GÜCLÜ İQTİSADİYYAT, GÜCLÜ DÖVLƏT, GÜCLÜ LİDER TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycanda mövcud olan sabitlik iqtisadi inkişafımızın əsas amillərindəndir”

“Azərbaycanda uzun illərdir sabitlik mövcuddur və bu, iqtisadi inkişafımızın əsas amillərindəndir". Bu fikri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransında çıxışında deyib. Dövlət başçısı bildirib ki, güclü iqtisadiyyat, siyasi-iqtisadi sabitlik, hökumətimizin yürütdüyü proqnozlaşdırılan siyasət – bütün bu amillər və çoxsaylı dövlətlərlə sıx münasibətlərin qurulması bugunkü reallığın yaradılmasına kömək edib. Dövlət başçısı onu da bildirib ki, məhz güclü iqtisadiyyat nəticəsində işğaldan azad olunmuş Qarabağımız yenidən qurulur. “Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq”,- deyən Prezident İlham Əliyev bildirib ki, artıq Ağalı kəndinin sakinləri döğma kəndlərində məskunlaşıblar: “Bu, yalnız Qarabağın işğalı dövründə əziyyət çəkmiş keçmiş köçkünlər qarşısında bizim mənəvi borcumuzun təzahürü deyil. Biz Qarabağın və Zəngəzurun bərpasını bütün ölkənin yenidən qurulmasının modeli hesab edirik”.

İQTİSADİYYATI GÜCLÜ OLAN DÖVLƏT HƏR ŞEYƏ QADİRDİR

Hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dünyada cərəyan edən qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi əhəmiyyəti mövcuddur. Liderlik amili elə bir şəxsiyyətlərə aid olunur ki, onlar xalqın və dövlətin maraqlarını müdafiə etməklə yanaşı, həm də inkişaf etdirir. Məhz bu kimi önəmli faktorun təhlilini apararkən, Azərbaycanın bu siyahıda birinci olması şəksizdir. Çünki Azərbaycanın inkişaf və tərəqqi, eləcə də, xalqın rifahı faktorunda Azərbaycan Prezidenti İlham Əliyev Liderliyi amili mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik". “Əsl siyasət konkret, real iş görməkdir” – deyən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində hazırda, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm addımlar atılmaqdadır. “Bizim məqsədimiz iqtisadi cəhətdən güclü, siyasi cəhətdən müstəqil dövlət qurmaqdır” – ölkə başçısının bu sözləri aparılan siyasətin ana xəttidir. Və bu gün Azərbaycan öz gücü, iqtisadi qüdrəti ilə 44 günlük Vətən müharibəsində nəyə qadir olduğunu göstərdi. Mühribədə əldə olunan qələbə ölkədə və regionda yeni reallıqlar və vəzifələr yaradıb. Bu vəzifələri layiqincə yerinə yetirmək üçün iqtisadiyyatımız daha da inkişaf etdirilməlidir.

2022-Cİ İL MÜSTƏQİLLİK TARİXİNİN ƏN BÖYÜK ZƏFƏR BÜDCƏSİ

Bəli, bütün bunlar əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır Məhz 44 günlük Vətən müharibəsinin qalib dövlətinin 2022-ci il 30 il əvvəl müstəqilliyini bərpa etmiş bir ölkənin müstəqillik tarixinin ən böyük zəfəl büdcəsidir. Əgər Vətən müharibəsi Azərbaycanın hərbi gücünün təntənəsi oldusa, gələn ilin büdcəsi isə ölkəmizin iqtisadi qüdrətini təcəssüm etdirən reallıqdır. Çünki Azərbaycan son 19 ildə dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. 2003-cü ildən bu yana iqtisadiyyatın üç dəfədən çox artması, ölkə iqtisadiyyatına 300 milyard dollara yaxın investisiya yatırılması bunu təsdiq edən ən vacib faktlardır. Tarixi qələbəmizin təminatçısı olan Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, bərpa edilmiş dövlət sərhədinin etibarlı qorunması üzrə tədbirlərin maliyyələşdirilməsi növbəti ilin büdcəsinin prioritet xərclərinin vacib istiqamətləri kimi qalacaq. Belə ki, 2022-ci il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik istiqamətləri üzrə 4 milyard 489 milyon 892 min 429 manat vəsait ayrıldı. 2022-ci ildə müdafiə qüvvələri istiqamətləri üzrə 2 milyard 153 milyon 165 min 727 manat, milli təhlükəsizlik istiqamətləri üzrə 285 milyon 501 min 146 manat, sərhəd xidməti istiqamətləri üzrə 441 milyon 585 min 091 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar istiqamətləri üzrə 4 milyon 119 min 118 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər istiqamətləri üzrə 1 milyard 605 milyon 521 min 347 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə 1 milyard 600 milyon 442 min 500 manat vəsaitin ayrılıb.

"GÜCLÜ İQTİSADİYYAT BUNDAN SONRA DA LAZIM OLACAQ"

“Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq". Bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev noyabrın 21-də YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib."Əlbəttə ki, bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir. O cümlədən dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Əminəm ki, bu gün aparılan iqtisadi islahatlar - strateji xətt üzrə aparılan bu islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. Çünki bu, əsasdır. O ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər. Biz isə hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin. Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə bir imkan olmasın. Ona görə iqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə istədiyimizə nail olacağıq", - dövlət başçısı bildirib.

Bəli, bütün bunlar əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Və yuxarıda deyilənlərdən hasil olan nəticə ondan ibarətdir ki, iqtisadi müstəqilliyin təmin edilməsi Azərbaycanın tarixi nailiyyətidir. Bu gün heç bir xarici dövlət, heç bir beynəlxalq təşkilat ölkəmizlə diktat dili ilə danışmır və danışa da bilməz. Dövlət başçımızın söylədiyi kimi: «Əsl siyasət konkret, real iş görməkdir». Məhz son illər ərzində görülən işlər, açılan istehsal müəssisələri bir daha onu göstərir ki, Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla dayanıqlı inkişafı təmin edir, ən əsası dünyaya yeni iqtisadi modeli nümayiş etdirir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə