Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz - ŞƏRH

28 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutan “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfrans bir çox vacib anlarla yadda qalan oldu. İştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri olan beynəlxalq konfransda Prezident İlham Əliyevin verilən hər bir suala dolğun, hərtərəfli və dəqiq cavablar verməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Konfransda bununla yanaşı, Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olundu. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Konfransa bir çox fərqli aspektdən yanaşmaq mümkündür amma indi xüsusilə üstündə durmaq istədiyimiz məsələ Azərbaycan-Ermənistan münasibətləri fonunda sülh müqaviləsinin imzalanması ilə bağlı qarşıda duran əngəllər və bilavasitə Ermənistanın qeyri-konstrüktiv mövqeyi ilə bağlıdır. Məlumdur ki, post-münaqişə dövründə fərqli müstəvilərdə Azərbaycan və Ermənistan liderlərinin bir neçə görüşləri keçirilmiş və görüşlərin yekunlarında Bəyanatlar qəbul olunmuşdur. Bu Bəyanatların hər biri ölkəmizin maraqlarına uyğun, beynəlxalq hüquq və ədalətə cavab verən müddəaları özündə ehtiva edən yekun sənədlər idi. Bəyanatların heç birində artıq ölü qurum olan ATƏT-in Minsk qrupuna və ya tərəfimizdən qəbuledilməzliyi açıq şəkildə bildirilən status məsələlərinə istinad yox idi. Digər bir tərəfdən Azərbaycan və Ermənistan liderlərinin Fransa Respublikasının Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən 06 oktyabr tarixli sonuncu görüşündə tərəflər sülh yolunda vacib addım hesab olunan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq etmişdilər. Yəni, bununla hesab etmək olar ki, Ermənistan Azərbaycanın beynəlxalq hüquqla tanınmış, ayrılmaz parçası olan Qarabağ bölgəsinə olan çirkin iddialarından əl çəkmiş olur. Ancaq ötən müddət göstərdi ki, bu heç də belə deyil. Nə Fransa ənənəvi erməni təəssübkeşliyindən, nə də Ermənistan hər kəsə yaxşı məlum olan mənfur xislətindən əl çəkməyib. Ermənistanın bu mövqeyi hələ işğal dövründən bizə yaxşı məlum idi. Bəli, biz ümid edə bilərdik ki, bəlkə 44 günlük müharibə və ya “Fərrux”, “Qisas” əməliyyatları onlara dərs olub və onlar nəhayət şəxsi ambisiyaları və ya hansısa havadarlarının sifarişlərini yerinə yetirmək yerinə nəhayət öz xalqının və bölgənin gələcəyini düşünərək düzgün addımlar atmağı bacaracaqlar. Ancaq göründüyü kimi Ermənistanın dəyişməyə niyyəti yoxdur.

Belə olan halda sülh müqaviləsinə şübhə yaranır ki, bundan kimin zərərli çıxacağını təxmin etmək çətin deyil.
Fransa isə müharibə və post-müharibə dövründəki mövqeyi ilə etibarlı vasitəçi profilindən artıq çoxdan uzaqlaşıb. Sözügedən ölkənin hazırkı Prezidenti Emmanuel Makrona qədər olan dövrdə də erməni lobbisinin Fransadakı güclü mövcudluğu hər kəsə məlum idi. Ancaq heç bir dövlət rəhbəri E.Makron qədər vasitəçilik xəttindən uzaq, belə demək mümkündürsə tərəfkeş bir mövqe sərgiləməmişdi. Yuxarıda qeyd edilən 6 oktyabr görüşündən çox qısa bir müddət sonra Fransa Prezidentinin yerli kütləvi informasiya vasitələrindən birinə verdiyi müsahibədə ölkəmizlə bağlı səsləndirdiyi sərsəm və böhtan xarakterli fikirlər onun vasitəçilik iddialarına tamamilə son qoydu. Onu da unutmaq olmaz ki, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul etmişdilər. Baxmayaraq ki, hətta Ermənistan özü bu uydurma qurumu tanımayıb.

Bununla yanaşı, qısa müddət öncə Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə qəbul edildi ki, bütün bunlar vasitəçilik missiyası daşıyan ya da bu iddiada olan dövlətə xas addımlar deyil. Yazıda qeyd edilməyən daha bir çox nüansların da olduğunu vurğulamaq istərdim. Azərbaycan Prezidenti bu fikirlərə olduqca qəti və sərt şəkildə cavab verərək Fransanın artıq Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməyəcəyini bildirdi. Üstəlik, Azərbaycan Prezidenti bu fikiri daxili auditoriyada deyil, Ermənistan baş nazirinin də iştirak etdiyi Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında səsləndirmişdi. Buna baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyan noyabr ayında keçirilməsi nəzərdə tutulan Azərbaycan-Ermənistan liderlərinin görüşündə Fransa Prezidentinin iştirakını şərt olaraq səsləndirib.

Maraqlıdır, buna səbəb nədir. Axı Fransanın iki ölkənin münasibətlərinin normallaşmasında hansı müsbət fəaliyyəti ola bilər? İndiyə qədər atdığı heç bir addımla sülhə xidmət etməyən Fransa Prezidentindən bundan sonra nəsə gözləməyə dəyərmi? Sualın cavabı olduqca bəsitdir: Yox... Axı Ermənistanın da məqsədi bu deyil. Onlar sülh prosesini ləngitmək üçün yollar axtarırılar. Məqsədi sülh olan dövlət, hələ də Qarabağın statusu kimi cəfəngiyyatları səsləndirməz, hər bir bölgə dövlətinə xeyir gətirəcək Zəngəzur dəhlizinə mane olmağa çalışmaz, Azərbaycanın açıq bir platformada Fransa ilə bağlı fikrini səsləndirməsinə baxmayaraq belə bir şərt irəli sürməz. Demək ki, Ermənistan işğal dövründə apardığı köhnə siyasətini təkrarlamaq niyyətinə düşüb.

Danışıqlar görüntü – imitasiya xatirinə aparılaraq vaxt qazanmaq və bu vaxtdan bəlli məqsədlər üçün istifadə etmək. Ancaq Ermənistan unutmamalıdır ki, vaxt onun xeyrinə işləmir və işləməyəcək. 44 günlük Vətən müharibəsində Ermənistanın 30 il gücləndiyi, qurduğu sədlərlə qürrələndiyi, keçilməz adlandırdığı torpaqları qəhrəman Azərbaycan əsgəri bir göz qırpımında keçdi. Beləliklə, Ermənistanın vaxt qazanmaq taktikası birbaşa özünün-özünə vurduğu zərbədən başqa bir şey deyil. Əgər, Azərbaycan ikinci dəfə ərazi bütövlüyünə ən kiçik təhdid hiss edərsə bu dəfə bunun nəticələri Ermənistan üçün çox daha ağır olacaq. Nə sərhədimizdə təlim keçirərək Azərbaycana gözdağı verməyə çalışan İran, nə bacı adlandırılan Fransa, nə də başqa hansısa dövlət Ermənistana kömək ola bilməyəcək. Buna görə də Ermənistan nəhayət xəstə təfəkkürünü, zəhərlənmiş ideologiyasını bir kənara qoymalı və reallıqlarla barışmalıdır. Onun üçün ikinci səhvin cəzası çox daha böyük olacaqdır..

Xəyalə Cavanşirli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə