Genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir - ŞƏRH

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyət yeni iqtisadi imkanların yaradılmasında böyük paya sahibdir. Bu istiqamətdəki Orta Dəhliz layihəsi də bunun bir nümunəsidir. Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır. Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün deyil. Qeyd etməliyik ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir. Bu məsələ layihənin uğurla icra olunmasının təminatçısıdır.

Azərbaycanın açıq dənizə, okeanlara çıxışı yoxdur. Buna görə istər enerji layihələrimizin, istərsə də nəqliyyat layihələrimizin reallaşdırılması üçün çox gərgin işlər aparılmalıdır. Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. İki qitənin ortasında yerləşirik. Bu vəziyyət bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. İndi dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə ölkəmizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək.

Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır. Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi Azərbaycan qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikir. Nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Buna zərurət var. Çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur. Bu səbəbdən Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var.
Azərbaycanda hava limanları layihələrinin tamamlanması prosesi gedir. Laçın hava limanı da onlardan biridir. İşğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq. Bununla da Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçün nəzərdə tutulumuşdur. Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün yeni tankerlər, bərələr və yük gəmiləri lazımdır. Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması ölkəmizin mövcud istiqamətdəki potensialını artırır. Artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bu gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır. Hətta Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb. Türkmən qazı ilə bağlı svop əməliyyatları başlanıb.

İki ildən az müddət bundan əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri tamamlanıb. Lakin artıq bu gün biz həcmin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı müşahidə edirik. Bunun üçün bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq. Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi gözlənilir. Bunun üçün türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq.

İndi Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcəkdir. Cari ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalanıb. Bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var. Enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Səmərəlilik siyasəti nəticəsində əlavə qaz tutumlarına qənaət etməyə imkan yaranır. Bərpaolunan enerji mənbələri ilə bağlı reallaşdırılan layihələr ölkəmizin mövcud istiqamətdəki potensialını artırır.

Bu gün təhlükəsizlik məsələləri bəlkə də hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz. Azərbaycan - Pakistan münasibətləri dostluq və qardaşlıq müstəvisində inkişaf edir. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. İsraildə səfirlik və Fələstində təmsilçilik ofisi açmaq qərarı ölkəmizin milli maraqlarına əsaslanır. Həmin qərar sülh işinin təmin edilməsinə xidmət edəcək. Bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir.

Regionda yeni inkişafın təmin edilməsində qonşu dövlətlərin pozucu siyasəti yolverilməzdir. İran və ya Ermənistan regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməz. Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq çıxılmaz vəziyyətdə mövcudluğunu qorumağa çalışan ölkədir. Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. İran isə özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur və Ermənistan asılı ölkədir.

Rəqəmsal inkişaf, nəqliyyat ümumi inkişafın və təhlükəsizliyin ən mühüm elementləridir. Azərbaycan mövcud istiqamətdə qabaqcıl təcrübəyə və texnologiyalara üstünlük verəcəkdir. Biz kibertəhlükəsizliklə diqqət yetirməliyik. Çünki getdikcə daha çox ölkə, hətta bizdən çox müasir texnologiyalara malik ölkələr kiber hücumlara qarşı həssas mövqe nümayiş etdirir. Azad edilmiş ərazilərdə şəhər və kəndlər smart texnologiya platformasına əsaslanaraq tikilir. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun nümayişi olmamalıdır. Həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik.

Azərbaycanın Ərəb Liqası Sammitində iştirakı dostluq və hörmət nümunəsidir. Ərəb Liqası nümayəndəliyinin Bakıda açılması ehtimalı da mövcuddur. Nümayəndəliyin açılması əməkdaşlığımızın mahiyyətini əks etdirəcək. İşğal dövründə və işğaldan azad edilmə zamanı Ərəb Liqasının üzvü olan ölkələr bizi dəstəkləyən, Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələr qəbul etmişlər. Azərbaycan, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi üzərində fəal surətdə çalışır. Pandemiya vaxtı biz 80-dən çox ölkəyə, o cümlədən Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə maliyyə yardımı və humanitar dəstək göstərmişik.

Azərbaycan və Türkiyə qardaş və dost ölkələrdir. Ötən il Şuşada Müttəfiqlik Bəyannaməsi imzalanmışdır. Əməkdaşlığımız bütün sahələrdə yalnız güclənəcək və bu, regional sabitliyin mühüm meyarıdır. Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib. Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlər olub. Müdafiə infrastrukturuna sərmayələr, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz qabağındadır. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordumuz isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Bu qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir. Hamı tərəfindən tanınır və bizim daxili işimizdir. Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı bəyannaməsinə istinad edilir. Bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz. Praqa görüşünün nəticəsi bizim üçün uğurlu idi. Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı. Avropa İttifaqı formatına qayıtmaq vacib idi. Çünki biz Brüsseldəki bu qarşılıqlı əlaqələr sayəsində iki yola ayrılmağa razılaşdıq. Biri Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, ikinci yol isə bizim Qarabağdakı erməni azlığın nümayəndələri ilə iki məsələnin həlli ilə bağlı danışıqlarımız - onların hüquqları və təhlükəsizliyidir. Dekabrın 7-də Brüsseldə nəzərdə tutulmuş görüş keçirilməyəcək. Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək.

Praqa görüşü oktyabrın 6-da idi, cəmi bir həftədən az müddət sonra Prezident Makron öz müsahibəsində Azərbaycana hücum edərək, etmədiyimiz işlərdə bizi günahlandırdı. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammitində bizə qarşı hücum cəhdi oldu. Bu, qətiyyən qəbuledilməzdir. Çünki Frankofoniya humanitar təsisatdır. Heç vaxt belə məsələlərlə məşğul olmayıb. Belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Azərbaycan diplomatiyasının uğuru bir daha vurğulamalıyıq. İstər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir.

Ermənistanın İranla dəmir yolu əlaqəsi qurmağının yeganə yolu Azərbaycandan keçir. Çünki Ermənistan-İran sərhədinin coğrafiyası və tunellərin tikilməsi zərurəti bu dəmir yolunun dəyərini minimum 3-5 milyard dollar edəcək. Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Çünki separatçı Abxaziyadan keçən ənənəvi marşrut bağlanıb, Gürcüstan hökuməti onu açmaq istəmir. Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq. Hamı məmnun olmalıdır ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurma sona çatıb. Çünki bir çox məsələlərin həll edilməsi, yeni iqtisadi imkanların açılmasında mühüm rola malikdir.

İndi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. İran rəsmiləri, o cümlədən çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. İranda yaşayan azərbaycanlılar bizim millətin bir parçasıdır. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik. Hər bir azərbaycanlının öz doğma dilində təhsil almaq hüququ vardır. Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır.

İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Dövlətimizin mövqeyi açıq şəkildə bəllidir. Azərbaycan bütün qonşularla sülh və dostluq münasibətlərinin qurulmasını istəyir. Azərbaycan həmişə öz ləyaqətini, müstəqilliyini, həyat tərzini müdafiə edəcək. Heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcək.

Mənzər Ağabəyova
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə