"Azərbaycandan daha çox yüklərin daşınmasına ehtiyac var" - DEPUTAT ŞƏRH ETDİ

"Prezident İlham Əliyevin 25 noyabr tarixində ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı dünya mediasının, o cümlədən ərəb mediasının diqqət mərkəzində oldu. Qeyd etmək lazımdır ki, Azərbaycanın coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əhmədova bildirib.

Onun sözlərinə görə, ölkəmiz uzun illərdir ki, infrastrukturun inkişafına sərmayə yatırır: “Dəmir yollarımız, yol infrastrukturumuz deməyə əsas verir ki, Azərbaycanda bu sahədə hər şey hazırdır. Beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə isə biz, Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq.

Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinin iştirakçısıdır və ölkəmizdə bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi Azərbaycan qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikir.

Nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımızın həcmini 15 milyon tondan 25 milyon tona qədər genişləndirəcəyik. Buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına ehtiyac var. Hazırda Azərbaycanda hava limanları layihələrinin tamamlanması prosesi gedir. Laçın hava limanı hazır olandan sonra, o, işğaldan azad edilmiş ərazilərimizdə üçüncü hava limanı olacaq. Bununla da Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan Orta Dəhliz kimi iri miqyaslı layihəni icra etmək əzmindədir və buna nail olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə