Yeni Azərbaycan Partiyası xalq-iqtidar birliyinin əsasını qoydu - ŞƏRH
XX əsrin 90-cı illərində müstəqilliyimizin qorunması prosesində Yeni Azərbaycan Partiyası müstəsna rol oynadı. Dövrün təlatümlü axarında xalqı inamlı addımlarla müstəqilliyə, azadlığa, güclü dövlət idealına qovuşdurmaq Yeni Azərbaycan Partiyasının əsas qayəsinə çevrildi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiya bugündə öz hədəfi üçün əmin addımlarla irəliləyir. Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir.
Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Müstəqilliyin ilk ilində demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi.
1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi həm mənəvi cəhətdən, eyni zamanda, hərbi-strateji nöqteyi-nəzərdən böyük faciə idi. O vaxt “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi ilə Ermənistan arasında coğrafi bağlantı təmin edildi. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü və beləliklə, ərazimizin böyük hissəsi nəzarətimizdən çıxmışdı. Ulu Öndər Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o, həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, xalqla birlikdə idi.
Ümummilli lider Heydər Əliyevin fəaliyyəti müstəqillikdən sonrakı dövrlə bitmirdi. Bütün ömrünü Azərbaycan xalqının rifahı üçün fəda edən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir. Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı. Xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər. Xalqın problemlərinin aşkara çıxarılaraq həlli yolunun tapılması istiqamətində böyük sevgi və əzmlə fəaliyyətini davam etdirirdi. Xalqımızın 1980-ci illərdə üzləşdiyi faciə bir daha göstərirdi ki, xalqımız yalnız Heydər Əliyevi rəhbər vəzifədə görmək istəyir. Çünki onun çalışdığı dövrdə - nə 1969-1982-ci illərdə Azərbaycanda birinci şəxs kimi çalışdığı dövrdə, nə 1982-1987-ci illərdə Moskvada Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə bir dəfə də olsun Qarabağda separatist qüvvələr baş qaldıra bilmədilər.
Ulu Öndər Heydər Əliyev bütün vəzifələrdən istefa verəndən iki həftə keçməmiş erməni separatçıları artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Ulu Öndər pensiyada olanda da, xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi. 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır.Unudulmaz tarix xalqımızın tariximizdəki dönüm nöqtələrindən biri olanxalqın tələbi ilə Heydər ƏliyevinBakıya dəvət edilməsi verilmiş ən doğru qərar idi. Parlamentin sədri seçildikdən 11 ay sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi.Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma Konstitusiya yox idi. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Beynəlxalq təcrid, o cümlədən informasiya blokadası aradan qaldırıldı. Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir.
Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Ordu quruculuğu sahəsində atılan addımlar imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaratdıq. Uzunmüddətli strateji inkişaf modeli tətbiq edildi. Bütün planları həyata keçirmək üçün güclü maliyyə imkanları olmalı idi. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı.
Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək. Tarixi dövrə nəzər salsaq, 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar.
Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir.
2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Aparılan uğurlu iqtisadi-maliyyə siyasətinin nəticəsində xarici dövlət borcu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu amil həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik.
Ölkənin valyuta ehtiyatları xarici borcdan 8 dəfə çoxdur.
Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdiririk. Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaradılıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır.
Xalq-iqtidar bir yumruq kimi birləşdi. Cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq böyük bir dəyərə çevrildi. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutaraq Azərbaycanlı olduğu üçün fəxr edir. Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək. Beləcə bütün dünyaya bir daha göstərək ki, biz böyük və əzəmətli xalqıq.
Mənzər Ağabəyova
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB