Azərbaycanla İsrail münasibətləri hər zaman inkişafa meyilli olub - DEPUTAT DANIŞDI
“Azərbaycan-İsrail münasibətləri Azərbaycanın xarici prinsiplərinə tam uyğun şəkildə inkişaf edir. Yəni bizim xarici siyasətimizin prioritetləri və prinsipləri ondan ibarətdir ki, dünya dövlətləri ilə konstruktiv münasibətlər və əməkdaşlıq sistemi quraq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, bu mənada Azərbaycan-İsrail münasibətləri də təbii ki, Azərbaycanın etibarlı tərəfdaşlığı və ölkəmizin hərtərəfli potensialı fonunda inkişafda olan münasibətlərdir:
“Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlıq etdiyi dövlətlərdən biri də İsraildir. Azərbaycanın bütövlüyünü hər zaman dəstəkləyən ölkələrdən biri də İsraildir. Nəzərə almaq lazımdır ki, Azərbaycanla İsraili həm də vaxtilə Azərbaycanda yaşamış, hazırda İsraildə məskunlaşmış çoxsaylı Azərbaycan yəhudiləri amili birləşdirir. Yəni Azərbaycanın İsraildə səfirliyi yeni açılır, amma hesab edirəm ki, əlli mindən artıq vaxtilə Azərbaycanda yaşamış yəhudilər Azərbaycanın İsraildə çox uğurla lobbiçiliyini həyata keçirirdilər.
Azərbaycanla İsrail arasında ən müxtəlif istiqamətlərdə səmərəli əməkdaşlıq qurmaq mümkün olub. Xüsusilə kənd təssərrüfatı, energetika və son illərdə hərbi-texniki sahədə tərəflər arasında əməkdaşlıq kifayət qədər inkişaf edib.
Bundan əlavə Azərbaycan həm də Cənubi Qafqaz regionunun həm siyasi, həm də iqtisadi lokomotivi olmaqla onunla əməkdaşlıq etmək istəyənlər üçün kifayət qədər cəlbedici bir dövlətdir. Bu mənada digər dünya dövlətləri kimi İsrail də Azərbaycanla əməkdaşlığa hər zaman üstünlük verir. Yeni əməkdaşlıq istiqamətlərinin tapılmasında maraqlı olduğunu göstərib. Qeyd olunanlar əsasında vurğulamaq istəyirəm ki, bəli Azərbaycanla İsrail münasibətləri hər zaman inkişafa meyilli olub. Hər iki tərəf də əməkdaşlığın həmişə şaxələndirilməsi və inkişaf etməsi iradəsi və arzusunda olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə