KTMT-dən çıxmaq Ermənistanın əsas hədəfidir - POLİTOLOQ ŞƏRH ETDİ

“İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının növbəti görüşü baş tutdu. Burada Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə də görüş keçirildi. Xüsusilə vurğulamaq lazımdır ki, son dövrlər Ermənistanın KTMT-dən çıxmaq niyyəti aydın şəkildə özünü büruzə verir. KTMT-ə qarşı ictimai rəy də formalaşıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, eləcə də keçirilmiş toplantı sonunda əldə olunmuş razılığın Nikol Paşinyan tərəfindən imzalanmaması onu deməyə əsas verir ki, Ermənistan bu qurumda təmsil olunmaq istəmir: “Açıq-aşkar şəkildə Azərbaycana qarşı təhdidlər yağdırır və Azərbaycan tərəfini ittiham edir. Sanki biz Ermənistan tərəfinin ərazisinə daxil olmuşuq. Lakin nəzərə almaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında sərhədlər delimitasiya olunmayıb və mövcud olmayan sərhəd zolağının pozulması haqqında iddialar irəli sürmək də absurddur. Buna görə də Ermənistan KTMT-nin nüfuzundan öz mənafeyi naminə istifadə etməyə çalışır. Buna görə də bütün fəaliyyətini formalaşdırır. Təbii ki, İrəvanda KTMT iclası keçirilən zaman qurum əleyhinə nümayişlər və şüarların səslənməsi də təsadüfi deyil. Çünki bu mümayişlər də hazırki siyasi iqtidar tərəfindən idarə olunur. Bu çıxışlar hakimiyyət tərəfindən dəstəklənir. KTMT-dən çıxmaq Ermənistanın əsas hədəfidir.

Növbəti mərhələdə Avrasiya İtqisadi Birliyindən çıxmaq və 102-ci hərbi bazanın Ermənistanda mövcudluğuna son qoymaq İrəvanın əsas siyasi xətti kimi görünür. Rusiyadan maksimum dərəcədə uzaqlaşmaq niyyəti ifadə olunur.

Paşinyanla Putin arasında təkbətək keçirilən görüşdə də bu abu-hava hiss olunurdu. Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin qalxması və müsbət dinamika ilə bağlı fikirlərin Paşinyan tərəfindən bildirilməsi fonunda biz görürük ki, siyasi münasibətlər kifayət qədər gərgindir. Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan get-gedə Rusiyadan uzaqlaşmaq məqsədini güdür və bu istiqamətdə də öz xarici siyasətini həyata keçirir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə