il (!) işğalda qalan torpaqlarda azərbaycanlıların ev-eşiklərini çapıb-talayan, satan ermənilərlə işbirliyinə gedən sözdə müsəlman iranlılar (əslində, farslar) gözləri önündə təhqir edilən məscidlərin vəziyyətini görmürdülərmi? Niyə onlar bu faktlara qarşı cınqırlarını belə çıxarmırdılar? Hə, bunun da “səbəbləri” var idi – axı “qohum xalq” adlandırdıqları haylar onlara azərbaycanlıların evlərindən sökdükləri tikinti materiallarını, oğurladıqları əşyaları satmaqdan vaz keçərdilər..!

Zatən Senatın çıxardığı məşum qətnamə, Emmanuel Makronun Nikol Paşinyanla sarmaş-dolaş məhəbbətləri də başqa cür düşünməyə zəmin yaratmır...

Bu gün yuxarıda qeyd edildiyi kimi, Azərbaycan əleyhinə çıxış edən və özünü “Avropanın demokratiya beşiyi” adlandıran Fransa erməni faşizminə, ultramillətçiliyinə, ekstremizminə, terroruna mala vurur, ən əsası isə regionda sülhün bərqərar olmasına qarşı hər vəchlə maneələr yaradır. Zatən Senatın çıxardığı məşum qətnamə, Emmanuel Makronun Nikol Paşinyanla sarmaş-dolaş məhəbbətləri də başqa cür düşünməyə zəmin yaratmır. Necə deyərlər, əlahəzrət fakt ortadadır! Amma...

Amma daşımağa layiq olmadığı əmmaməsini başına qoyub, əbasını əyninə geyinərək Fransa-Ermənistan cütlüyü ilə eyni mövqedən çıxan fars şovinistlərinə artıq yeni ad qoymağın zamanı çatdı – Azərbaycan Prezidenti həmin tandemi hədəfə almaqla ən doğru ifadəsini bəyan etdi: Fransa və Ermənistan bacıdırlar! Biz isə həmin fikri nəinki dəstəkləməklə, həm də təkmilləşdirməklə bu iki bacının bir yengəsinin olması vacibliyini önə sürürük. Bəli, əsla yanılmadınız, Fransa-Ermənistan bacılarının bir yengəsi var, o da ki, İrandır!

Fransanın balaca və əxlaqsız bacısına daha bir yengəlik namizədi var..?

Düzdür, biz buraya daha bir mümkün yengəçilik faktorunu da əlavə edə bilərik. Məsələn, Rusiyanı. Amma haraya çevirirsənsə-çevir, iki qoçun başı bir qazanda qaynamır ki, qaynamır. Halbuki, qaynamaq ehtimalı da istisna edilmir.

Məsələn, Fransanı hələlik (!) qoyuruq bir kənara və onun balaca və əxlaqsız bacısı Ermənistanın siyasi yataqda icad etdiyi detallarını araşdırırıq. Bu günlərdə “New Eastern Europe” nəşri yazır ki, Ermənistan İrana Rusiyanı silahla təchiz etməsinə hansı üsullarla yardım göstərir. SİTAT: “Ermənistan Moskva və Tehran ilə müttəfiqlik münasibətlərini dəstəkləməklə İran silahlarının Rusiyaya çatdırılmasında mühüm rol oynayır və həmin silahlar sonradan Ukraynada davam edən hərbi əməliyyatlarda istifadə olunur. Son aylarda İranın bir neçə hərbi yük təyyarəsi Rusiyaya İrəvan üzərindən keçib və ehtimal var ki, bu vasitə ilə Ukrayna şəhərlərini atəş altında saxlamaq üçün geniş istifadə edilən “Şahed” PUA-larını çatdırıb”.

Adıçəkilən nəşr onu da yazıb ki, ABŞ bundan əvvəl Ermənistana sözügedən məsələ ilə bağlı xəbərdarlıq edərək bildirib ki, İrəvanın Rusiya və İran rejimləri ilə əməkdaşlığı təhlükəlidir. Lakin o da qeyd edilib ki, belə davam edərsə Ermənistana qarşı da hər hansı yöndə sanksiyalar qəbul oluna bilər. Bu da öz yerində...

Ancaq burada Rusiyanın da Ermənistana müəyyən dərəcədə yengəlik etmək cəhdləri zaman-zaman görünməkdədir. Yəni Ermənistan öz “yatağı” üzərindən Rusiyaya silah daşınmasını təmin edir və qarşılığında ehtirasnı doyduran hədiyyələrini alır. Misal üçün, Rusiya sülhməramlıları kontingentinin (RSK) müvəqqəti olaraq Qarabağda yerləşmiş komandanlığının Laçın yolu vasitəsi ilə Ermənistandan hərbi məqsədli yüklərin daşınmasını təmin etməsi faktının ortada olması – bu da rusların ermənilərə verdikləri hədiyyədir desək yanılmarıq.

Belə davam edərsə, elə İranın da yengəlik funksiyaları böyük sual altında qalacaq...

Fəqət, qayıdaq əsas yengəyə - İrana. Başıəmmaməlilərin başları ermənilərlə fransızlara yengəlik etməyə o qədər qarışıb ki, artıq 70-80 günə yaxındır ölkələri daxilində baş verənləri də unudurlar. Halbuki baş qaldıran qiyamlar, üsyanlar artıq qarşısıalınmaz mübarizə tendensiyasına keçid alıb. Məhz bu mənada da deyə bilərik ki, belə davam edərsə elə İranın da yengəlik funksiyaları böyük sual altında qalacaq. Çünki bu cür yengəliklər bütövlükdə teokratik rejimin nəfəsini kökündən kəsmək dərəcəsinə qədər gəlib-çatıb. Milyonlarla Cənubi Azərbaycan soydaşlarımız həmin yengəliyin davamına imkan verməyəcəklər. Milli hökumətimiz də qurulacaq, müstəqillik də qazanılacaq. Bax onda yengəlik faktorunun bir üstündən və bir də altından ağır daş qoyulacaq. Nəticədə iki əxlaqsız bacılar – Fransa və Ermənistan ər evindən başıqırxılmış üzüqara gəlinlər kimi geri qayıdacaqlar. Onda da çox gec olacaq. Hələ yuxarıda qeyd etdiyimiz digər yengəlik statusuna malik olmağa cəhd edən Rusiya da onların üzlərinə belə baxmayacaq. Axı gerçək yengəliyin də öz qayda-qanunları var...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə