Qarabağa və Şərqi Zəngəzura yeni həyat gəlib TƏHLİL

Qarabağa və Şərqi Zəngəzura yeni həyat gəlib TƏHLİL

Prezident İlham Əliyev: "Quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq"

Son illər ərzində dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilmiş iqtisadi və hərbi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü siyasət, dövlət və ordu quruculuğu və 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etmiş oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər çalan Azərbaycan bu gün 30 ilə yaxın işğal altında qalmış ərazilərimizdə də abadlıq-quruculuq işlərinə başlayıb, infrastruktur layihələr uğurla icra olunur. Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü münasibəti ilə keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev bildirdiyi kimi, "İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq".

QARABAĞ BÖYÜK DİRÇƏLİŞ YOLUNDA: AZƏRBAYCANIN İQTİSADİ GÜCÜ, DİNAMİK İNKİŞAFI

Şəhər və kəndlərimizə yeni bir həyat gəlib. Tarixi mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Artıq Füzuli, Zəngilan Beynəlxalq Hava Limanlarının açılışı da olub. Bu o deməkdir ki, Azərbaycan qısa bir zamanda keçmiş köçkünlərini öz əzəli torpaqlarında rahat şəraitlə təmin ediləcəkdir. Əlbəttə ki, işğaldan azad olunan ərazilərimiz mənfur düşmən tərəfindən dağıdılsa da, Azərbaycanın iqtisadi gücü, dinamik inkişaf bu yerlərin tezliklə dirçəldilməsində əsas amildir.
Dünya qapılarının bir-birinin üzünə açıq olduğu zamanda ölkəmizə gələn turistlərdə ölkəmizin füsünkarlığı, təbiəti, onun mədəniyyəti, iqlimi heyrət hiss oyatmışdır. Dünya standartlarına cavab verən beşulduzlu otel və istirahət mərkəzləri, magistral yollar, dəmir yolları ölkəmizin simasını başdan-başa dəyişib. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, bu istiqamətdə işlərinin həcmi ilbəil artır. Əlbəttə ki, bu gün fərəhləndirici haldır ki, ölkəmizin turizm bölgələrindən söz açarkən, zəngin təbiətli Qarabağımızın hər daşı, hər abidəsi göz önündə canlanır. Belə gözəlliyə malik Azərbaycanın turizm məkanlarının coğrafiyası yaxın zamanlarda daha da genişlənəcək. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq".
Bəşər mədəniyyətinə qarşı vəhşilik törədən ermənilər bu ərazilərimizi talan etmiş, abidələrimizi darmadağın edərək viran qoymuşdular. Bütün məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. Şuşa şəhərində inşa edilmiş Gövhər ağa məscidi erməni terrorunun qurbanına çevrilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilib. Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi və s. Şuşanı işğal etmiş erməni vandalları tərəfindən dağıdılıb. Heç şübhəsiz ki, bu məkanların hər biri turistlərin marağına səbəb ola biləcək tarixi yerlərdir.

"QILINC KƏSMƏYƏNİ ÇÖRƏK KƏSƏR"

Bu yerdə Ağdam Çörək muzeyini xüsusi olaraq qeyd etməliyik. Azərbaycanın Ağdam şəhərində yaradılan Çörək muzeyi 25 noyabr 1983-cü ildə ilk ziyarətçilərini qəbul etmişdi. Muzeydə 2800-ə yaxın eksponat vardı. Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü. İlk atılan mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. Digər mərmi isə 1992-ci ilin avqust ayının 12-də Əsgəran rayonunun Xanabad və Naxçıvanik kəndi istiqamətindən atılan zaman muzeyə düşərək, muzeyi tamamilə məhv etmişdir. Nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv olmuşdur. Burada gündə 8-10 ton buğda üyütmək gücü olan mexaniki dəyirman yerləşirdi və 1930-cu illərində istifadə edilən "Triyer" taxıl təmizləyici qurğusu sərgilənirdi. Muzeydə əmək alətləri – xış, vəl, çin, oraq, II əsrə aid əl dəyirmanı (kirkirə), "çarçar" adlı taxıldöyən yer almışdı. Mənbələrdə qeyd olunur ki, muzeyin 2800-ə yaxın eksponatı arasında Ağdam ərazisindəki "Çalağan təpədə" arxeoloji qazıntılar zamanı aşkar edilmiş və yaşı 3000 ildən artıq olan daşlaşmış buğda da olub. Undan hazırlanan məhsullar, o cümlədən, Gəncə, Naxçıvan, Qarabağ, Gürcüstan, Ermənistan, Dağıstan, Səmərqənddə bişirilən çörək növləri muzeyə gələn ziyarətçilərdə böyük maraq yaradırdı. Maraq doğuran məqamlardan bir də muzeyin divarlarında əks olunmuş atalar sözləri olub. "Çörək baha olanda ölüm ucuz olar", "Qılınc kəsməyəni çörək kəsər" atalar sözləri də çörəyin müqəddəsliyini, gücünü, qüdrətini bir daha ziyarətçilərə xatırladır. Müqəddəs olan kəlamlar bu muzeyin dəyərini daha da artırmışdı. Onu da vurğulamaq yerinə düşər ki, 1980-cı illərdə Ağdamda keçirilən "Natəvan" qızlar bayramı, "Xarı Bülbül" beynəlxalq festivalı məhz muzeyə baxışla başlanarmış.Hər daşı bir tarix olan Ağdam şəhəri öz keçmiş imicini yenidən özünə qaytaracaq və Azərbaycanın turizm bölgəsi kimi Ağdamın da bu sırada öz yeri və payı olacaqdır.

DÜŞÜNÜLMÜŞ SİYASƏT, MÖHKƏM SİYASİ İRADƏ

Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal siyasətinin tərkib hissəsi kimi, ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb. Dövlət başçımızın 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də həmin ərazilərin yenidən qurulması, abidələrimizin bərpa və təmiri öz əksini tapıb. Bu məsələnin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri kimi müəyyən edilməsi Azərbaycan dövlətinin bu işə nə dərəcədə böyük önəm verdiyinin bariz nümunəsidir. Öz təbii sərvətləri ilə seçilən torpaqlarımız səfalı və müalicəvi əhəmiyyətə malik olmaları baxımından da diqqət çəkir. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdi. Zəngilan isə meşə ehtiyatı ilə zəngindir. Bütün Avropada ən böyük çinar meşəsi bu rayonda olub. Ermənilər həmin çinarları doğrayaraq, xarici ölkələrə satıblar. Hər bir torpağımızda zəngin turizm məkanları mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır… Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək".
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Cənab Prezidentin bildirdiyi kimi, "Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur". Bu məkanların infrastrukturu yenidən qurulur, müasirləşir, yeni yollar çəkilir ki, bütün bunlar Qarabağın tezliklə turistləri seçdiyi ən gözəl məkanlardan olacağına əminlik yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət ölkəmizi regionun davamlı inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətinə çevirib. Ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə